Sıyrılmış qılınc. Cəlal Bərgüşad
yolda deyirdin ki, «düşmənə inanan özünə düşməndir, xainləri güldürmək sadiqləri öldürmək deməkdir!» Baş vəzirə ki, belə meydan veribsən neçə dost-tanış səndən üz döndərib, hətta sirdaşın şair Əbu Nüvvas Misirə qaçmaq istəyir… Sarayın mühafizə dəstəsi baş vəzirin buyruğu ilə durub-oturur. O hiyləgər farslara bel bağlamaq olar? Müqəddəs Məkkə haqqı, onlar Dəmirçi Gavənin5 bayrağını yenidən qaldıra bilərlər. Əmirəlmömin bilməmiş deyil ki, şahmat oyununda farslar olduqca mahirdirlər. Hətta sənin o fars qızı Məracil xatundan olan oğlun Məmun məşhur şahmatçı Əbu Hafiz Şətrəncini mat qoyur. Siyasətdə də şahmat oynayan farslarla son dərəcə ehtiyatlı olmalıyıq, yoxsa başımız ağrıyar. Hökmdarıma onu da deyim ki, qardaş qardaşın, ancaq süd payına şərik ola bilər. Şükür allaha, Əminlə Məmunun süd payı da ayrı olub…
Xəlifə Harun cavab verməyəndə Zübeydə xatun daha da coşur, sarayda kimdən xoşu gəlmirdisə onu ərinə şeytanlayırdı. İndi o, baş vəzir Cəfəri unudub sarayın ən nüfuzlu filosofu əl-Kindinin6 üstünə düşmüşdü:
– Ay başımın tacı, o xaçpərəsti saraydan qovmasan farslar üstümüzə ayaq alacaqlar. O çoxbilmiş keşiş durub-oturur Məmunun beynini cürbəcür axmaq fikirlərlə doldurur. Mən neçə dəfə bax, bu qulaqlarımla eşitmişəm.. Məmuna deyirdi ki, üsyançı xürrəmiləri ucdantutma qırmaqda hökmdar günah iş tutur. Əgər belə getsə kimdən vergi alınacaq? Ölülərdənmi? Xəzinə boşalacaq, çoxları müflis olub düşəcək dərviş gününə. Əl-Kindi özünü elə göstərir ki, elə bil sarayda xəlifəni ondan çox istəyən yoxdur.
Harun ər-Rəşidin qolu Zübeydə xatunun belində qalmışdı. Susmuşdu. Özünü yenə laqeyd aparır və elə bil heç bu deyilənləri eşitmirdi. Zübeydə xatunun isə ürəyi dolu idi. O istəyirdi gecə qurtarıb sübh açılmasın. Ərinə deyiləsi o qədər xəbər var idi ki…
Xəlifənin münasib olmayan belə bir vaxtda xanımından eşitdiyi giley-güzardan xoşu gəlməsə də, hörmət xatirinə hələ dözürdü. Zübeydə xatun Təbrizdən qayıdandan sonra yaman dəymədüşər olmuşdu. Küsə bilərdi. Hər şey onun ürəyinə toxunurdu. Yaxşı ki, Məracil xatunun dediyi sözlər hələ gəlib onun qulağına çatmamışdı: «Keçi Təbrizdən gəldi, özü ilə bir kisə qızdırma da gətirdi». Yaxşı deyiblər: İki ölünü bir qəbrə qoymaq olar, iki arvadı bir evdə saxlamaq olmaz. Əgər Zübeydə xatun Məracil xatunun onun barəsində nələr söylədiyini eşitsəydi, özü hökmdara demədən cəlladbaşı Məsruru çağırtdırardı. Əmr edərdi ki, Məracil xatundan doğulan xəlifə oğlu, Məmunun başı vurulsun.
Xəlifə bilirdi ki, Zübeydə xatunun qəzəbi hüdudsuzdur. Odur ki, Zübeydə xatun danışdıqca bəzi sözləri eşitməzliyə vururdu. Bəzən qımışır, bəzən zövcəsinin sözlərini başını yüngülcə tərpətməklə təsdiq edirdi.
– Gözəl mələk, bir ricam var.
– Əmirəlmöminə itaət borcumdur.
– Təvəqqe edirəm söhbətə şəkər qataq. – O, Zübeydə xatunun belini daha möhkəm sıxıb əlavə etdi. – Bu yataq otağında baş vəzir Cəfər deyilsən ki, mənimlə rəsmi danışasan. Təvəqqe edirəm, gözəlim nəzərə alsın ki, onun bəzi sözləri otağın havasını soyuda bilər. Yadındadırmı, nişanlı vaxtı hər yay səni Təbriz yaylağına özüm aparardım. Orda sən şeir yazardın, şeir deyərdin.
Xəlifə qollarını incə belə daha möhkəm dolayıb sıxdı.
– Yavaş!
– Şəkərim, bağda bülbüllər oxuyur. Bülbüllər kimi biz də nəğməyə möhtacıq…
Zübeydə xatun təzəcə yazdığı şeirini şirin bir avazla oxudu:
Ey qaragöz ərəb qızı,
Ey parlayan bəxt ulduzu!
Gülüşlərin nə şirindir,
Baxışların nə xumardır!
O baxışdan allah özü
Od umardı, pay umardı.
