Mio, mənim Miom. Астрид Линдгрен
də özümüzdən çıxmışıq, hətta dalaşmışıq da. Bir-birimizə acığımız da tutub, amma sonra barışmışıq. Ancaq Yum-Yumla dalaşmaq hec cür mümkün deyildi.
– Bilirsən mənim adım nədir? – soruşdum ondan. – Elə bilirsən Bussedir? Heç də yox, mənə əvvəllər belə deyirdilər.
– Bilirəm ki, sənin adın Miodur, – Yum-Yum cavab verdi. – Kralımız bütün ölkəyə çaparlar göndərib, onlar da hamıya Mionun qayıtdığını xəbər veriblər.
Bax ha! Atam məni tapanda nə yaman sevinib. Hətta bu barədə krallığının bütün sakinlərinə xəbər verməyi də tapşırıb.
– Bəs sənin atan var, Yum-Yum? – soruşdum, ürəyimdə bərk arzuladım ki, kaş onun da atası olaydı.
– Əlbəttə, var, – Yum-Yum cavab verdi. – Mənim atam kralın bağbanıdır. Gedək evimizi sənə göstərim.
Bunu deyib Yum-Yum əyri-üyrü cığırla bağın ən uzaq guşəsinə tərəf qaçmağa başladı. Orada küləş damlı balaca bir evcik vardı, lap nağıllardakı kimi. Damını və divarlarını qızılgül elə örtmüşdü ki, ev, demək olar, görünmürdü. Pəncərələri taybatay açıq idi, ağ quşlar gah uçub içəri girir, gah da bayıra çıxırdı. Evin yanında skamyalı stol qoyulmuşdu, arxada isə arı pətəkləri görünürdü. Ətrafda gümüşü yarpaqlı qovaq və söyüd ağacları bitmişdi. Mətbəxdən kiminsə səsi gəldi.
– Yum-Yum, şam eləməyi unutmamısan ki? – anasının səsiydi.
O, gülümsəyə-gülümsəyə artırmaya çıxdı. Mən gördüm ki, o, Lundin xalaya çox oxşayır, ancaq bir az cavan idi. Dəyirmi yanaqlarındakı dərin çöküklər Lundin xaladakı kimiydi, özü də lap Lundin xala kimi çənəmdən tutdu.
– Hər vaxtın xeyir, Mio! Yum-Yumla birlikdə şam eləmək istəmirsən?
– Məmnuniyyətlə, – cavab verdim, – əgər sizə əziyyət vermirəmsə.
O dedi ki, onun üçün xoşdur. Yum-Yumla mən evin yanındakı stolun arxasına keçdik, anası isə böyük bir boşqabda kökə, çiyələk mürəbbəsi, süd gətirdi. Biz Yum-Yumla partlayanacan yedik. Axırda bir-birimizə baxıb gülüşdük. Yum-Yumun yanımda olmasına çox sevinirdim.
Birdən ağ bir quş gəldi, dimdiyi ilə mənim boşqabımdan bir parça kökə götürdü, bu bizi daha da əyləndirdi.
Bu zaman gördük ki, kral bizə tərəf gəlir. Atam məni görüb dayandı.
– Mio, mənim Miom, görürəm kefin kökdür, – dedi.
– Ay, bağışlayın! – üzr istədim, fikirləşdim ki, yəqin, Edlya xala, Siksten dayı kimi kralın da kiminsə ucadan gülməyindən xoşu gəlmir.
– Doyunca gülün, – atam cavab verdi. Sonra bağbana tərəf çönüb dedi: – Quşların nəğməsi, ağcaqovaqların səsi xoşuma gəlir, amma hər şeydən çox oğlumun bağımdakı gülüşünü sevirəm.
Birinci dəfə başa düşdüm ki, atamdan qorxmağıma dəyməz. Mən nə iş tuturamsa tutum, o, xeyirxah gözləri ilə mənə baxır, lap elə indi ağ quşlar başına dolandığı an bağbanın çiyninə söykənib durduğu kimi. Bunu başa düşən kimi sevincimdən özümə yer tapmadım, başımı dala atıb dayanmadan elə qəhqəhə çəkdim ki, quşlar da qorxuya düşdülər.
Yəqin, Yum-Yum fikirləşirdi ki, mən hələ də boşqabımdan kökə parçası götürən quşa gülürəm, o da uğunub getdi. Gülüşümüz atama, Yum-Yumun ata-anasına da keçdi. Bilmirəm onlar nəyə gülürdülər, mənsə ürəkdən sevinirdim ki, belə bir xeyirxah atam var.
