Uzuncorab Peppi. Астрид Линдгрен

Uzuncorab Peppi - Астрид Линдгрен


Скачать книгу
küncə qoyacaq. Kitab deyilən şey orda heç kəsdə yoxdur…

      Balaca bir oğlan təəccüblə soruşdu:

      – Bəs onlar məktəbdə nə edirlər?

      – Konfet yeyirlər. Məktəbin yanında konfet fabriki var. O fabrikdən düz sinfə xüsusi bir boru çəkilib. Uşaqların bir dəqiqə boş vaxtı olmur – elə hey konfet yeyirlər. Di salamat qalın! – sevinclə qışqıran Peppi şlyapasını yellədi. – Daha məni burda görməyəcəksiniz…

      Peppi qapıdan səs-küylə çıxdı. At elə çapırdı ki, ətrafa xırda daşlar sıçrayır, pəncərə şüşələri cingildəyirdi.

      IV. Peppi sirkə gedir

      Peppi, Tommi və Annikanın yaşadığı balaca şəhərə sirk gəlmişdi. Tamaşaya baxmaq üçün bütün uşaqlar valideynlərindən bilet pulu alırdı. Tommi və Annika da eləcə etdilər. Uşaqlar pulları ovuclarında sıxıb Peppigilə cumdular. Peppini artırmada atın yanında gördülər. O, atın quyruğundan çoxlu nazik hörüklər hörüb qızılgüllərlə bəzəyirdi.

      – Səhv etmirəmsə, bu gün onun ad günüdür, – Pep-pi izah etdi. – Ona görə qəşəng görünməlidir.

      Tommi bərk qaçdığı üçün təngnəfəs halda soruşdu:

      – Peppi, bizimlə sirkə gedəcəksən?

      – Sizinlə dünyanın lap o başına da getməyə hazıram, amma sirkə gedəcəyimi deməyə çətinlik çəkirəm, ona görə ki bilmirəm sirk nə olan şeydir?

      – Sirk dünyada ən gözəl yerdir. Orda atlar, klounlar, kəndir üstə gəzən gözəl xanımlar var…

      – Amma bunları görmək üçün pul lazımdır, – deyə Annika atasının verdiyi pulları itirmədiyinə əmin olmaq üçün ovcunu açdı.

      – Mən ölməz Koşşey kimi varlıyam və yəqin ki, o sirki almaq üçün pulum çatar.

      – Sən axı niyə başa düşmürsən? –Tommi onun sözünü kəsdi. – Sən sirk-zad almalı olmayacaqsan. Pulu baxmaq üçün verirlər.

      – Bircə elə bu çatmırdı. – Peppi özündən çıxdı və tez gözlərini yumdu. – Baxmaq üçün də pul vermək lazımdır? Axı mənim işim bütün günü oyan-buyana baxmaqdır. Mənim baxdıqlarımın pulunu heç vaxt sayıb-hesablamaq olmaz.

      Nəhayət, Tommi və Annika sirkin nə olduğunu birtəhər Peppiyə başa saldılar. Peppi çamadanından bir neçə qızıl pul çıxartdı, dəyirman çarxı böyüklükdə şlyapasını başına qoydu və dostları ilə sirkə yollandı.

      Sirkin girəcəyində camaat toplaşmışdı, bilet kassalarında növbə vardı. Peppi kassaya yaxınlaşıb başını pəncərədən içəri saldı və yaşlı, xoşsifət qadını görüb soruşdu:

      – Sənə neçəyə baxmaq olar?

      Lakin qadın əcnəbi olduğundan Peppinin sualını başa düşmədi və pozuq dildə cavab verdi:

      – Ay qız, yaxşı yer peş kron, o biri yer uç kron, pis yer bir kron.

      Peppi dedi:

      – Yaxşı, amma mənə söz ver ki, kəndirin üstə gəzəcəksən.

      Tommi Peppinin çiyni üstündən gördü ki, o, üç kronluq bilet alır. Biletsatan qadın qızıl pulu Peppidən alanda şübhəli-şübhəli Peppiyə, sonra da pula baxdı. Qadın qızılın saxta olub-olmadığını bilmək üçün dişi ilə də yoxladı. Pulun qızıl olduğuna inandıqdan sonra bileti və pulun qalığını – çoxlu gümüş pulu Peppiyə uzatdı. Peppi pulları almadı, dedi:

      – Axı bu qədər xırda pul nəyimə lazımdır?

