Uzuncorab Peppi. Астрид Линдгрен

Uzuncorab Peppi - Астрид Линдгрен


Скачать книгу
Ura! Deməli, biz sabah düz səkkizdə səni qapımızın ağzında gözləyəcəyik.

      Peppi dedi:

      –Yox. Saat səkkiz mənim üçün tezdir. Bir də ki mən məktəbə atla gedəcəyəm.

      Peppi saat onda atı bağa çıxartdı və yola düşdü. Bir neçə dəqiqədən sonra şəhərin bütün sakinləri özlərini pəncərələrin qabağına atdılar: onlar heyrət dolu gözlərlə belində balaca bir qızcığaz oturmuş yel kimi ötən ata baxırdılar. O çaparaq həyətə girdi, atdan yerə endi və atı ağaca bağladı. Peppi yaxınlaşıb sinfin qapısını elə bərk açdı ki, uşaqlar bu qəfil səsdən yerlərindən sıçradılar. Qız şlyapasını yelləyib ucadan qışqırdı:

      – Salam! Güman edirəm ki, mən gecikməmişəm?

      Tommi və Annika müəlliməni xəbərdar etmişdilər ki, məktəbə Uzuncorab Peppi adlı təzə bir qız gələcək. Müəllimə onsuz da Peppi barədə eşitmişdi – hamının bir-birindən xəbərdar olduğu bu balaca şəhərdə qız haqqında çox şayiələr dolaşırdı. Müəllimə mehriban və nəcib insan olduğundan məktəb Peppinin xoşuna gəlsin deyə əlindən gələni etməyə hazır idi.

      Peppi dəvətsiz-filansız keçib boş skamyada oturdu. Lakin müəllimə onu töhmətləndirmədi, əksinə, çox mehribanlıqla dedi:

      – Əziz Peppi məktəbimizə xoş gəlib. Ümidvaram ki, bura sənin xoşuna gələcək və oxuyub çox şey öyrənəcəksən.

      – Mən də ümidvaram ki, yaxın günlərdə mənim Milad tətillərim başlanacaq, – Peppi cavab verdi. – Elə ona görə də bura gəlmişəm.

      – İndi zəhmət çək, adını bütünlüklə de, səni də şagirdlərin siyahısına yazım.

      – Mən Peppilotta Viktualina Rolqardinayam. Atam – Dənizlərin Qənimi, hazırda zənci kralı, kapitan Uzun-corab Efroimdir. Hamı məni Peppi çağırır.

      – Aydındır, onda biz də səni Peppi çağırarıq. İndi görək sən nə bilirsən? Hesabdan başlayaq. Peppi, de görüm, yeddi üstəgəl beş neçə eləyər?

      Peppi təəccüblə və narazı halda müəlliməyə baxdı:

      – Sən boyda adam bunu bilməyəndən sonra mən haradan bilim?

      Heyrətdən uşaqların gözləri kəlləsinə çıxdı. Müəllimə isə mülayimcə başa saldı ki, sinifdə belə cavab verməzlər, müəllimə müraciət edəndə “siz” deyərlər və “freken” çağırarlar.

      – Xahiş edirəm, bağışlayın, – Peppi pərt oldu. – Mən bunu bilmirdim, bir də belə etmərəm.

      – Ümidvaram. Bax sən sualıma cavab vermək istəmədin, mən isə əvəzində həvəslə hesablayaram: yeddi üstəgəl beş edər on iki.

      – Buna bir bax a! – Peppi qışqırdı. – Əgər sən özün hesablaya bilirdinsə, onda məndən niyə soruşurdun? Bay, yenə sizə “sən” dedim, bağışlayın.

      Peppi qulağından bərk çimdik almaqla özünü cəzalandırdı.

      Buna fikir verməyən müəllimə başqa bir sual verdi:

      – Peppi, indi de görüm, səkkiz üstəgəl dörd neçə edər?

      – Məncə, altmış yeddi, – Peppi cavab verdi.

      – Xeyr, səkkiz üstəgəl dörd edər on iki.

      – Dostum, bu ki lap ağ oldu! Elə indicə dedin ki, beş üstəgəl yeddi edər on iki. Axı məktəbdə də bir qayda-qanun olmalıdır! Əgər bu hesablamalar səni çox maraqlandırırsa, yerindəcə otur, istədiyin qədər hesabla, biz də həyətə çıxıb qaçdı-tutdu oynayaq… Vay, deyəsən, yenə “sən” dedim. Axırıncı dəfə məni bağışlayın.

