Əlvida, silah!. Эрнест Миллер Хемингуэй

Əlvida, silah! - Эрнест Миллер Хемингуэй


Скачать книгу
– dedi. – Onu keçən il öldürdülər. Çox yaxşı oğlan idi. Mən onunla ailə qurmalıydım.

      – Siz çoxmu nişanlı qaldınız?

      – Səkkiz il.

      Rinaldidən yanındakı şəfqət bacısının adını soruşduq. Məlum oldu ki, bu, miss Ferqyusondur və əslən şotlanddır. Onlarla xeyli söhbətdən sonra vidalaşıb evə qayıtdıq.

      Yolda Rinaldi dedi:

      – Miss Barklinin məndən çox səndən xoşu gəldi. Amma şotland qızı da qəşəngdir.

      – Əlbəttə, qəşəngdir. O sizin xoşunuza gəlir?

      – Yox, – Rinaldi qəti cavab verdi.

      5

      Ertəsi gün mən yenə miss Barklinin yanına getdim. Bu dəfə o, bağda deyildi. Hospitalın baş şəfqət bacısı ilə qarşılaşdım. O mənə dedi ki, miss Barkli bu gün növbətçidir. Əlavə etdi ki, onu görmək üçün saat 7-dən sonra gələ bilərəm.

      Deyilən vaxtda gəldikdə isə miss Barkli bağdakı skamyada oturmuşdu. Miss Ferqyuson da onunlaydı. Elə bil gəlişimdən sevindilər. Bir az sonra miss Ferqyuson üzr istəyib getdi.

      – Yaxşı qızdır, – mən onun arxasınca dedim.

      – Əlbəttə, çox yaxşı qızdır, – miss Barkli təsdiqlədi. – İtalyanlar qadınları cəbhə xəttinə bu qədər yaxın buraxmaq istəmirdilər. Biz burda xüsusi rejimdə işləyir və yaşayırıq.

      – Bəs mən bundan sonra da bura gələ bilərəm?

      – Əlbəttə… Bircə müharibə tez qurtarsaydı…

      – Gəlin, müharibəni unudaq.

      – Bu o qədər də asan deyil. Hər halda, qoy siz deyən kimi olsun: müharibəni unudaq.

      Artıq şər qarışmışdı. Biz qaranlıqda bir-birimizə baxdıq. O mənə indi daha da gözəl görünürdü. Əlini tutdum. Qız əlini çəkmədi. Qaranlıqda əyildim ki, onu öpüm. Anidən üzümə bərk bir şillə dəydi, gözlərim yaşardı.

      – Bağışlayın məni, – qız dedi.

      – Siz düzgün hərəkət etdiniz.

      – Yox, qətiyyən düz eləmədim. Gərək məni bağışlayasınız.

      – Dedim axı, sizin hərəkətiniz doğru idi. Mən buna görə qətiyyən acıqlanmıram, – azacıq susub əlavə etdim. – Siz çox gözəlsiz.

      O güldü. Güldüyünü ilk dəfə görürdüm.

      – Siz yaxşı oğlansız, – miss Barkli dedi.

      – Heç də yox.

      – Hə. Siz mehribansız. İstəyirsiz, mən özüm sizi öpüm.

      O məni öpdü, mən isə onu qollarımın arasında sıxdım. Ürəyimin necə şiddətlə döyündüyünü hiss edirdim. Bu vaxt onun başı çiynimə düşdü. Anladım ki, başını çiynimə qoyub ağlayır.

      – Əzizim, – dedi, – siz mənimlə həmişə mehriban olacaqsız, deyilmi?

      Mən onun saçlarını oxşadım. Hələ də ağlayırdı.

      Sonra mən onu villanın qapısına qədər ötürdüm. Evə qayıdıb öz otağıma qalxdım. Rinaldi yatağında uzanmışdı. O mənə baxdı.

      – Deməli, miss Barkli ilə işləriniz düzəlir?

      – Mən onunla dostam.

      Sonra yatağıma girdim. Rinaldi isə kitab oxumağa davam etdi.