– Oxu, yenə oxu!..
Zübeydə xatunun iri, qara gözləri sevincindən alışıb-yandı, dodaqlarında təbəssüm oynadı. Bununla o, Harunun ehtirasını bir qədər də alovlandırdı. Və yavaşca alnını Harunun sinəsinə söykədi:
– Təəssüf ki, belə şeirlər həmişə yox, ancaq yataq otağında söylənir.
Xəlifə onsuz da daxilən gərgin idi, bu sözlərdən tutuldu. Zübeydə xatunun belini sıxdığı qolları boşaldı. Zübeydə xatun bir az geri durub məsumcasına xəlifənin gözlərinə tamaşa elədi və başını zərif bir əda ilə tərpətdi: «yoxsa incidin?» Amma yenə öz üstünlüyünü saxlayaraq:
– Qadir allah bilir ki, əsil şairlər məhəbbət şeirini onun qədrini bilənlər üçün yazırlar – dedi. – Bülbüllər əsil məhəbbət aşiqləridir. Ona görə də nəğmələri həmişə təzə qalır. Şairlər deyir ki, əsil həqiqi məhəbbət hökmdarlardan uzaqdır.
Əsəbdən xəlifənin qırmızı saqqalı səyridi, onun alnındakı çapıq yeri qaraldı.
– İstəkli xanımın bu gecə məni kədərləndirməkdə məqsədi nədir?
– Ağıllı-kamallı böyük bir hökmdarı kədərləndirməkmi olar? Allahdan ona dağ ömrü diləyirəm.
…Buludsuz səmada ulduzlar çiçəkləmişdi. Külək hərdən pəncərənin yaşıl, ipək pərdələrini aralayır, içəridən göydəki Ağayol aydın görünürdü.
Hərdən bağdakı ağacların xışıltısı eşidilirdi. Budaqlarda gecələyən quşların hamısı yuxuda idi, bircə bülbüllərdən başqa. Nəğməkar bülbüllər fəvvarə vuran ağ mərmərli hovuzların dövrəsində oxuyurdu.
– Heyf nişanlı günlərimizdən, o vaxtlar bir-birimizə necə də əziz idik – deyə Zübeydə xatun yüngülcə ah çəkib söhbəti təzələdi. – Yadındadırmı, Azərbaycanı töhfə alanda sənə təzə nişanlanmışdım. Nişanlı günlərimizdə Dərbəndə getdik. Orda mənim şərəfimə bağ saldırdın, dəyirman tikdirdin. Sonra Təbrizə qayıtdıq. Təbrizdə məndən ötrü tikdirdiyin yay sarayının qabağında gur sulu bir kəhriz də vurdurdun. Dedin: «Bu da Zübeydə xatun kəhrizi». Hər gün o kəhrizdən su içəndə səni yada salırdım. Elə gözəl sərin suyu var ki! Heyf o qayğısız günlərdən. Yadındadırmı Təbriz yaylağında gül-çiçəkdən mənə çələng hörərdin. Bağdada qayıdarkən gecələr ən çox saray bağında mənimlə gəzərdin. Sonra da ay işığında yelkənli qayıqlara minib Dəclədə səhərə kimi üzərdik.
– Əzizim, bu dediklərin heç yaddan çıxarmı? İstərdim belə xoş xatirələri ömrün boyu unutmayasan.
Zübeydə xatun vaxtı uzatmaqdan usanmışdı. Başını Harunun çiyninə qoydu. Qızıl tozu səpilmiş gur saçları şəlalə kimi dağılıb ərinin çiyinlərinə töküldü, hər ikisinin ürəyi bərk döyündü. Xalının üstündən qalxıb nazbalışa tərəf getdilər. Harun ərəb gözəlinin ətirli nəfəsindən məst olmuşdu. Pəncərədən içəri axan səma şöləsi şamların işığına qarışıb Zübeydə xatunun çöhrəsini nurlandırır, xəlifənin pərisini daha cazibədar göstərirdi. Harun məftun halda qırmızı
5
Dəmirçi Gavə İranın qədim əfsanəvi qəhrəmanıdır. O, İranı istila edən ərəb Zöhhakın əleyhinə üsyan qaldırıb onu taxtdan salmışdır.
6
Yəqub ibn İshaq əl-Kindi (ölüb 874) – ərəblərin məşhur filosofudur. O, rəngli ərəb xəritəsinin müəllifidir. Onun xəritəsində yollar qırmızı, səhra sarı, dəniz yaşıl, çaylar göy rənglə, dağlar isə tozcuqlarla işarə edilmişdir. Xəritədə iki dəniz təsvir olunmuşdu. Əl-Kindi bu məsələdə Qurana əsaslanmışdır. İtaliya filosofu Çeroloma Kardano (1501 – 1576) əl-Kindini dünyada yaşamış on iki ən nəhəng filosoflardan biri hesab edir. Əl-Kindi nəzəri görüşünə görə mötəzilli idi. O, sarayda xəlifə oğlanlarına tərbiyə verirdi. Xəlifə əl-Mütəvvəkkil (847 – 861) əl-Kindini nüfuzdan salıb, onun kitabxanasını zəbt edib və özünü saraydan qovmuşdu. Əl-Kindi bəzi hallarda xürrəmilərə rəğbət bəsləyirdi.