Mio, mənim Miom. Астрид Линдгрен
title>
GECƏ-GÜNDÜZ YOLDA
Görəsən, heç keçən il oktyabr ayının on beşində radioya qulaq asan olubmu? Bəlkə, kimsə yoxa çıxmış oğlan haqqında məlumatı dinləyib? Yox? Radioda belə bir elan verilmişdi:
“Stokholm polisi doqquzyaşlı Bo Vilhelm Ulsonu axtarır. O, dünən axşam saat altıda Uplandsqatan küçəsində yerləşən on üç saylı evdən yoxa çıxıb. Bo Vil-helm Ulsonun sarışın saçları və mavi gözləri var. Həmin gün əynində qəhvəyi qısa şalvar, boz toxunma sviter, başında qırmızı papaq varmış. İtkin düşmüş şəxs haqqında məlumatı olanlar polisin növbətçi bölməsinə müraciət etsinlər”.
Radio ilə verilən elan bu idi. Amma Bo Vilhelm Ulson haqqında məlumat verən tapılmadı. O, yoxa çıxmışdı. Hara getdiyini də heç kim, heç vaxt bilməyəcək. Bax bu barədə heç kəs məndən çox bilə bilməz. Çünki həmin Bo Vilhelm Ulson mən özüməm.
Yaman istərdim ki, hər şeyi, heç olmasa, Benkaya danışım. Onunla tez-tez oynayırdıq. Əsl adı Benqtdir, amma hamı onu sadəcə Benka çağırır. Aydındır ki, məni də heç kim Bo Vilhelm Ulson çağırmır, qısaca Busso deyirlər. (Daha doğrusu, əvvəllər mənə Busso deyirdilər. Amma indi, yoxa çıxandan bəri daha mənim adımı çəkən yoxdur.) Bircə Edlya xalayla Siksten dayı mənə “Bo Vilhelm” deyirdilər. Sözün düzü, Siksten dayı mənə heç cür müraciət eləmirdi, ümumiyyətlə, mənimlə danışmırdı.
Edlya xalayla Siksten dayı məni övladlığa götürmüşdülər. Həmin vaxt cəmisi bir yaşım tamam olmuşdu. Bundan qabaq isə yetimxanada yaşamışdım. Edlya xala məni oradan götürmüşdü. Ümumiyyətlə, o, qız uşağı axtarırdı, amma istədiyi qızı tapa bilməyib məni seçmişdi. Hərçənd Siksten dayıyla Edlya xalanın oğlanların hərəkətlərinə dözümü yoxdu, xüsusən də uşaq səkkiz-doqquz yaşına çatanda. Edlya xala sübut etməyə çalışırdı ki, evdə mənim əlimdən aləm bir-birinə dəyir, gəzməkdən gələndə Teqner parkının bütün kir-pasağını özümlə evə daşıyıram, pal-paltarımı hara gəldi atır, bərkdən gülüb-danışıram. Elə hey təkrar edirdi:
“Lənət olsun sənin bizim evə gəldiyin günə”. Siksten dayı isə mənə, ümumiyyətlə, heç nə demir, yalnız hərdənbir qışqırırdı: “Rədd ol gözümün qabağından, izin-tozun da qalmasın!”
Günümün çox hissəsini Benkanın yanında keçirirdim. Atası tez-tez onunla söhbət edir, ona planer1 düzəltməkdə kömək eləyirdi. Hərdənbir mətbəxin qapısında Benkanın nə qədər boy atdığını bilmək üçün işarələr qoyurdu. Benka kefi istəyən qədər deyib-gülə, paltarlarını da hara gəldi ata bilərdi. Atası onu çox istəyirdi.
Uşaqlar Benkaya qonaq gəlib onunla oynayırdılar. Mənim yanıma isə heç kimin gəlməyinə icazə verilmirdi, çünki Edlya xala deyirdi: “Bura qaçdı-tutdu yeri deyil”. Siksten dayı da təsdiqləyirdi: “Bir şuluğumuz var, bəsdi”.
Bəzən gecələr yatağa girəndə arzu edirdim ki, kaş Benkanın atası mənim də atam olaydı. Bax onda fikirləşirdim ki, görən mənim əsl atam kimdir, niyə onun, anamın yanında deyiləm, gah yetimxanada, gah da Edlya xalayla Siksten dayının yanında yaşayıram. Edlya xala bir dəfə mənə dedi ki, mən anadan olanda anam ölüb. “Sənin atanın kim olduğundan isə heç kəsin xəbəri yoxdur. Allah bilir haranın tülüngüsüymüş”, – deyə əlavə etdi.
Atam haqqında belə danışdığı üçün Edlya xaladan zəhləm gedirdi. Bəlkə də, mən doğulanda anamın ölməyi düz idi. Amma bilirdim ki, atam yoldan keçənin biri deyil. Dəfələrlə yatağımda uzanarkən ondan ötrü gizlin-gizlin ağlamışdım.
Mənimlə mehriban davranan yeganə adam meyvə dükanında işləyən Lundin xanım idi. Hərdən məni şirniyyata, meyvəyə qonaq edirdi.
İndi bütün olub-keçənlərdən sonra tez-tez fikirləşirəm ki, görən Lundin xala kimiymiş. Axı hər şey keçən ilin oktyabr günündə elə ondan başladı.
