Uzuncorab Peppi. Астрид Линдгрен
Annika ata baxıb evə girdilər. Burada mətbəxdən başqa daha iki otaq – yataq və qonaq otağı vardı. Tommi və Annika ehtiyatla ətrafa göz gəzdirirdilər.
– Sən burda lap tək qalırsan? – Annika qorxmuş halda soruşdu.
– Əlbəttə yox, biz burda üçümüz qalırıq: cənab Nil-son, at və mən.
– Bəs atan-anan yoxdur?
– Yoxdur.
– Bəs axşamlar sənə kim “yatmaq vaxtıdır” deyir?
– Özüm. Əvvəlcə çox mehribanca özümə deyirəm: “Peppi, uzan yat”. Qulaq asmasam, onda ciddi təkrar edirəm. Bu da faydasız olanda mən yamanca özümü cəzalandırıram. Bildin?
Tommi və Annika deyilənləri büsbütün başa düşməsələr də, fikirləşdilər ki, bəlkə, bu o qədər də pis deyil.
Peppi üç yumurtanı unla çalıb tavada kökə bişirdi. Uşaqlar ləzzətlə yedikdən sonra o, təzə dostlarını qonaq otağına dəvət etdi. Qonaq otağında bircə komod qoyulmuşdu. Onun saysız-hesabsız xırda gözləri vardı. Peppi komodun gözlərini bir-bir açaraq qoruduğu qiymətli şeyləri Tommi və Annikaya göstərməyə başladı.
Burada nadir quş yumurtaları, qəribə balıqqulaqları, rəngbərəng dəniz daşları vardı. Atası ilə dünya səyahətinə çıxdığı zamanlar Peppinin aldığı naxışlı qutucuqlar, gümüşü haşiyəli xırda, incə güzgülər, muncuqlar və başqa-başqa qəribə şeylər də vardı. Peppi elə bu vaxt təzə dostlarına yadigar olaraq bir şey bağışlamaq istədi. Sədəf dəstəkli xəncəri Tommiyə, üstündə çoxlu ilbiz həkk olunmuş mücrünü isə Annikaya bağışladı. Mücrünün içində balaca yaşılqaş bir üzük də vardı.
Peppi uşaqlara dedi:
– İndi isə hədiyyələrinizi götürüb evinizə gedin. Çünki indi getməsəniz, sabah bura gəlməyə sizə icazə verməzlər.
Tommi ilə Annika da bu fikirdə idilər. Odur ki durub evlərinə yollandılar. At yeməyini yeyib qurtarmışdı. Uşaqlar qaçaraq bağdan çıxanda cənab Nilson papağını yelləyib onlarla vidalaşdı.
II. Peppi davaya düşür
Ertəsi gün Annika yuxudan erkən oyandı. Cəld yatağından qalxıb səssizcə qardaşına yanaşdı:
– Oyan, Tommi, – pıçıldayıb qardaşının qolundan dartmağa başladı. – Tez ol, oyan, yenə o iri çəkməli qəribə qızgilə gedək.
Tommi dərhal gözlərini açıb dedi:
– Yuxuda gördüm ki, bizi çox maraqlı hadisə gözləyir. Amma dəqiq nə olduğunu xatırlaya bilmirəm.
İkisi də vanna otağına qaçdı; tələsik əl-üzlərini yuyub dişlərini fırçaladılar, geyindilər və həmişəki vaxtdan bir saat tez mətbəxə düşüb masa arxasında oturdular. Təəccüblə onlara baxan anaları soruşdu:
– Belə tezdən niyə durmusunuz? Hara tələsirsiniz?
– Qonşu evə köçən qızın yanına gedirik, – Tommi cavab verdi. Annika da əlavə etdi:
– İstəyirik bütün günü onunla oynayaq.
Peppi bu səhər kökə bişirməyə hazırlaşırdı. O, çoxlu xəmir yoğurub elə döşəmədəcə yaymağa başladı. Elə bu zaman qapının zəngi çalındı.
Dəyirmançı kimi başdan-ayağa una bulaşmış Peppi cəld ayağa qalxıb qapını açmağa cumdu. O, Tommi və Annika ilə əl verib görüşəndə hər üçü una bulaşdı.
