Gizli laborotoriya. Энид Блайтон
gedib balaca otağa baxaq, – Enn təklif elədi.
Onlar kiçik, yarıqaranlıq otağa tərəf getdilər. Bu otağa işıq yalnız divarda pəncərəni əvəz edən iki dar yarıqdan düşürdü. Otağın bir küncündə vaxtilə burada mövcud olmuş buxarının qalıqları gözə dəyirdi: ovxalanıb tökülmüş kərpiclər və qəsrin qalın divarına girmiş iri bir boru.
– Otaqda heç kim yoxdur! Hamıdan birinci ora çatan Culian təəccüblə qışqırdı. – Ümumiyyətlə, burada yaşayan olmayıb. Nə kitab var, nə də yemək!
– Onda, bəlkə, zirzəmini də axtaraq? – Dik dedi. – Ola bilər, Kventin əminin elmi işi üçün zirzəmiyə düşmək lazım gəlib. Zirzəminin girişi, deyəsən, həyətin ortasında idi, su quyusunun yaxınlığında.
– Hə, yəqin, zirzəmidədir, – Enn də təsdiqlədi. – Fanni xala, gəlin gedib baxaq.
– Yox, yox, uşaqlar! Mənim qaranlıq yerlərdən xoşum gəlmir. Yaxşısı budur, sizi həyətdə, günəşin altında gözləyim. Siz qayıdıb gələnə kimi də yemək çantasını boşaldıb buterbrodları hazırlayaram. Yəqin, birazdan acacaqsınız.
– Yaxşı, – uşaqlar razılaşdılar.
Onlar zirzəminin girişinə tərəf yollandılar. Ancaq giriş bağlı idi. Culian elə iri çuqun qapağı kənara itələməyə hazırlaşırdı ki, birdən gözünə nəsə sataşdı:
– Baxın, qapağın arasından təzə otlar çıxıb. Ən az bir il bu qapağı yerindən tərpədən olmayıb. Deməli, Kventin əmi zirzəmidə deyil.
– Yaxşı, bəs haradadır? – Dik çaşqınlıqla soruşdu.
Kventin əmi haradadır?
Uşaqların dördü də çaşbaş vəziyyətdə zirzəminin girişini örtən qaralmış qapağa baxırdı. Culian haqlı idi – bu qapağı ən az bir il yerindən tərpədən olmamışdı.
– Bu halda aşağı düşməyin heç bir mənası yoxdur, – Culian dedi.
– Deyəsən, zirzəminin bundan başqa girişi yox idi, düzdür? – Dik soruşdu. – Bir də ki, bu qapaq kifayət qədər ağırdır, əgər Kventin əmi aşağı düşübsə, onu arxasınca necə bağlaya bilərdi axı?
– Düzdür, – Enn qardaşının sözünü təsdiqlədi. – Çox güman ki, orada deyil.
– Yaxşı, bəs haradadır? – Corc soruşdu. – Kirrin balaca adadır, biz buranın hər daşına bələdik. Bəlkə, o, mağaradadır? Yadınızdadır, biz də orada gizlənmişdik.
– Əlbəttə ki, bu, mümkündür, – Culian dedi, – amma, düzü, mən buna şübhə eləyirəm. Məgər sən bilmirsən ki, mağaraya yalnız yuxarıdakı dəlikdən düşmək olar. Həmin dəliyin ağzı isə tutulub. Məncə, Kventin əmi heç vaxt o dəlikdən içəri düşməyi ağlına gətirməzdi.
Uşaqlar qəsrin ətrafında dövrə vuraraq adanın o biri tərəfinə gedib çıxdılar. Onların bir vaxtlar oynamaqdan ləzzət aldıqları mağara burada yerləşirdi. Mağaranın girişini daşla tutmuşdular, onun üstünü isə sürüşkən yosun təbəqəsi örtmüşdü. Mağaraya yaxınlıqdakı su quyusundan da düşmək mümkün idi. Quyunun içində dəmir nərdivan vardı. Ancaq bu nərdivan quyunun dibinə kimi gedib çatmırdı. Uşaqlar həmin nərdivanın son pilləsinə bağladıqları kəndirlə quyuya düşürdülər.
– Baxın, bizim bağladığımız kəndir hələ də burada qalır, özü də salamatdır! – Dik əyilib aşağı baxandan sonra qışqırdı.
– Mən aşağı düşməyə çalışacağam, – Culian dedi.
