Şahzadə və dilənçi. Марк Твен
addır… Harada yaşayırsan?
– Cənabınıza ərz olsun ki, mən Londonda yaşayı-ram. Qarınqulular məhəlləsinin dalında, Tör-töküntülər həyətində.
– Törtöküntülər həyəti! Bu ad da çox qəribədir. Atan-anan varmı?
– Ata-anam var. Bir nənəm də var ki, onu o qədər də sevmirəm. Bu günahdırsa, Allah məni bağışlasın… Bir də Nen və Bet adlı iki əkiz bacım var.
– Yəqin, nənən sənə qarşı o qədər də mehriban deyil, eləmi?
– Əlahəzrətə cürət edib deyirəm ki, mənim nənəm heç kəsi sevmir. Əlindən yaxşılıq gəlməz. Bütün gününü şər işlərlə keçirir.
– Səni incidirmi?
– Yalnız yatanda və sərxoş olanda məni incitmir. Başqa vaxtlarda məni döyür.
Balaca şahzadənin gözləri qəzəblə parladı:
– Necə?! Döyür? – deyə çığırdı.
– Bəli, bəli, cəsarət edib sizə ərz edirəm, əlahəzrət!
– Döyür… Bu cür kiçik və zəif uşağı döyür! Qulaq as! Axşama kimi onun əl-qolunu bağlayıb, Tauerə salarlar…
– Ser, unutmayın ki, mənim nənəm aşağı təbəqədəndir. Tauer isə əsilzadələrin həbsxanasıdır.
– Düzdür, bu mənim ağlıma gəlməmişdi. Lakin ona necə cəza verməyi düşünərəm. Atan necə, mehribandırmı?
– O, nənəmdən də pisdir.
– Deyəsən, bütün atalar eyni cür olur. Mənim atamın da xasiyyəti həlim deyil. Onun əli ağırdır. Ancaq mənə toxunmur. Bəs anan səninlə necə rəftar edir?
– O məni sevir, şahzadəm. Heç vaxt məni incitmir. Bacılarım da mehribandırlar.
– Mənim bacım Yelizaveta və əmim qızı ledi Cen Qrey də xoşsifətdirlər… De görüm bacıların öz xidmətçilərini cəzalandırırlarmı?
– Ser, siz elə zənn edirsiniz ki, onların xidmətçiləri var?
Kiçik şahzadə bir dəqiqə dilənçiyə dalğınlıqla baxdı:
– Lütfən, söylə görüm, onlar xidmətçisiz necə dolanırlar? Gecə paltarlarını soyunmaqda onlara kim kömək edir? Səhər yuxudan qalxanda onları kim geyindirir?
– Heç kəs, ser. Onlar paltarlarını soyunmurlar. Çılpaq yatmayacaqlar ki…
– Çılpaq? Məgər onların cəmi bir dəst paltarı var?
– Ah, hökmdar, artıq paltar nəylərinə lazımdır? Hərəsinin iki bədəni yoxdur ki…
– Nə qəribə, əcaib bir fikir! Mən sənin qəlbinə toxunmaq istəmirdim. Sənin bacılarının kifayət qədər paltarları və xidmətçiləri olacaq, özü də tez bir zamanda. Yox, bunun üçün mənə təşəkkür etmə, bu, boş şeydir. Sən çox yaxşı danışırsan, aydın və gözəl danışırsan. Elm öyrənmisənmi?
– Mərhəmətli keşiş Endrü yaxşılıq edib öz kitablarından mənə dərs vermişdir.
– Latınca bilirsən?
– Çox az, ser.
– Öyrən, əzizim, bunu öyrənmək əvvəlcə adama çətin gəlir… Lakin sən mənə öz Tör-töküntülər həyətindən danış. Orada günün xoşmu keçir?
– Doğrusu, qarnım tox olanda kefim kök olur. Bizə bəzən teatr tamaşası da göstərirlər, cəmi bir fartinqə. Ancaq cənablarınıza ərz olsun ki, bu fartinqi qazanmaq çox çətin olur. Biz uşaqlarla arabir əlimizə ağac alıb vuruşuruq…
Şahzadənin gözləri parladı:
– Bax buna varam! Yenə danış.
