Gizli laborotoriya. Энид Блайтон
tikili qüllədən çox dəniz mayakına2 oxşayırdı. Qüllənin lap təpəsindəki otağın pəncərələri günəşin şüaları altında bərq vururdu.
– Ana, bir ora bax! Necə çirkin görünür! – Corc üz-gözünü əyişdirərək əlini adaya tərəf uzadıb dedi. – Bu mayak bütün mənzərəni korlayır!
– Əzizim, atan söz verib ki, təcrübəsini başa vuran kimi mayakı sökəcək. Yeri gəlmişkən, atan sizin hamınızı bu mayak-qülləyə tamaşa etməyə çağırıb. Əlbəttə, əgər istəyirsinizsə… Məncə, sizin üçün maraqlı olar.
– Əlbəttə! – Enn həyəcanla dilləndi. – Qüllə çox əsrarəngiz görünür. Kventin əmi indi orada təkdir?
– Hə, balaca, təkdir, – Fanni xala dedi. – Düzünü desəm, onun uzun müddət adada qalması mənim heç xoşuma gəlmir. Ən azından ona görə ki Kventin düz-əməlli yemək bişirməyi bacarmır, yəqin, bütün gün ac-acına gəzib-dolaşır. Bir də, orada başına bir iş gələcəyindən qorxuram. Belə olsa, Kventinə necə kömək eləyə bilərəm? O, adada, mən isə burada…
– Gərək Kventin əmiyə tapşırardınız ki, hər gün adadan sizə siqnal göndərsin. Onda əmin olardınız ki, hər şey qaydasındadır, – Culian dedi. – Qüllənin başından siqnal göndərmək çətin iş deyil. Gündüzlər bunu güzgüyə gün işığı salmaqla eləmək olar, gecələr isə fənərlə.
– Düz deyirsən, mən artıq ona bunu təklif etmişəm, lakin bir söz deməyib. Sabah biz hamılıqla adaya yollanarıq. Culian, onda sən bu siqnal məsələsini bir də əminin yadına salarsan. Məncə, o sənin sözünə qulaq asar.
– Necə, atam bizi öz gizli laboratoriyasına dəvət edib?! – Corcun eşitdiklərinə inanmağı gəlmirdi. – Hətta bizi apardığı təcrübələrlə də tanış edəcək?! Amma nahaq zəhmət çəkib. Şəxsən mən heç yerə gedən deyiləm! Çünki bu mənim adamdır! Başqasının orada öz evindəki kimi əmr yağdırmasını görmək istəmirəm!
– Corc, xahiş eləyirəm, yenə özündən çıxma! – Enn ah çəkdi. – Hamımız bilirik ki, ada sənindir. Atan bir müddət orada qalsa, dünya dağılmayacaq ki! Ah, Fanni xala! Corcu sizin məktubunuzu alanda görsəydiniz! Necə qəzəblənmişdi! Çox qorxmuşdum!
Fanni xala köks ötürdü. O, qızının xasiyyətinə yaxşı bələd idi. Corc nəinki başqaları, heç atası ilə də yola getmirdi. Əslində, qız xasiyyətcə atasına çəkmişdi. Bir şey olmamış eynilə atası kimi qaşqabağını töküb çiyinlərini dartırdı. «Ah, kaş Corc da əmisi uşaqları kimi sakit, mülayim, üzüyola olaydı!» – deyə Fanni xala bir anlıq qəlbindən keçirdi. Corc isə anasının üzündəki məyus ifadəni görüb öz hərəkətindən utandı. Əlini anasının çiyninə qoyub dedi:
– Yaxşı, anacan, atama heç nə deməyəcəyəm, özümü ələ almağa çalışacağam. Bəlkə, doğrudan da, o çox mühüm işlə məşğuldur… Mən də sabah sizinlə adaya gedəcəyəm.
– Ən doğrusu elə budur, – Culian dilləndi. – Görürsünüz, o artıq başqalarına güzəştə getməyi öyrənir. Corc, sən belə edəndə əsl oğlana bənzəyirsən!
Qız bu sözləri eşidib qızardı. Culianın onu oğlanlarla müqayisə etməsi çox xoşuna gəlirdi. Axı o, ömrü boyu qız deyil, oğlan olmaq istəmişdi.
Lakin Enn onlarla eyni fikirdə deyildi.