      6

      İki gün boyunca postlara baş çəkdim. Hər dəfə də evə qayıdanda artıq çox gec olurdu. Odur ki miss Barkli ilə ancaq üç gün sonra, axşam görüşə bildim. Bağda olmadığı üçün onu hospitalın dəftərxanasında gözləməli oldum.

      Gördüm ki, Ketrin Barkli vestibülə girdi. Mən ayağa durdum.

      – Axşamınız xeyir, mister Henri, – dedi.

      – Axşamınız xeyir, – dedim.

      Biz xiyabandan dönüb ağacların altındakı cığırla getdik. Mən onun əlindən tutdum. Sonra dayanıb onu öpdüm. Bir qədər getdik və yenə ağacın altında dayandıq. Onu özümə tərəf çevirdim. Gördüm ki, gözləri qapanıb. Mən onun yumulmuş gözlərindən öpdüm. Ağlımdan keçdi ki, görünür, azca ağlı çatmır. Bilirdim ki, Ketrin Barklini sevmirəm, heç sevmək fikrində də deyiləm.

      O, aşağı, otlara baxırdı.

      – Sizinlə pis bir oyuna başlamışıq.

      – Nə oyun?

      – Özünüzü bilməməzliyə vurmayın.

      – Siz başqa adamların fikrini həmişə duya bilirsiz?

      – Həmişə yox. Lakin sizinkini duya bilirəm. Özünüzü elə göstərirsiz ki, guya məni sevirsiz. Buna ehtiyac yoxdur.

      – Axı, həqiqətən, mən sizi sevirəm.

      – Bəli, siz mehribansız. Deməli, bundan sonra da mənim yanıma gələcəksiz?

      – Əlbəttə.

      Mən onu öpmək istədim. O etiraz etdi.

      Ertəsi gün birinci dağ postuna getdim. Geri qayıdanda maşını köçürülmə məntəqəsinin yanında saxladım. Burda yaralı və xəstə əsgərlər qeydiyyatdan keçir, onların hansı hospitala göndərildiyi qeyd olunurdu. Maşını özüm sürürdüm. Sükanın arxasında oturub gözləyirdim, sürücü sənədləri qeydiyyatdan keçirməyə aparmışdı.

      Alay artıq çoxdan keçib-getmişdi. Lakin öz manqaları ilə addımlamağa taqəti olmayıb geri qalanlar hələ də yanımdan ötüb-keçməkdə idilər. Onlar əldən düşmüşdülər, hamısı tər və toz içindəydi. Bəziləri xəstəyə bənzəyirdi. Birdən yolda bir əsgər göründü. O dayanıb yolun kənarında oturdu. Yanaşıb soruşdum:

      – Sizə nə olub?

      – Mənim qarnımda şiş var.

      – Bəs niyə piyada gedirsiz, niyə hospitalda deyilsiz?

      – Buraxmırlar. Leytenant deyir ki, guya mən özümü yalandan xəstəliyə vurmuşam.

      – Əgər biz cəbhəyə yaxın olsaydıq, mən sizi birinci tibb məntəqəsinə təhvil verərdim. Lakin burda – arxada sənədsiz olmaz.

      – Əgər qayıtsam, məni əməliyyat eləyəcək, sağalan kimi isə ön xəttə basacaqlar. Siz istəyərsiniz həmişə ön xətdə olasız?

      – Yox, – dedim.

      – Ah, lənətə gəlsin bu müharibəni…

      – Bura bax, – dedim, – səni burda salacağıq. Başını yerə elə vur ki, alnında şiş əmələ gəlsin. Geri qayıdanda bunu bəhanə eləyib səni hospitala apararam.

      Maşını saxlayıb həmin əsgəri düşürtdük.

      – Leytenant, məni elə burda tapacaqsız, – o dedi.

      – Hələlik, – dedim.

      Yolumuza davam etdik. Bir az keçəndən sonra yaralıları təhvil verəcəyimiz hospitallara çatdıq.

      Geri qayıdarkən sükan arxasında özüm oturmuşdum. Boş maşını sürətlə əsgərin gözlədiyi yerə qovurdum. Yolun ortasında sanitar arabası göründü. İki


Скачать книгу