– Biz keçdi-keçdi oynayırıq, ser. Bir-birimizi ötüb-keçirik.
– Bu da mənim ürəyimdəndir. Sonra?
– Biz yayda suyun içində ayaqyalın gəzirik. Arxlarda və çaylarda çimirik, bir-birimizin üstünə su sıçradırıq, bir-birimizin yaxasından yapışıb suya batırırıq…
– Mən bircə dəfə belə əylənməyə atamın bütün səltənətini verərdim. Sən Allah, yenə danış.
– Biz palçıqda oynayırıq. Dünyada bizə palçıqdan çox ləzzət verən şey yoxdur. Bağışlayın, ser, biz hər gün palçığın içində eşələnirik.
– Bəsdir, daha danışma! Bu lap qiyamətdir. Mən sənin paltarın kimi bir paltar geyə bilsəydim, ayaqqabılarımı çıxarıb, heç olmasa, bircə dəfə palçıqda oynaya bilsəydim… Bunun üçün bütün taxt-tacımdan əl çəkməyə hazıram.
– Mən isə… ser, heç olmasa, ömrümdə bir dəfə, ancaq bircə dəfə sizin kimi geyinə bilsəydim…
– Aha, arzun budurmu? Qoy sən deyən olsun. Əynindəki cır-cındırı çıxart və mənim bəzəkli paltarımı geyin. Mən də səninkini geyinim. Bizim xoşbəxtliyimiz çox çəkməz, lakin ömrü az da olsa, bizi sevindirər. Sonra yenə paltarımızı dəyişərik.
Uels şahzadəsi Tomun cır-cındırına büründü. Tom isə dəbdəbəli şahanə paltar geyindi. İkisi də böyük güzgüyə yanaşdı və nə görsələr yaxşıdır?! Elə bil heç paltarlarını dəyişməmişdilər. Gözlərini bir-birinə dikdilər, sonra dönüb güzgüyə baxdılar. Nəhayət, heyrətə gəlmiş şahzadə dedi:
– Sən bu barədə nə düşünürsən?
– Ah, ser, bu suala məndən cavab istəməyin. Mənim kimi miskin bir adama o cür sözlər danışmaq yaramaz.
– Onda qoy mən deyim. Sənin saçların, gözlərin, səsin, yerişin, boyun, duruşun, sifətin lap mənimki kimidir. Əgər biz soyunub bayıra çıxsaq, heç kim bizi bir-birimizdən ayıra bilməz. İndi sənin paltarında o kobud əsgərin rəftarını daha yaxşı hiss edirəm. O səninlə çox həyasızcasına rəftar etdi. Bir dəqiqə dayan… Mən qayıtmayınca yerindən tərpənməyəsən. Bu mənim əmrimdir!
Şahzadə masanın üstündən bir şey götürüb gizlətdi və qapıdan bayıra sıçrayaraq əynində cır-cındır sarayın içində yüyürməyə başladı. Böyük darvazaya çatdıqda dəmir barmaqlıqdan yapışıb çığırdı:
– Aç! Darvazanı aç!
Tomu vuran əsgər cəld darvazanı açdı. Şahzadə darvazadan çıxan kimi əsgər ona elə şapalaq vurdu ki, şahzadə hərlənib yerə yıxıldı.
– Al payını, dilənçi nacins, sənin üstündə əlahəzrətin mənə acığı tutdu.
Şahzadə palçığa batmışdı. O ayağa qalxdı, hirslə gözətçinin üstünə cumdu və:
– Mən Uels şahzadəsiyəm, – deyə bağırdı. – Mənim şəxsiyyətim müqəddəsdir, mənə toxunmağa cürət etdiyin üçün səni asarlar.
Əsgər ona təzim edib gülə-gülə dedi:
– Əlahəzrət şahzadə sağ olsun!
Sonra qəzəblə:
– Rədd ol buradan, axmağın biri axmaq, – deyə çığırdı.
Mənzərəni