Robin Hud. Народное творчество
saat oturub köhnə vaxtları yada salaram. Hə, əziz abid, qabağa düş görək!
Abid dovşanı götürüb meşəylə getməyə başladı. Tuk da onun dalınca getdi. Birdən yadına nəsə düşdü, abiddən xəbər aldı:
– Mən bilən, Alfredin qohumu yoxdur axı?
– O… mənim əsl dayım deyildi, – abid kəkələdi. – Mən onu hörmətlə belə çağırırdım.
– Sən dovşanı bu gün yeyəcəksən? – Tuk yenə soruşdu.
– Hə, bu gün yeyəcəyəm.
– Bəs xəbərin yoxdur ki, bu gün cümə günüdür, bu müqəddəs gündə ət yemək olmaz?
Abid yenə tutuldu:
– Onda… mən dovşanı sabah yeyərəm.
Əvvəlcə balıq tutdular, bir az da ov edəndən sonra, nəhayət, gəlib abidin yaşadığı mağaraya çatdılar. Rahib Tuk onun yalançı olduğunu başa düşmüşdü. Artıq hirslənməyə başlamışdı. Axşam yeməyinə quru pendir, bərkimiş çörək, bir də iylənmiş su görəndə lap özündən çıxdı.
– Bugünkü ovun əvəzində bu çox az işdir, – dedi.
– Balığı təmizləmək vaxt aparacaq. Əgər pul ödəsən, sənə yaxşı yemək bişirərəm.
– Sən mənim bu gün əldə etdiyim ov üçün məndən pul istəyirsən? Yoxsa deyəcəksən ki, qalmaq pulunu da verim?
– Əlbəttə. Görmürsən ki, mən yoxsul adamam?
– Meşədən istifadə edən adam yoxsul ola bilməz. Cəld ol! – Rahib amiranə tərzdə dedi. – Mənə iki balıq bişir!
Abid susub yemək hazırlamağa girişdi, rahib Tuk isə mağaranın içərisini gözdən keçirməyə başladı. Bura qaranlıq və çirkli yer idi. İçəridə arıq bir it quduzcasına hürür, sanki rahibin üstünə atılmaq istəyirdi.
– Sakit ol, köpək, – Tuk dedi. – Mənim sənin qoruduqlarınla işim yoxdur.
Sonra bayıra çıxdı, çaya tərəf gedib sahilə bağlanmış qayıq gördü. Bir müddət sonra yemək hazır oldu. Rahib Tuk acgözlüklə şam elədi. Azacıq itə də atdı. Sonra qərara gəldi ki, mağara sakinlərinin səs-küyündən uzaq olmaq üçün bayırda yatsın. Mağaradan bir xeyli aralandı, kolların içində yerini rahatlayıb uzandı.
Təzəcə mürgüləməyə başlamışdı ki, at ayaqlarının səsini və it hürüşü eşitdi. Başını qaldırıb talada iki nəfər, yanlarında da yüklü bir qatır gördü. Özünü abid adlandıran adam mağaradan çıxıb tez onları qarşılamağa getdi. Rahibin yatdığı yeri onlara göstərdi; kişilər astadan danışmağa başladılar. Qatırı açıb içi qızıl-gümüş dolu kisələri bellərində mağaraya apardılar. Haradansa böyük sərvət ələ keçirmişdilər.
Rahib Tuk başa düşdü ki, oğruların arasındadır. O, haqq yoluyla gedən adam olduğu üçün belə şeylərə dözə bilməzdi. Buna görə də çox düşünmədən özünü quldurların dalınca mağaraya saldı. Oğrular qonaqlıq düzəltmişdilər, yeyib-içirdilər. Rahibi görəndə özlərini itirdilər.
– Yaşasın kral Riçard! – deyə Tuk təntənəylə bildirdi. – Allah onu hifz eləsin!
– Rədd olsun kral Riçard! – quldurlar dedilər. – Riçardın İngiltərəyə heç bir faydası yoxdur. O, ölkə ilə maraqlanmır, heç nədən ötrü vuruşduğunu da bilmir. Biz şahzadə Conun tərəfdarlarıyıq.
– Haqlısınız, – Tuk dedi, – çünki o da sizin kimi quldurdur. Xalqın varını çapıb-talayır, ona zülm edir. Yəqin ki, oğurladığınız qızıl-gümüşü aparıb ona verəcəksiniz, o da sizi yaxşıca mükafatlandıracaq. Yaramaz oğrular!