      Müəllimə dedi ki, bu dəfə də onu bağışlayır, görünür, hesabdan ona hələlik sual vermək lazım deyil, yaxşısı budur, başqa uşaqlardan soruşsun.

      – Tommi, bu məsələnin həllini tap: Lizanın yeddi, Akselin doqquz alması vardı. Onların birgə neçə alması vardı?

      – Hə, Tommi, hesabla görək, – Peppi birdən sözə qarışdı. – Onu da de görək, onlar almaları kimin bağından dərmişdilər?

      Freken yenə özünü eşitməzliyə qoyub Annikadan soruşdu:

      – Annika, indi sən cavab ver. Qustav dostları ilə ekskursiyaya çıxır. Ona bir kron yolpulu verirlər. Qayıdanda onun yeddi eresi qalır. Qustav yolda nə qədər xərcləyib?

      Peppi yenə dedi:

      – Mən isə bilmək istərdim: nə üçün bu oğlan belə bədxərclik edirdi? O bu pula nə almışdı?

      Müəllimə güman edirdi ki, bəlkə, Peppi qiraətlə maraqlandı. Şkafdan kirpi şəkli çəkilmiş bir karton çıxartdı. Şəklin altında iri “K” hərfi yazılmışdı.

      – Peppi, indi sənə maraqlı bir şəkil göstərəcəyəm. Bax bu, Kir-pi-dir. Bu isə “K” hərfidir.

      – Ola bilməz! Mən isə elə bilirdim ki, “K” bir-birinə yapışıq iki xırda və bir böyük çöpdür. Xahiş edirəm, kirpi ilə çöplərin oxşarlığını deyəsiniz.

      Müəllimə Peppiyə cavab verməyib ilan şəkli çəkilmiş başqa bir karton çıxartdı və dedi ki, şəklin altındakı “İ” hərfidir.

      – İlanlardan söhbət düşəndə Hindistanda nəhəng bir ilanla necə əlbəyaxa olduğum yadıma düşür. Heç təsəvvür edə bilməzsiniz, o ilan necə qorxulu idi: uzunluğu on dörd metr, özü də eşşəkarısından qəzəbli. Hər gün o, azı, beş hindli udar, iki körpə uşağı isə qəlyanaltı edərdi. Bir gün həmin ilan məni də udmaq meylinə düşdü. Bədənimə sarıldı, lakin özümü itirmədim, var gücümlə onun kəlləsindən elə vurdum ki, ilan ufuldayıb yerə sürüşdü…

      – Kim nə bacarır çəksin, – deyib freken stolun arxasında oturdu və dəftərləri yoxlamağa başladı. Bir dəqiqə keçməmiş müəllimə başını qaldıranda gördü ki, rəsm çəkən yoxdur, hamı Peppiyə baxır. Peppi döşəmədəcə uzanıb şəkil çəkirdi. Müəllimə əsəbi halda dedi:

      – Peppi, sən niyə kağızda çəkmirsən?

      – Mən çoxdan kağızı şəkillə doldurmuşam. Mənim atım o balaca vərəqə sığışmadı. İndi onun qabaq ayaqlarını çəkirəm, quyruğuna çatanda gərək dəhlizə çıxam.

      Burada müəllimənin səbri tükəndi, uşaqlara dedi ki, oynamağa məktəbin həyətinə çıxsınlar, çünki Peppi ilə tək danışmalıdır. Uşaqlar sinifdən çıxan kimi Peppi müəlliməyə yanaşdı:

      – Freken, mənə maraqlı idi görüm məktəbdə nə ilə məşğul olurlar. Məni bir daha burada görməzsiniz. Başım lap gic gedir.

      Lakin müəllimə dedi ki, çox təəssüf edir, xüsusən ona görə ki Peppi özünü yaxşı aparmaq istəmir.

      – Sən özünü pis aparırsan. Belə uşaqları biz məktəbdən qovuruq.

      – Yəni mən özümü pis apardım? – Peppi təəccübləndi. – Doğru sözümdür, mən heç bunu bilmirdim.

      Peppi səmimiqəlbdən elə peşman olmuşdu ki, adamın ona ürəkdən


Скачать книгу