      Peppi puldan qəti imtina etdiyindən biletsatan qadın onun biletini beş kronluğa dəyişməli oldu, üstəlik, Tommi və Annikadan pul almayıb onlara da beş kronluq bilet verdi.

      Beləliklə, Peppi, Tommi və Annika ən yaxşı yerlərdə – birinci sırada, məxmər kreslolarda əyləşdilər. Tommi və Annika yerlərində fırfıra kimi fırlanır, onlardan xeyli aralı, arxa cərgələrdə oturmuş məktəb yoldaşlarını salamlayırdılar.

      – Nə qəribə alaçıqdır… – Peppi təəccüblə sirki nəzərdən keçirirdi.

      Eyvanda oturan çalğıçılar birdən gurultu ilə marş çaldılar. Peppi bərk-bərk əl çaldı, yerində bir neçə dəfə hoppanıb-düşdü və soruşdu:

      – Musiqi havayıdır, ya ona da pul vermək lazımdır?

      Elə bu vaxt pərdə arxasından sirkin direktoru çıxdı. Əynində qara frak, əlində uzun qamçı vardı. Ardınca başları qırmızı quş lələkləri ilə bəzənmiş iki ağ at çapaçapa meydana girdi. Direktor qamçını şappıldatdı və atlar qabaq ayaqları ilə baryerin üstə qalxdılar. Atlardan biri Peppigilin lap qabağında durmuşdu. Peppi iki əli ilə atın ayağından yapışaraq dedi:

      – Salam, ay at! Sənə öz atımın salamını çatdırıram! Bu gün onun ad günüdür, amma mən qızılgüllə onun başını yox, quyruğunu bəzəmişəm…

      Lakin Peppi o dəqiqə atın ayağını buraxmalı oldu. Çünki direktor yenə qamçını şappıldatdı və atlar baryerdən düşüb meydançada çapdılar.

      Nömrə qurtardı. Direktor hörmətlə təzim etdikdə atlar da bəzəkli başlarını əydi. Pərdə açıldı və meydançaya zil qara bir at çıxdı. Atın belində yaşıl paltarlı bir qız durmuşdu. Proqramda bu qızın adı miss Karmensita yazılmışdı. At meydançada çapır, miss Karmensita isə onun belində sakitcə durub gülümsəyirdi. Lakin at Peppinin yanından çaparaq keçdikcə birdən havada qaraltı göründü. Bu qaraltı – Peppinin özü idi. O, atın belinə sıçrayıb miss Karmensitanın arxasında durdu. Bu gözlənilməzlikdən miss Karmensita az qala yerə yıxılacaqdı. Sonra qəzəblə qollarını yelləyərək Peppini itələyib yerə salmaq istədisə də, buna nail ola bilmədi.

      – Xeyr a, – Peppi qışqırdı, – indi də qoy bir az mən əylənim. Elə bilirsən bircə sən at çapmaq istəyirsən? Təkcə sən yox, hamı pul verib!

      Onda miss Karmensita özü atın belindən düşmək istədi, lakin bacarmadı – Peppi iki əli ilə onu bərk-bərk tutmuşdu. Tamaşaçılar gülməkdən uğunub gedirdilər. Sirkin direktoru xidmətçilərə atı saxlamağı işarə etdi. Atın dayandığını görüb Peppi soruşdu:

      – Olmaya nömrə qurtardı? Heyif, yaxşıca əylənirdik!

      – Zəhləm getmiş, rədd ol mənim sirkimdən! – deyə direktor qəzəbləndi.

      Peppi məzəmmətlə ona baxdı.

      – Acığın niyə tutur? Mən elə bilirdim ki, hamı bura şənlənməyə gəlib? Elə deyil məgər? – Peppi soruşdu.

      Peppi atdan düşüb öz yerində oturdu. Bu vaxt iki xidmətçi ona yanaşdı. Onlar qızın qollarından yapışıb yerindən qaldırmaq və sirkdən çıxartmaq istədilər. Lakin Peppi kresloda elə möhkəm oturmuşdu ki, onu yerindən qaldırmaq qeyri-mümkün idi.

      Elə bu vaxt növbəti nömrə başlandı. Meydançaya çəhrayı paltar geymiş bəzəkli miss Elvira çıxdı. Elvira əlində çətir tutmuşdu. O, tarım çəkilmiş kəndirin üstü ilə xırda addımlarla irəlilədi, sonra da cürbəcür maraqlı akrobatik nömrələr göstərdi. O, yuxarıdakı meydançaya çıxdıqda Peppi artıq orada durmuşdu. Miss Elviranın təəccüblü baxışını görən Peppi


Скачать книгу