Gizli laborotoriya. Энид Блайтон
Culianın maraqdan gözləri parlayırdı. – Deyəsən, əmimizin həyatı çox maraqlı keçir. Əgər belədirsə, mən də alim olmaq istərdim.
– Mən isə, yəqin ki, həkim olacağam, – Dik dilləndi.
Bu söhbət Corca maraqlı gəlmədi.
– Gedim qayığa baxım, – qız dedi.
Corc böyüyəndə nə işlə məşğul olacağını yaxşı bilirdi. Timmi ilə birlikdə Kirrin adasında yaşayacaqdı, vəssalam!
Bu vaxt ərzində Fanni xala səyahət üçün böyük bir yemək çantası hazırlamışdı. Onlar hamılıqla üzüaşağı, dənizə tərəf addımlamağa başladılar. Ən axırda Culian gəlirdi, onun çiynində içi ərzaqla dolu çanta var idi. Corc artıq qayığını suya salmışdı. Bu işdə ona köhnə dostu, balıqçı oğlu Ceyms kömək etmişdi. Oğlan dizəcən suyun içinə girib hamı minəndən sonra qayığı itələmək üçün hazır vəziyyətdə dayanmışdı. Ceyms Corcun əmisi uşaqları ilə yay tətillərinin birində tanış olmuşdu. Kventin əmi əvvəllər Corca Timmini evə gətirməyə icazə vermirdi. Timmi onda küçük idi. Həmin vaxt Ceyms onu öz həyətlərində saxlamışdı. Corc oğlanın bu yaxşılığını heç vaxt unutmur, tətillərdə evə gələndə mütləq ona baş çəkirdi.
– Adaya gedirsiniz? – Ceyms soruşdu. – Orada tikilən hündür qülləni görmüsünüz? Deyəsən, mayakdır.
Oğlan bunu deyib əlini Ennə uzatdı ki, qayığa minməsinə kömək eləsin. Çox keçmədən uşaqlar, Fanni xala və Timmi artıq qayıqda öz yerlərini tutmuşdular. Culianla Corc kürəkləri əllərində hazır saxlamışdılar. Ceyms qayığı itələdi və onlar yavaş-yavaş adaya tərəf üzməyə başladılar. Tezliklə qayıq sürətini artırdı, Culianla Corc kürəklərə güc vermişdilər. Yenidən dənizdə olmaq çox gözəl idi! Kaş tətil çox uzun sürəydi!
– Corc, burada bir az ehtiyatlı olun, – qayıq adaya yaxınlaşanda Fanni xala qızına xəbərdarlıq elədi. – Ətraf təhlükəli qayalıqlarla doludur.
– Ana, yaxşı bilirsən ki, mən bura min dəfə gəlmişəm, hər daşına bələdəm! Adaya gözüyumulu belə sağ-salamat gedib çıxa bilərəm.
Kirrin adasına yalnız bir yerdən, qayalıqların arasındakı balaca təbii buxtadan3 yanaşmaq mümkün idi. Buxtanın sağında və solunda şiş uclu qayalar vardı. Corcla Culian adanı şərq tərəfdən dövrə vuraraq buxtaya yaxınlaşdılar.
– Bura, doğrudan da, çox qəşəng yerdir! – Enn adaya tərəf baxıb heyranlıqla dilləndi.
– Adaya gedirsiniz? – Ceyms soruşdu. – Orada tikilən hündür qülləni görmüsünüz? Deyəsən, mayakdır.
Adada hər şey – köhnə qəsr, onun dağılmış divarları, hətta divarların üstünə qonmuş dolaşalar da öz yerində idi. Qəsrin yanında isə yeni bir qüllə ucaldılmışdı. Qüllə kərpicdən deyil, hansısa hamar, parıltılı materialdan tikilmişdi. Qüllənin ayrı-ayrı hissələrinin arasındakı «tikişlər» aydınca sezilirdi: bu, tikilinin asanlıqla sökülüb başqa yerdə ucaldıla biləcəyindən xəbər verirdi.
– Bu, qəribədir, elə deyil? – Dik dedi. – Hələ qüllənin lap təpəsindəki şüşəli otağa baxın. Eynilə müşahidə göyərtəsinə bənzəyir. Görəsən, onu niyə tikiblər? Fanni xala, bəs ora necə qalxmaq olar?