– Mənə baş çəkdiyiniz üçün sizə minnətdaram, – Pep-pi önlüyünü dartıb çıxaranda un dumanı qalxdı.
Bolluca un tozu udmuş Tommi və Annikanı öskürək tutdu.
Peppi yenə oxlovu əlinə aldı.
Sandığın üstündə oturmuş Tommi və Annika kinoya baxırlarmış kimi Peppinin döşəmədə necə xəmir yaymağına, kökələri necə tavalara tullamağına və tavaları sobaya qoymağına tamaşa edirdilər.
– Vəssalam, – Peppi sonuncu tavanı da, nəhayət, sobaya basıb qapağını çırparaq örtdü.
Tommi xəbər aldı:
– İndi biz nə edəcəyik?
– Sizin nə etmək istədiyinizi bilmirəm, mən isə avaraçılıq etməyəcəyəm. Axı mən dilektoram… Dilektorun isə bircə dəqiqə də boş vaxtı olmur.
– “Dilektor” nə deməkdir? – Tommi xəbər aldı.
– Dilektor – həmişə və hər yerdə qayda-qanun yaradan deməkdir. – Yer üzündə o qədər dağılıb qalmış şey-şüy var ki… biri o şeyləri nizama salmalıdır, ya yox? Bax bunu dilektor edir!
Annika soruşdu:
– Nə şey-şüy?
– Cürbəcür şey-şüy. Qızıl külçələr, dəvəquşu lələkləri, ölü siçovullar, rəngbərəng nabatlar, balaca qaykalar və başqa nə bilim nələr…
Tommi və Annika belə qərara gəldilər ki, nizam yaratmaq çox maraqlıdır və onlar da dilektor olmaq istədilər. Üstəlik, Tommi dedi ki, qayka yox, qızıl külçə tapmaq ümidindədir. Peppi də əlavə etdi:
– Görək bəxtimizə nə çıxacaq. Hər halda, bir şey taparıq. Amma yubanmaq olmaz. Yoxsa bir də gördün ki, başqa dilektorlar tökülüşüb gəldilər və buralarda atılıb qalmış bütün qızıl külçələrini daşıyıb apardılar.
Üç dilektor yubanmadan yola düşdü. Onlar əvvəlcə evlərin ətrafında qayda yaratmağı qərara aldılar. Çünki Peppi dedi ki, yaxşı şeylər, adətən, yaşayış yerlərinin yaxınlığında olur, hərçənd bəzən meşə cəngəlliklərində də qayka tapmaq mümkündür.
– Yadımdadır, mən səyahətlərin birində Borneo adasının cəngəlliklərində qayda yaratmaq istədim. İnsan ayağı dəyməyən o cəngəllikdən heç bilirsiniz nə tapdım?.. Əsl süni insan ayağı, özü də təptəzə. Sonra onu təkayaqlı şikəst qocaya bağışladım və o dedi ki, belə qiyamət taxta parçasını heç bir pula ala bilməzdi.
Tommi və Annika əsl dilektora bənzəmək üçün gözlərini Peppiyə zilləmişdilər. Peppi isə bu səkidən o səkiyə qaçır, uzağı yaxşı görmək üçün əlini gözünün üstünə qoyur və yorulmadan nəsə axtarırdı.
– Nə tapsan özünə götürmək olar? – Annika soruşdu.
– Yerdən nə tapsan olar, – Peppi razılaşdı.
Onlar yollarına davam etdilər. Birdən Peppi dəlicəsinə bağırdı:
– İndi mən doğrudan da nəsə tapmışam! – Otluğun içinə atılmış paslı konserv qutusunu göstərdi. – Bax buna deyərəm tapıntı! Bax bu lap əla oldu! Belə qutu həmişə kara gələr.
Tommi təəccüblə qutuya baxıb soruşdu:
– O nəyə kara gələr?
– Nəyə desən. Birincisi, onun içinə pryanikləri qoymaq olar və o, Pryanikli Qiyamət Qutuya çevrilər.
Peppi paslı və deşikli qutuya diqqətlə baxıb dedi:
– Onu başa da qoymaq olar. Bax belə! Baxın, o mənim bütün üzümü örtdü. Gör necə qaranlıq oldu! İndi mən gecə oyunu oynayacağam.
Peppi