Mio, mənim Miom. Астрид Линдгрен
əsl canlı nənə görməmişdim. Dostumuz Nonnonun nənəsi ilə tanış olmaq mənimçün də maraqlıydı.
Quzuları, qoyunları, Miramisi də özümüzlə götürməli olduq. Bütöv bir karvan yarandı. Qabaqda Yum-Yum, Nonno və mən gedirdik, sonra qoyun-quzu, lap axırda da Miramis gəlirdi.
Biz tütək çala-çala təpələrdən, dərələrdən keçirdik. Bu şən səyahət, deyəsən, qoyun-quzunun xoşuna gəlmişdi, yolboyu hey mələşir, yan-yörəmizdə atılıb-düşürdülər.
Biz çox yol getdik. Nəhayət, Nonnonun evini gördük. Bu oyuncaq kimi bapbalaca daxma çiçəkləmiş jasmin və yasəmən kollarına qərq olmuşdu.
– S-s-s… – Nonno pıçıldadı. – Gəlin nənəni qorxudaq.
Nonno, Yum-Yum və mən pəncərənin qabağna düzüldük. Nonno komanda verdi:
– Bir, iki, üç!
Biz o dəqiqə şən-şən çalmağa, qoyun-quzu da oynaqlaşmağa başladı. Pəncərənin qabağında qoca, lap qoca bir nənə göründü. Bu, Nonnonun nənəsiydi. O əl çalıb ucadan dedi:
– Ay, nə gözəl musiqidir!
Bu nənə nağıllardakı nənələrə bənzəyirdi, amma əsl, canlı nənə idi.
Sonra biz daxmaya girdik. Nənə soruşdu ki, yemək istəyirikmi. Necə istəməyəydik, axı yolda bərk acmışdıq. Nənə çörək kömbəsi çıxardıb onu iri tikələrə böldü. Bu, qara çörək idi, amma mən ondan dadlısını yeməmişdim.
– Nə ləzzətlidir! – Nonnoya dedim. – Bu hara çörəyidir?
– Adi qara çörəkdir, – Nonno cavab verdi. – Gündəlik ruzidir, hər gün qarnımızı doydurur.
Miramis də bizimlə şam etməyin əleyhinə deyildi. O, başını pəncərədən içəri salıb astadan kişnəməyə başladı. Yaman gülüşdük, əcəb qiyamət oldu. Nənə isə əli ilə Miramisin ağzından tutub öz dadlı çörəyindən ona da verdi.
Sonra su içmək istədim, bunu Nonnoya dedim. O bizi bir bağa apardı, buradakı çeşmədən saf su axırdı. Nonno qədim badyanı bulağın gözünə tutdu və su götürüb bizə verdi. Ömrümdə belə sərin, dadlı su içməmişdim.
– Nə dadlıdır, – Nonnoya dedim. – Bu nə suyudur?
– Ən adi sudur, onunla hər gün susuzluğumuzu yatırırıq.
Miramis də içmək istədi, ona da su verdik, sonra isə qoyun-quzunu içizdirdik.
Nonnonun sürüsüylə birlikdə təpələrin arasındakı otlağa qayıtmaq vaxtı idi. Nənəsindən xahiş etdi ki, ona çoban bürüncəyi versin: gecələr qoyunlarla çöldə yatanda bu bürüncəyə bürünürdü. Nənəsi ona qəhvəyi rəngli bir bürüncək verdi. Xoşbəxt adamdır bu Nonno – çöldə təkcə gecələyə bilir. Mənə isə hələ belə xoşbəxtlik nəsib olmayıb. Benkayla valideynləri şəhər kənarına əsl turistlər kimi velosipedlə gedirdilər. Sakit bir meşə kənarında çadır qurur, yataq kisələrində gecələyirdilər. Benka inandırırdı ki, bundan yaxşısı yoxdur, mən də həvəslə inanırdım.
– Bəxtin gətirir, – dedim Nonnoya. – Gecə çöldə yata bilirsən.
– Sənə mane olan kimdir? – Nonno soruşdu. – Gedək mənimlə.
– Yox, – etiraz elədim. – Axşam evə qayıtmasam, atam narahat olar.
– Mən krala xəbər göndərərəm ki, sən çöldə gecələyəcəksən, – dostumuz Nonnonun nənəsi dedi.
– Mənim atama da, – Yum-Yum xahiş etdi.
– Yaxşı, bağbana da çatdıraram, – nənə razılaşdı.
Biz Yum-Yumla elə sevindik ki, qoyunlardan da betər atılıb-düşməyə başladıq.
Nənə bizə baxıb başını buladı:
– Şeh düşən kimi donacaqsınız. – Qəfil üzü tutuldu. – Məndə iki bürüncək də var.
O, daxmanın küncündəki köhnə sandığa tərəf gedib biri qırmızı, biri göy rəngli iki bürüncək çıxartdı.
– Qardaşlarımın bürüncəkləridir, – Nonno astadan dedi.
– Bəs qardaşların hanı? – soruşdum.
– Cəngavər Kato, – Nonno pıçıldadı. – Zalım cəngavər Kato onları əsir alıb.
Bu sözləri eşidən Miramis pəncərə arxasında elə kişnədi ki, elə bil kimsə onu vurmuşdu. Quzular qorxa-qorxa qoyunlara tərəf qaçışdı, qoyunlar isə yanıqlı səslə mələşdi, sanki axırları çatmışdı. Nənəm qırmızı bürüncəyi mənə, göyü Yum-Yuma verdi. Nonnoya çörək kömbəsi, bir səhəng bulaq suyu da verdi və biz yenə dərəli-təpəli yolumuza başladıq. Dostumuz Nonnonun qardaşlarının aqibəti məni məyus eləmişdi, amma yenə də gecəni çöldə keçirəcəyimə sevinirdim.
Biz təpənin ətəyində, salxım söyüdün şəffaf suya sarı əyildiyi yerdə dayandıq.
Böyük, isti bir tonqal qaladıq, dövrəsində oturub çörəkdən yedik, bulaq suyundan içdik.
Tezliklə duman çökdü və qaranlıq qatılaşdı, amma ocağın yanı isti və işıqlı idi.
Sonra bürüncəklərimizə büründük, bir-birimizə sığınıb tonqalın yanında uzandıq. Qoyun-quzu yanımızda uzanmışdı, Miramis isə yaxınlıqda ot gövşəyirdi. Biz küləyin otları xışıldatdığını eşidir, uzaqlarda yanan ocaqların şölələrini görürdük. Gecənin qaranlığında çoxlu tonqal alışırdı, axı Yaşıl Çəmənliklər adasında çobanlar hər gecə ocaq qalayırlar. Biz ot üstündə uzanıb tonqala baxır, qədim çoban nəğməsinə qulaq asırdıq.
Səmada ulduzlar sayrışırdı. Heç vaxt bundan böyük və parlaq ulduzlar görməmişdim. Uzanıb onlara baxdım, sonra arxası üstə çevrildim, bürüncəyə elə büründüm ki, isti olsun və ulduzlar haqda düşünməyə başladım. Maraqlıdır, görəsən, ulduzlar musiqini xoşlayırmı? Bunu Nonnodan soruşdum, cavab verdi ki, bəli, ulduzlar musiqini xoşlayır. Onda biz təzədən tonqalın ətrafında oturduq, tütəklərimizi çıxardıb öz çoban nəğməmizi ulduzlar üçün çalmağa başladıq.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.