– Qüllənin içində dolama pilləkənlər var. Yəqin ki, başqa cür mümkün olmazdı. Deyəsən, bütün məsələ də elə o şüşəli otaqdadır. Oradakı məftilləri görürsünüz? Məncə, Kventinə qüllə özü yox, elə həmin otaq lazımdır. Deyəsən, o orada bəzi eksperimentlər aparır.
Bu söhbət Enni darıxdırmağa başlamışdı. Qız Fanni xalanın dediklərini yaxşı başa düşmürdü.
– Mən də ora çıxmaq istərdim, – Enn dilləndi.
– Bəlkə, əmin buna icazə verər, – Fanni xala dedi.
– Hə, əgər o bu gün yuxudan acıqlı durmayıbsa… – Corc istehza ilə dedi.
– Corc, belə danışma, – anası ona məzəmmətlə baxdı.
Həmin vaxt qayıq buxtaya yanaşdı, onun burnu yavaşca qumlu sahilə toxunaraq Kventin əminin qayığının yanında dayandı.
Corcla Culian qayıqdan düşüb onu bir az irəli itələdilər ki, qalanları da ayaqlarını islatmadan aşağı düşə bilsinlər. Hamıdan axırda Timmi qayıqdan yerə hoppandı və dərhal sahil boyunca qaçmağa başladı.
– Timmi, bura gəl! – Corc itinə təpindi.
İt quyruğunu qısıb qızın yanına qayıtdı.
Əlbəttə ki, Timmi adada ora-bura qaçışan dovşanları görmüşdü, amma, heyif ki, Corc onların arxasınca düşməyə icazə vermirdi. O ki pis bir iş tutmurdu!
– Bunlar da bizim köhnə dostlarımız! – Enn də adadovşanlarını görüb ucadan dilləndi. – Fanni xala, görün necə qəşəngdirlər! Ay aman, hələ o bala dovşana baxın! Pəncələrini yalayır, çox gülməlidir, elə deyil?!
Hamı ayaq saxlayıb bu sevimli heyvanlara tamaşa etməyə başladı. Adada heç kim yaşamadığından indiyə kimi dovşanları qorxudan olmamışdı, odur ki uşaqları görəndə ürküb-qaçmadılar.
– Bəs Kventin əmi haradadır? – onlar qəsrin giriş qapısı sayılan iri, yarıuçuq vəziyyətdə olan tağın altından keçəndə Enn soruşdu.
Tağı keçəndən sonra qəsrin həyətinə aparan pilləkənlər başlayırdı. Bir neçə yerdən uçulub-dağılmış pilləkənlərin üstünü ot-alaf basmışdı. Əvvəl Fanni xala ehtiyatla birinci pilləkənə ayaq basdı. Onun arxasınca da uşaqlar çıxmağa başladılar. Kiçik daş dəhlizi keçib qəsrin geniş həyətinə gəlib çatdılar. Bir vaxtlar həyətə daş plitələr döşənsə də, indi onların yerində bircə qum qalmışdı. Bəzi yerlərdə təzə bitmiş otlar gözə dəyirdi. Vaxtilə qəsrin hər iki küncündə iki böyük qala ucalırdı, amma indi onlardan biri, demək olar, uçulub-dağılmışdı, digəri isə nisbətən yaxşı vəziyyətdə idi. Qalanın üstündə məskən salmış dolaşalar uşaqların səsini eşidən kimi bir ağızdan qarıldamağa başladılar.
– Corc, məncə, atan bax o balaca otaqda yaşayır, – Dik bunu deyib əlini qəsrin salamat qalmış yeganə otağına tərəf tuşladı. – Yadındadır, biz də adaya gələndə həmin otaqda gecələmişdik.
– Hə, – Corc başını tərpətdi. – Çox maraqlı idi! Düz deyirsən, yəqin, atam da elə orada qalır. Burada başqa gecələməli yer yoxdur. Əlbəttə, əgər zirzəmiyə düşməyibsə…
– Nə danışırsan, zirzəmidə yaşamaq olar?! – Culian təəccüblə soruşdu. – Ora çox rütubətli və qaranlıqdır. Corc, doğrudan, atan harada ola bilər? Heç yerdə gözə dəymir.
– Ana, həqiqətən, atam haradadır axı? Yəqin, o balaca otaqda işləyir, hə?
– Mən də dəqiq bilmirəm, – Fanni xala çiyinlərini çəkdi, – yəqin, orada olar. Adətən, adaya gəldiyim vaxt Kventin məni buxtada qarşılayırdı. Biz sahildə oturub yemək yeyir, söhbət edirdik. Qəsrin içinə girmirdik.
– Gəlin
3