Yum-Yumla deyib-gülərək bağın içərilərinə qaçdıq və talalarda mayallaq aşmağa, qızılgül kollarının arasında gizlənpaç oynamağa başladıq. Bağda o qədər gizli yer var idi ki, onların onda bir hissəsi Teqner parkında Benkayla mənə artıqlaması ilə bəs edərdi. Daha doğrusu, Benkaya bəs edərdi. Aydın məsələdir ki, mən Teqner parkında gizlənmək üçün yer axtarmalı olmayacağam.
Qaş qaralırdı. Bağın üzərinə yüngül, mavi tüstü çökürdü. Ağ quşlar yuvalarında gizlənib susmuşdular. Ağcaqovaqlar cingildəmirdi. Bağ səssizliyə qərq olmuşdu. Yalnız ən hündür qovağın başında balaca, qara bir quş oturub oxuyurdu. O, ağ quşların hamısından yaxşı oxuyurdu, mənə elə gəldi ki, o ancaq mənim üçün oxuyur. Eyni zamanda qulaqlarımı tutmuşdum, quşu dinləmək istəmirdim, mahnısı məni qəmləndirirdi.
– Bu da axşam, tezliklə gecə düşəcək, – Yum-Yum dedi. – Mən evə getməliyəm.
– Dayan, getmə, – xahiş etdim. Bu sirli quşla baş-başa qalmaq istəmirdim. – Bu nə quşdur, Yum-Yum? – deyə qara quşu göstərdim.
– Bilmirəm, yasa batmış kimi qapqara olduğuna, qəmli oxuduğuna görə mən ona Qəmli quş deyirəm. Bəlkə də, əsl adı başqadır.
– O nəsə ürəyimə yatmır, – boynuma aldım.
– Mənsə onu sevirəm, – Yum-Yum dedi, – elə xeyirxah gözləri var ki. Gecən xeyrə qalsın, Mio. – Mənimlə sağollaşıb qaçdı.
Biz bağdan çıxmamış quş böyük, qara qanadlarını çala-çala göyə qalxdı.
Mənə elə gəldi ki, göydə üç balaca ulduz yandı.
MİRAMİS
Maraqlıdır, görəsən, Benka mənim ağ atımı, qızıl yallı, qızıl dırnaqlı Miramisimi görsəydi, nə deyərdi?
Benkayla yaman at həvəskarıyıq. Mən Uplandsqatan küçəsində yaşayanda təkcə Benkayla, Lundin xalayla dostluq eləmirdim. Bir dostumu az qala tamam unutmuşdum. Onun adı Kalle-Loş idi, pivə zavodunda işləyən qoca, ölgün yük atıydı.
Həftədə bir neçə dəfə səhərlər Uplandsqatandakı mağazaya pivə gətirirdilər. Məktəbə gedərkən mən hər dəfə bir neçə dəqiqə sərf edirdim ki, Kalle-Loş ilə bir az söhbətləşim. O, xeyirxah, qoca at idi, mən də onun üçün qənd parçaları və çörək qırıntıları saxlayırdım.
Benka da belə edirdi, çünki Kalleni mənim kimi çox istəyirdi.
O deyirdi ki, Kalle onun atıdır, mənsə deyirdim, mənimdir, Kallenin üstündə hərdən dalaşırdıq da. Amma Benka eşitməyəndə Kallenin qulağına pıçıldayırdım: “Sən mənimsən”. Kalle-Loş da razılıqla mən tərəfə əyilirdi. At Benkanın nəyinə lazım idi ki, axı onun ata-anası, insana lazım olan hər şeyi vardı. Düzünə qalsa, Kalle-Loş bizə yox, pivə zavoduna məxsus idi. Biz yalnız onu özümüzünkü sanırdıq. Doğrudur, arabir özüm də buna inanırdım.
Bir dəfə Kalle ilə laqqırtı vurub dərsə gecikdim, müəllim soruşanda ki niyə gecikmişəm, bilmədim nə cavab verim. Axı müəllimə necə deyə bilərdim ki, qoca atla laqqırtı vururdum. Səhərlər pivə arabası uzun müddət gəlib çıxmayanda məktəbə Kalle-Loşla görüşməmiş qaçmalı olurdum. Arabaçıya acığım tuturdu ki, niyə diribaş deyil. Parta arxasında oturub qənd parçalarını, çörək qırıntılarını cibimdə fırladır, Kalledən ötrü darıxırdım. Fikirləşirdim ki, onu görənə kimi hələ bir neçə gün də keçəcək. Onda müəlliməm soruşurdu:
– Nədir, ay Busse, nəyin dərdini çəkirsən? Nə