Həmin gün Edlya xala məni elə hey danlayırdı, elə bil bütün bədbəxtliklərinin səbəbi mən idim. Axşam saat altıya yaxın mənə tapşırdı ki, Drotninqqatan küçəsindəki bulka dükanına qaçıb onun sevimli suxarılarını alım. Qırmızı papağımı başıma qoyub küçəyə qaçdım.
Mən meyvə dükanının yanından keçəndə Lundin xala qapının ağzında dayanmışdı. Çənəmdən tutub mənə uzun, qəribə bir nəzər saldı. Sonra soruşdu:
– Alma istəyirsən? – Bəli, sağ olun, – deyə cavab verdim.
O da mənə çox dadlı görünən dəymiş, qəşəng bir alma verdi.
– Sən poçt yeşiyinə açıqca sala bilərsən? – Lundin xala soruşdu.
– Əlbəttə, – deyə razılaşdım. O, açıqcaya bir neçə sətir yazıb mənə uzatdı.
– Xudahafiz, Bo Vilhelm Ulson, – dedi. – Əlvida, əlvida, Bo Vilhelm Ulson.
Sözləri qeyri-adı səsləndi. O axı həmişə məni Busse deyə çağırırdı.
Poçt yeşiyinə çatmaq üçün bir məhəllə də getmək lazım idi. Amma mən açıqcanı salanda gördüm ki, o, rəngdən-rəngə çalıb bərq vurur, sanki odlu hərflərlə yazılmışdı. Hə, elədir ki var! Lundin xalanın yazdığı hərflər işıqlı elan kimi par-par yanırdı. Özümü saxlaya bilməyib açıqcanı oxudum. Orada yazılmışdı:
“Uzaq-uzaq ölkənin kralına.
Sənin çoxdan axtardığın yoldadır.
Gecə-gündüz yol gəlir, əlində isə sehrli işarə – qızıl alma var”.
Bir kəlmə də başa düşmədim. Ancaq canıma vicvicə düşdü. Tez-tələsik açıqcanı yeşiyə saldım.
Maraqlıdır, görəsən, bu gecə-gündüz yol gələn kimdir? Kimin əlindədir qızıl alma?
Elə bu zaman Lundin xalanın mənə verdiyi almaya baxdım, alma qızılı idi.
İndi əmin idim: əlimdə qəşəng, qızıl alma tutmuşdum.
Özümü yaman tənha hiss elədim, az qaldım ağlayam. Teqner parkına gedib skamyada oturdum. Orada heç kəs yox idi. Yəqin, hamı şam eləməyə getmişdi. Hava tutulmuşdu, yağış çisələyirdi. Parkın ətrafındakı evlərdə işıqlar yanırdı. Benkanın evində də işıq yanırdı. Deməli, evdə ata-anasının yanındadır, kökə, noxud yeyir. Yəqin, harada işıq yanırsa, orada uşaqlar öz ata-analarının yanında otururlar. Bircə mən burada, qaranlıqdayam. Əlimdə qızıl alma, tək-tənhayam. Bilmirəm onu neyləyim. Yaxınlıqda küçə fənəri vardı, işığı mənim və almamın üstünə düşürdü. Birdən fənərin işığında yerdə nəsə göründü. Demə, bu, adi pivə şüşəsiymiş. İçi də boş. Kimsə boğaz hissəsinə taxta parçası soxmuşdu. Yəqin, bu, gündüz parkda oynayan uşaqlardan birinin işiydi. Mən şüşəni götürüb üstünü oxudum: “Pivə istehsalı üzrə səhmdar cəmiyyət, Stokholm, 2-ci növ”. Birdən mənə elə gəldi ki, şüşənin içində kimsə tərpənir.
Bir dəfə kitabxanadan “Min bir gecə” adlı kitab almışdım. Orada şüşənin içində oturan bir cin haqqında danışılırdı. Amma bu, uzaq Ərəbistanda, min illər bundan əvvəl olmuşdu. Teqner parkında adi şüşə qab isə tamam başqa məsələdir. Stokholm pivə zavodlarının şüşələrinin içində cin nə gəzir? Amma bu şüşənin içində, doğrudan da, kimsə var idi. Vicdanım haqqı, orada cin oturmuşdu! Özü də dustaqlıqdan çıxmağa can atırdı. Şüşənin ağzını bağlayan taxta parçasını göstərib yalvarıcı nəzərlərlə mənə baxırdı. Mən cinlərlə rastlaşmamışdım, şüşənin ağzındakı ağac parçasını çıxartmağa bir az qorxurdum. Axır ki, cəsarət elədim, cin şüşədən səs-küylə çıxdı. Bir andaca böyüməyə başladı, getdikcə lap nəhəng oldu. Teqner parkının ən hündür evləri onun çiynindən idi. Cinlər belədirlər: gah kiçilib elə balaca olurlar ki, şüşənin içinə sığırlar, gah da bir andaca böyüyüb evdən böyük olurlar.
Necə qorxduğumu təsəvvür etmək mümkün deyil. Tir-tir əsirdim. Elə bu vaxt cin danışmağa başladı, səsi güclü şəlalə kimi guruldayırdı, fikirləşdim ki, nolaydı Edlya xalayla Siksten dayı onu eşidəydilər, görəydilər necə bərk danışanlar var.
– Ey
1