Robin Hud. Народное творчество
bu, sahibi qəzəbləndirəcək. Mən çalışaram onu sakitləşdirim, – Robin Hud dedi. Sonra mağaranın ağzına gəlib itin yalından tutdu. Bir neçə dəqiqə tutaşandan sonra heyvanın qulağına xoş sözlər pıçıldayıb başını tumarlamağa başladı. İt ovsunlanmış kimi sakitcə mağaranın bir küncünə çəkildi. Amma içəridən yenə səs gəldi:
– Mən kiçik Conun tərəfdarına itimlə dostlaşmağa icazə vermirəm.
– Mən Conun tərəfdarı deyiləm, – Robin dedi, – ona görə də sakit ol, dostum. Məncə, biz ikimiz də kral Riçardın tərəfdarıyıq. Allah onu hifz eləsin!
Saqqallı adam məşəli qaldırıb Robin Hudun üzünə baxdı.
– Mən sizi tanıyıram. Siz Hantiqton qrafısınız! Gecənin bu vaxtı bu mağarada nə işiniz var?
– Mən əvvəl qraf idim. Toyumda mübahisə düşdü, bu da mənim həyatımı həmişəlik dəyişdi. İndi arvadım və dostlarımla Şervud meşəsində yaşayıram. Fikirləşdim ki, uğur buynuzunun sahibi yoxdur, onu götürməyə gəldim.
– Gəlin belə bir şərt kəsək, – adam dedi, – əgər silahsız tutaşmada siz mənə qalib gəlsəniz, buynuz sizindir.
Amansız mübarizə başladı. Robin Huda bir neçə dəfə elə gəldi ki, daha uduzub. Döyüş uzandı. Tutaşanların paltarları cırıldı, özləri qan-tərə batdılar. Ancaq rəqibinin gücdən düşdüyünü hiss edən Robin onu yerə yıxıb dizini sinəsinə qoydu və saqqalından tutub o qədər dartdı ki, kişi yalvarmağa başladı. Robin ayağa qalxdı.
– Siz qalib gəldiniz, Robin. Buynuz sizindir, – kişi tövşüyə-tövşüyə dedi. Sonra əlində məşəl onu mağaranın içinə aparıb buynuzu göstərdi. Robin Hud məşhur buynuzu əlinə götürdü, təmiz və aydın səslə çaldı. Sonra buynuzu kəmərinə keçirib dostlarına göstərmək üçün mağaradan çıxdı. İt də onun dalınca düşdü. Robin üzünü buynuzun keşikçisinə tutub dedi:
– Yaxşı olar ki, siz də bizə qoşulasınız, dostum. Burada tənha qalmağınızın mənası yoxdur. Mənə yaxşı döyüşçülər lazımdır. Bir də siz hər gün buynuzun səsini eşidəcəksiniz.
– Məmnuniyyətlə, – keşikçi dedi. – Mən ser Robinlə dünyanın o başına da gedərəm. Beyn, sən də mənimlə gedirsən, eləmi?
İt ucadan hürdü və sahibinin yanında oturdu.
Birlikdə düşərgəyə qayıtdılar.
Səhəri gün buynuzun əldə olunması münasibətilə qonaqlıq təşkil olundu. Robin Hud belə bir nitq söylədi:
– Əzizlərim, mən sizə inanır və etibar edirəm. Sizin aranızda Uill Skarlet kimi, Meşə Pəhləvanı kimi cəsurlar var. Dostluğumuz günü-gündən möhkəmlənəcək. Amma bizim həyatımız təhlükələrlə dolu olacaq. Biz yoxsullara, əzilənlərə kömək edəcəyik. Varlıların sərvətini talayıb kasıblara verəcəyik. Burada pis heç nə yoxdur. Biz kral Riçardın tərəfindəyik, şahzadə Conun əleyhinəyik. Nottinhem şerifi də, Qay Qisborn da bizim düşmənlərimizdir. Hansı birimiz onların əlinə keçsə, asılacaq. Buna görə də biz meşəni tək yox, böyük və kiçik dəstələrlə dolaşacağıq. Hamımız ayıq-sayıq olmalıyıq. Mən dara düşəndə, çətin bir iş həll edəndə sizi bu buynuzla köməyə çağıracağam.
