Sıyrılmış qılınc. Cəlal Bərgüşad

Sıyrılmış qılınc - Cəlal Bərgüşad


Скачать книгу
quduzlaşıb daha da amansız olurdular. Ancaq xəlifə keşikçilərinin xəndəkdə iniltisini eşidəndə qəzəbləri bir balaca soyuyurdu: «gəbərin orda, sizin axirət dünyanız ordadır».

      Isgəndər səddi qanlı vuruşmaları çox görmüşdür. Ancaq belə müsibətə birinci dəfə idi ki, düçar olurdu. Səddin divarları oxdan dəlik-deşik idi.

      Rübas və İnci çaylarında hey meyit axırdı. Xəlifə Harunun Rübas çayı üstündə tikdirdiyi dəyirman xaraba qalmışdı. Dalğa vurduqca dəyirmanın dəhnəsində cəsədlər ölü balıqlar kimi bir-birinə dəyib fırlanırdı. Şəhər kənarındakı Məsruf hovuzu da, Qübbəli hovuz da insan cəsədləri ilə dolmuşdu.

      Dərbəndin bütün dəmir darvazaları ağzında silahlı xəzərlər keşik çəkirdilər. Xaqandan icazəsiz heç kəs şəhərdən çıxa bilməzdi və heç kəs şəhərə girə bilməzdi. Vaxtilə xəlifələr xaqanın ağ paltarlı, ağ atlı qasidlərinin gözünü bağlamamış bu darvazalardan içəri buraxmazdılar. «Qoy keçidləri görməsinlər» deyərdilər. Çarx dönəndə dönür.

      Kəmərlərindən gildən qayrılmış mürəkkəbqabı asılan bir neçə mirzə qarət mallarını tələm-tələsik siyahıya alır, əsirlərin kim olduğunu öyrənib dəftərlərə yazırdı. Şişib köpmüş üzü xəz kürkün içində əcaib divə oxşayan çopur bir mirzə, qolları zəncirlənmiş əsiri sorğu-suala tutmuşdu:

      – Adın nədir?

      – Şibl.

      – Hardansan?

      – Bilalabaddan…

      – Məşğuliyyətin?

      – Tacirəm.

      – Nə qədər malını almışıq?

      – Bir karvan kağızım qarət olunub.

      Çopur mirzə «kağız» sözünü eşidəndə sevincək oldu. Qurğuşun lövhəni tələsik Şiblin boynundan asdı. Tacir udqundu və acı-acı mirzənin gülüşlə səyriyən çopur sifətinə baxdı. Mirzənin burnunun üstündəki bir cüt tük nizə kimi dik dayandı. Nicat yolu tapmaq lazım idi. Şiblin arıq sifətini örtmüş seyrək saqqalında tüklər titrəşirdi. Şişman mirzə onun saqqalından tutub dartdı:

      – Sənin nömrən min beş yüz oldu. Yadında saxla! Min beş yüz! Özün də keç bu tərəfə.

      – Keç deyirsən keçərik. – Şibl qanlı-qanlı mirzəni süzdü:

      – Ey, yekəqarın, bura gəl!

      – Gəlim də.

      – Bəs sənin adın?

      – Salman!

      – Sən Dərbənddə nə ilə məşğul idin?

      – Mən ilxı sahibiyəm. At bazarından cins ayğır almağa gəlmişdim. Dərbəndli deyiləm.

      – Ayğır, ayğır. Ha… ha…ha!.. Əsil ayğır Xəlifə Harun ər-Rəşiddi!.. Yaxşı ayğır aldın. Hardansan?

      – Mimət nahiyəsindən…Bilalabaddan.

      – Sənin də nömrən oldu min beş yüz bir. Al bu qurğuşun lövhəni, as boynundan, qorxma, qopub düşməz. Keç sən də bu tərəfə.

      – Ey, şeşəbığ cəngavər, gəl bura! Sən kimsən!

      Abdulla24 bərkdən hirsli-hirsli cavab verdi:

      – Mən?.. Yağ satan!

      – Niyə bağırırsan, burda kar yoxdur ki!

      – Danışığım belədi. Dedim ki dilini şirin elə!

      Şişman mirzənin hirsindən çopurları balacalaşdı, kirpikləri tez-tez çaldı, dodaqları göyərdi. O, lələkli qələmini qurşağından asdığı mürəkkəbqabına döyəcləyib, Abdullanı hədələdi:

      – Dikbaş!.. Soğan kimi göz yaşardırsan. Qul bazarında da belə nərildəsən sənə bir dirhəm də verən olmayacaq. Qandın? Nömrəni yadında saxla: min beş yüz iki. Keç belə.