– Bilirsən nə var, – o, üzünü qardaşına tutub dedi, – təkcə oğlanlar yox, qızlar da güzəştə getməyi bacarırlar. Özü də bu işdə sizdən qətiyyən geri qalmırıq. Məsələn, mən…
– Aman Allah! – Fanni xala araya girib qızın sözünü kəsdi. – Gör bir nəyin üstündə mübahisə eləyirlər! Xəbəriniz var ki, Kirrin-kottecə gəlib çatmışıq?
Corcgilin yaşadığı, həyətində rəngbərəng gül-çiçəklərin bitdiyi bu qədim evin pəncərələri düz Kirrin körfəzinə açılırdı. Uşaqların dördü də sevinclə çığırıb özlərini qapıdan içəri saldı. Evə girəndə çox təəccübləndilər. Coanna da burada, Kirrin-kottecdə idi. Bu yaşlı qadın onların Londondakı evlərində həm təsərrüfat işlərinə baxır, həm də yemək bişirirdi. O, təzəlikcə Londondan gəlmişdi ki, yay tətilində Fanni xalaya ev işlərində kömək eləsin. Coanna qollarını geniş açıb uşaqları sevinclə qucaqladı. Timmi də qadının ətrafında sevinclə dövrə vurmağa başladı.
– Axır ki, gəlib çıxdınız! Gör nə vaxtdır sizi görmürəm! Necə böyümüsünüz! Culian, sən lap yekə oğlan olmusan, boyun da məni ötüb. Enn, sən də bir az boy atmısan.
Enn Coannanı çox istəyirdi. O, qadını qucaqlayıb üzündən öpdü. Culian bel çantalarını içəri daşıyan Fanni xalaya kömək etdi. Çamadanlarını Londondan daha sonra yollayacaqdılar. Oğlanlar köməkləşib bütün əşyaları evə daşıdılar.
Enn isə pilləkənlərlə yuxarı qalxdı ki, yataq otağına baş çəksin. Yay tətillərində o, Corcla birlikdə bu otaqda qalırdı. «Yenidən Kirrin-kottecdə olmaq çox gözəldir!» – qız öz-özünə dedi. Sonra sevinclə zümzümə eləməyə başladı.
Bu vaxt Dik onunla Corcun bel çantalarını otağa gətirdi.
– Bilirsən, Dik, – Enn üzünü qardaşına tərəf tutub dedi, – mən Kventin əminin adaya getməsinə sevinirəm. Axı o, evdə olanda biz rahat oynaya bilmirdik.
– Hə, düz deyirsən, – Dik gülümsəyib dilləndi. – O, evdə olanda cınqırımızı da çıxara bilmirdik. Elə yaxşı ki, çıxıb adaya gedib.
Bu vaxt aşağıdan Fanni xalanın səsi eşidildi:
– Uşaqlar, yemək hazırdır, isti kökə də var, gəlin soyumamış yeyin.
– Gəlirik, Fanni xala! – Dik yuxarıdan aşağı qışqıraraq cavab verdi. – Enn, gəl gedək, mən çox acmışam.
Bu vaxt Corc otağa girdi. Timmi də yanında idi. İt evin bütün künc-bucağını iyləyəndən sonra bir-iki ağız hürüb sakitləşmişdi. İndi də Corcun yanında dayanıb quyruğunu bulayırdı.
– O, həmişə belədir! – Corc itinə baxıb dedi. – Elə bilir, keçən ildən bu yana evdə hər şey dəyişib! Bütün künc-bucağı iyləyir ki, görsün hər şey yerindədir, ya yox.
Uşaqlar üçlükdə aşağı düşdülər. Fanni xala mətbəxdə süfrə açmışdı.
– Ana, nə qədər ki atam evdə deyil, olar Timmi yanımda otursun? O özünü ağıllı aparacaq!
– Yaxşı, qoy otursun, – Fanni xala razılıq verdi.
Nəhayət, şam yeməyi başladı. Masanın üstündə o qədər ləzzətli yemək vardı ki, onlardan başqa iyirmi adam da yeyib doya bilərdi.
Yeməklərin hamısını Coanna bişirmişdi. Yəqin, bütün günü mətbəx sobasının yanından çəkilməmişdi.
Kirrin adasına səyahət
Ertəsi gün hava isti və günəşli idi.
– Adaya getmək olar, – Fanni xala pəncərədən çölə baxıb dedi. – Özümüzlə bir az yemək də götürərik. Əminəm ki, yemək hazırlamaq Kventinin heç yadına da düşməyib.
– Ana,
2