Bunu deyib buynuza üfürdü, uzun və aydın səs eşidildi. Sonra dedi:
– İndi də gəlin içək işlərimizin uğurlu olması üçün.
Qədəhlər qalxdı, hər yandan "Ura" səsləri eşidildi.
Robin Hud şerifin dərsini verir
Meşəbəyi əzab-əziyyətlə kəsdiyi tirləri həyətinə təzəcə gətirmişdi. Nottinhem şerifi cəld onun başının üstünü aldı. Tirlərə baxıb:
– Əla ağaclardır, – dedi. – Şahzadə Con razı qalacaq. Ancaq siz Londonda verilən məbləği almayacaqsınız, çünki vergi ödəməlisiniz. Düz iki yüz giney4 verməlisiniz.
Meşəbəyi və arvadı heyrətdən donub-qaldılar. Şerif sözünə davam etdi:
– Vergini bir həftə ərzində çatdırmalısınız. Yoxsa sizi ciddi təhlükələr gözləyir. Şahzadə Con onun əmrindən çıxanları sevmir.
– Mənim iki yüz gineyim yoxdur, – meşəbəyi köksünü ötürdü. – Biz birtəhər pul yığıb birhəftəlik ərzaq almışıq. Mən şahzadəyə bu məbləği necə verə bilərəm axı?
– Hər kəsilmiş ağac üçün vergi təyin olunub, – şerif dedi. – Onu bütün meşəbəyilər ödəyirlər.
– Axı mən məlum olan bütün vergiləri də, meşənin bu hissəsi üçün təyin olunmuş məbləği də ödəyirəm, – meşəbəyi yenə etiraz etdi.
– Əgər dediyimi vermək istəmirsənsə, başqa cür də edə bilərik, – şerif istehza ilə dedi. – Torpağını əlindən alarıq.
– Ola bilməz, – meşəbəyi az qala inildədi.
– Ola bilər, əzizim. Biz başqaları ilə də bu cür davranmışıq.
– Mənə vaxt verin, – meşəbəyi yalvardı.
– Sabaha qədər vaxtın var, – deyə şerif ata minib uzaqlaşdı.
Meşəbəyi özünə gəlməyə macal tapmamış meşədən yük atları qoşulmuş böyük bir araba çıxdı. Arabanı sürən adam ona dedi:
– Biz sənin şalbanlarını götürməyə gəlmişik. – Və köməkçisi ilə birlikdə tirləri arabaya yükləyib getdi.
– Vəssalam, – meşəbəyi gözləri yaşarmış halda arvadına dedi, – daha bizim heç nəyimiz yoxdur, müflis olduq.
Qəfildən meşədən yaşıl paltarlı bir adam çıxıb onlara tərəf gəldi:
– Hörmətli meşəbəyi, mən baş verənləri eşitdim. Narahat olmayın, biz sizə kömək edərik.
Meşəbəyi və arvadının gözlərində ümid oxundu.
– Məncə, bu, Robin Huddur, – meşəbəyi sevinclə dedi. – Hə, bu odur! Biz bəlaya düşmüşük, əziz Robin. İndi neyləyək?
– Sizə imkanım qədər kömək edərəm, – Robin Hud dedi. – Evinizə gedin. Bu ovu da aparın, bişirib yeyin, səhərə qədər gözləyin. Mənim planım var. Səhər mən sizə baş çəkərəm.
Robin Hud ov ətini ər-arvada verib onları yola saldı. Ağacların arasında gizlənib şerifin dediklərini eşitmişdi. Tanınmamaq üçün başlıqlı plaş geyinib özünü tir aparan arabaya çatdırdı. Arabanı saxlatdırıb yükdaşıyandan soruşdu:
– Bu tirləri hara aparırsınız?
– Londona, – arabaçı cavab verdi. – Orada şerifin vacib bir müştərisi var, ona satacağıq. Amma sözün düzü, bu səfər mənim ürəyimcə deyil. Yol həm uzundur, həm də quldurlarla doludur.
Robin Hud cibindən pul kisəsini çıxarıb dedi:
– Yaxşısı budur, gəlin bu şalbanları ikiqat baha qiymətə mənə satın. Mən arabanı və atları
4