      Şişman Mirzənin hədəsini Abdulla qulaqardına vurdu. Onun fikri Bilalabadda, istəkli xanımı Bəruməndin yanında qalmışdı: «Gələndə mənə alça gətir… Ay yazıq, mən olmayandan sonra o tifili kim saxlayacaq?»

      Əsirlər qaşqabaqlı, qəmgin, düşüncəli halda başlarını aşağı salmışdılar. Hərə öz taleyini düşünürdü. Varlı-hallı tacirlər Dərbəndə gəlmələrinə peşman olmuşdular: «Həm canımız getdi, həm malımız! Belə də müsibət olar?!» Tacirlər ürəklərində Xəlifə Harunun qarasına deyinirdilər. «Başı kefdən ayılmır. Xilafəti Xaqan çapıb, talayır. Gəl gör Dərbənddə xəzərlər nə pəsdaha çıxarırlar?!»

      Xəzərlər Carçı qapısı ağzında siyahıya alınmış əsirləri yola salırdılar. Şibl və Salman ümidsiz nəzərlərlə baxışdılar, Təkcə Abdullanın şaxı sınmamışdı. Atlı xəzərlər uzun qamçılarını vıyıldadıb qolları qandallı əsirləri dəhmərləyə-dəhmərləyə qabaqlarına qatdılar. Ağlayan kim, haray qoparan kim, kədər içində susan kim. Əsir dəstələri Dərbənddən uzaqlaşır, tüstü basmış İsgəndər səddi arxada qalırdı. Əsirlər indi allaha asi düşürdülər:

      – Görüm onun dərgahı dağılsın!

      – Bəs o harda gizlənib?!

      – Niyə bizim dadımıza çatmır?!

      Əsir dəstələri bölük-bölük Şimala tərəf qovulurdu. Yaraqlı xəzər süvariləri cərgədən çıxanları, geri qalanları qırmanclayırdılar. Günəş qüruba enir, aləmi kölgə basırdı. Ac-yalavac, çılın-çılpaq, qandallı əsirlər yolların toz-torpağında itib-batmışdılar. Uzaqlarda başı qarlı dağlar görünürdü. Taqətdən düşmüş analar körpələrini sinələrinə sıxıb bir azca yol kənarında dincəlmək istəyirdilər,25 lakin xəzərlər dərhal qılınca əl atırdılar. Bəzən də uşaqları analardan alıb hara gəldi tullayırdılar:

      – Axmaqlar, neyləyirsiniz bu qarğa zılğalarını özünüzə yük eləyib?!

      Əsir anaların ah-naləsi ərşə dayanmışdı. Deyirdilər: «Yer yarılaydı, yerdən bir igid çıxıb bizə nicat verəydi!»

      Uzaqlardan şığıyıb gələn yırtıcı quzğunlar da bir yandan göz açmağa macal vermirdi. Quzğunlar palaz qanadlarını geniş açıb əsirlərin başı üzərində hərlənir, birdən oxa çevrilib yerə millənir, bir göz qırpımında xəndəklərdə çabalayan körpələri caynaqlarına alırdılar. Bəzi körpələrin fəryadı quzğunların caynağından gəlirdi. Analar şivən qoparır, üz-gözlərini cırır, başlarına, dizlərinə döyür, əllərini göyə qaldırıb hey allaha yalvarırdılar:

      – Yaradan, kömək elə, bu nə bəladır başımıza gəlir?!

      – Ey tanrı, körpəmi quzğun üçünmü bəsləmişdim?!

      – Allah, hanı kərəmin? – Aman, aman!.. Səsindən tanıdım, o quzğun aparan mənim tifilimdir!

      Yollarda çoxlu ana meyiti qalmışdı. Əl-ayağı yer tutan uşaqlar yıxıla-dura ölülərin arasında öz analarını axtarırdılar. Bəzi körpələr analarının qanlı döşləri üstündə uyuyurdu. Abdullanı da, Şibli də, Salmanı da dəhşət bürümüşdü. Onlar elə bil qorxulu yuxu görürdülər.

      Şibl


Скачать книгу

<p>24</p>

Bəzi ərəb tarixçiləri Babəkin atasının adını Abdulla, bəziləri isə Mərdəs yazıblar. Babəkin qardaşının da adı Abdulla olub.

<p>25</p>

Xəzərlər əsir alınmış qadınların qoluna qandal vurmurdular. Qadını qolu qandallı aparmağı özlərinə ar bilirdilər.