Quldurlar qılınclarını çıxarıb onun üstünə atıldılar. Rahib Tuk ağırtərpənən olsa da, güclü adam idi, buna görə də bir andaca qılıncını çəkib quldurların hamısını məğlub elədi. Qılınclarını vurub əllərindən saldı. Onlar qorxudan meşəyə qaçıb getdilər. Tuk mağaraya baxıb çoxlu daş-qaş, qızıl-gümüş gördü. Öz-özünə dedi:
– Robin Fitzut varlıların sərvətini əllərindən alıb kasıblara paylayır. Mən də belə edəcəyəm. Bu, doğrudan da, xeyirxah işdir.
Sonra mağaranı səliqəyə saldı. Qərara gəldi ki, elə buradaca yaşasın. Sahildəki qayıqla çaydan adam keçirib çörəkpulu qazansa bəs edər. Beləcə yeni həyata başladı. Təzə həyat ona həm maraqlı, həm də uğurlu gəlirdi.
Yeni məskəndə
Robin Hudun Marianna və dostları ilə birlikdə Şervud meşəsində keçirdiyi ilk gecə narahatlıq və qayğılarla dolu idi. Marianna kiçik bir mağarada yatdı, mağaranın ağzına gözətçi qoydular.
Səhər hamı təpənin ətəyindən axan çayda yuyundu, soyuq ət yedi və suyu soyuq içdi. Çünki yeməyi bişirsəydilər, iyisi onları təqib edən əsgərləri cəlb edə bilərdi. Sonra sakitcə meşənin dərinliklərinə tərəf yol aldılar.
Robin Hud axtardığı yeri tapanda hava artıq qaralmışdı. Bu, çətinliklə sezilə bilən torpaq parçası idi; ağacların arasında bataqlıqla və iri qaya parçaları ilə əhatə olunmuşdu. Yolçular bu təhlükəsiz yerə gəlib çatana qədər bərk yorulmuşdular. Amma mağara tapmaqda və budaqlardan yataq düzəltməkdə Robinə kömək etdilər. Robin Hud dedi:
– Mən Nottinhemdə çoxlu pul gizlətmişəm. Mənim bir dostum var, biz ondan ox-yay ala bilərik. Paltar tikmək üçün parça, yorğan-döşək əldə edərik. Bunun üçün vaxt lazımdır, hələlik isə dözməli və aza qane olmalıyıq.
Beləcə Robin Hud və yoldaşları yeni məskəndə sığınacaq tapdılar və bu yer getdikcə düşmən üçün keçilməz olan qalaya çevrildi. Qaçaqlar ov edir, balıq tutur, düşərgəni sahmana salırdılar. Bir dəfə söhbət əsnasında Uill Skarlet Robin Huda dedi:
– Sən heç Şervud meşəsində gizlədilmiş uğur buynuzu haqqında eşitmisən?
– Məncə, bu əfsanəni hamı eşidib, – Robin Hud dedi. – Mən inanıram ki, bu, uydurma deyil. Onda az da olsa həqiqət payı var. Amma bilmirəm o harada gizlədilib.
– Mən bilirəm, – dəstəyə qoşulmuş meşəbəyi Martin Maç dilləndi. – Sizi oraya apara bilərəm, ancaq xəbərdar edim ki, onu əldə etmək çətindir, çünki buynuz səylə qorunur.
– Mən bu buynuzu gətirmək istəyirəm, – Robin Hud cavab verdi. – O, adamları yığmaqda, dara düşəndə mənə gərək olacaq. Sən məni oraya apara bilərsən, Martin?
– Apara bilərəm, – Martin sevincək oldu. Meşədəki həyat darıxdırıcı olmuşdu, balıq tutmaqdan və ov etməkdən başqa iş yox idi. Buna görə də yeni macəra hamı üçün maraqlı olmalıydı.
Hava qaralan kimi Robinin başçılığı ilə kiçik bir dəstə buynuzun axtarışına yollandı. Xeyli getdilər, lazım olan yerə çatanda meşəbəyi tapşırdı ki, addımlarını yavaşıtsınlar.
Birdən ağacların arasından nərilti eşidildi. Qaçaqlar cəld qılınclarını çıxartdılar. Səs ağacların arasında əks-səda verib kəsildi. Martin işarə etdi ki, ehtiyatla yollarına