Oğlan ehtiyatla quyuya enməyə başladı. Nəhayət, mağaranın olduğu yerə gəlib çatdı. Hər tərəf zil qaranlıq idi, Culian cibindən əl fənərini çıxarıb ətrafa işıq saldı. Heç nə gözə dəymirdi, bircə küncdə atılıb qalmış qutudan başqa. Yəqin, onu da vaxtilə özləri burada yaddan çıxarıb getmişdilər. Culian yenidən kəndirlə nərdivana qədər dırmandı və quyudan çıxdı.
– Necə oldu? Bir şey tapa bildin? – Dik dərhal soruşdu.
– Orada Kventin əminin izi-tozu da yoxdur, – Culian başını bulayıb dedi. – Bəs o harada ola bilər? Əgər burada, həqiqətən də, hansısa elmi təcrübə aparırsa, onda cihazları haradadır? Fanni xala demişdi ki, Kventin əmi adaya bir yığın avadanlıq gətirib.
– Bəlkə, o, indi qüllədədir? – Enn dilləndi. – Axı qüllənin yuxarısında da otaq var.
– Əgər orada olsaydı, yuxarıdan çoxdan bizi görmüşdü, ya da səsimizi eşitmişdi. Amma, hər bir halda, ora da baxmaq lazımdır.
Uşaqlar yenidən qəsrə qayıdıb bu yaxınlarda inşa olunmuş qülləyə yaxınlaşdılar. Bu vaxt Fanni xala onları yeməyə çağırdı.
– Uşaqlar, yemək hazırdır, gəlin. Əminəm ki, Kventin birdən-birə haradasa peyda olacaq.
– Axı o harada ola bilər, Fanni xala? – Enn təşvişlə soruşdu. – Biz bütün adanı ələk-vələk elədik, heç yerdə yoxdur.
Fanni xala adaya uşaqlar qədər yaxşı bələd deyildi, ona elə gəlirdi ki, burada gizlənmək üçün çox yer var.
– Bilmirəm, – qadın dedi, – yəqin, haradasa bu yaxınlardadır. Birazdan gəlib çıxar, siz yeməyinizi yeyin.
– Biz qülləyə çıxmaq istəyirik, baxaq görək oradadır, ya yox! – Culian dilləndi.
Uşaqlar qülləyə tərəf yollandılar, Timmi də onların yanında idi. Bu qəribə tikili yaxından daha da müəmmalı görünürdü. Dik əlini onun hamar divarına çəkib dedi:
– Maraqlıdır, görəsən, bunu nədən düzəldiblər?
– Yəqin ki, hansısa plastik kütlədən, – Culian ağlına gələn ilk fikri dilinə gətirdi.
– Amma onda dənizdə fırtına qopan kimi qüllə yerlə bir olardı, – Dik etiraz etdi.
– Baxın, orada qapı var! – Corc birdən qışqırdı.
Uşaqlar qızın göstərdiyi yerə tərəf baxıb qüllənin balaca, yuxarısı yarımdairə formasında olan qapısını gördülər, açarı da üstündə idi. Culian açarı burub qapını açdı və içəri boylandı.
Qüllənin içi boş idi. Yalnız aşağıdan tavana qədər uzanan ensiz dolama pilləkən vardı. Bu pilləkən də qüllənin özü kimi yüngül, hamar materialdan hazırlanmışdı. Qarşı divardan qarmağa oxşayan qəribə əşyalar asılmışdı. Görünüşündən bu əşyaların poladdan hazırlandığını söyləmək olardı.
– Yaxşısı budur, heç nəyə əl vurmayaq, – Culian uşaqlara xəbərdarlıq etdi. – Gəlin yuxarı çıxaq!
O özü hamıdan qabaq dar pilləkənlərlə yuxarı qalxmağa başladı. Dolama pilləkənlər adamın başını hərləndirirdi, amma Culian buna baxmayaraq ayaq saxlamadan yuxarı çıxırdı. Qalan uşaqlar da onun arxasınca gedirdilər. Qüllənin divarlarında adda-budda pəncərələr vardı, oradan içəri tutqun işıq düşürdü. Culian həmin pəncərələrin birindən çölə baxdı – onun gözlərinin qarşısında Kirrin körfəzinin möhtəşəm mənzərəsi canlandı. Nəhayət, oğlan qüllənin təpəsinə gəlib çatdı. Burada balaca, şüşəli bir otaq vardı.