Keçmişdən gələn səslər. Болеслав Прус

Keçmişdən gələn səslər - Болеслав Прус


Скачать книгу
əl, iştirak edən şəxslərlə tanış edir

      Anelka qəşəng qızdır, üstəlik də yetim və kasıb deyil. Xoşbəxtlik üçün lazım olan hər şeyi – valideynləri, elmli mürəbbiyəsi, öz küçüyü var və kənddə yaşayır.

      Kənd isə, xüsusən də yayda, uşaqlar üçün ən münasib yerdir. Orda sərbəstlikdə, sağlam yaşayırlar və məşğuliyyətləri şəhərdəkindən daha çoxdur.

      Gənc ruhları parlaq və dinc təəssüratlarla dolduran mənzərələrin böyük müxtəlifliyi bir neçə yüz morq (yarım hektar – tərc) ərazidə onları əhatə edir. Şəhər kənarındakı səma evlər arasındakı zolaq deyil, mərhəmətli allah tərəfindən dünya üzərində açılmış hüdudsuz qübbədir və dalğalanan tarlalara söykənir. Burda ətirli çəmənlər, balıq sürülərinin üzdüyü şəfaf və soyuq çaylar var. Külək sakitcə zümzümə edərək, usanmaz dayə kimi al-qırmızı lalələr və göy peyğəmbərçiçəyilərlə əyləndirməklə, açıq-yaşıl zəmilərə layla çalır.

      Kətan köynəkli bir uşaq tarlaların arası ilə burulan cığırda tələsmədən gedir və atasına bardaqlarda hələ isti olan nahar aparır. Uzaqda, uzun müddət uzanmaqdan usanmış qumunun zaman-zaman burumlarla yuxarı qalxdığı və tarlada işləyən adamları aldatmaqdan ötrü yolçu görkəmi aldığı kənd yolu var. Daha uzaqda kartof tarlaları uzanır, orda qorxaq dovşan mürgüləyir. Mal-qara dincə qoyulmuş boz sahələrdə qulaqlarını tərpədərək, asayişlə otlayır, lap uzaqda, dağda isə görünüşdən qaranlıq, sərt, dərinliyində isə şən səs-küylə dolu meşələr var.

      Kənd yol boyunca iki əyri daxma sırası ilə uzanıb; bir qədər uzaqda böyük bağla əhatə olunmuş geniş və zəngin malikanə görünür.

      Evin bir qanadında Anelka mürəbbiyənin nəzarəti altında məşğul olur, bağa çıxan şüşəli terrasda isə onun qardaşı Yuzek anasının yanında oynayır. O hamının çalışdığı saatlarda hələ oynaya bilər, çünki hələ balacadır: Yuzekin yalnız yeddi yaşı var.

      Anelkanın yaşadığı kənddə olmaq xoşdur! Tarlaların üzərində torağaylar ötür, çəmənlərdən dəryazların sakit cingilti səsi gəlir, gündə qaralmış uşaqlar qışqırıqla yol boyu qaçışırlar. Dərslərdən sonra ana və Yuzeklə birlikdə bağa çıxmaq və təpədən tarlalara, çəmənlərə, çaylara, yola və uzaq meşəyə baxmaq xoşdur.

      Bəlkə də bu uşaqlar qanuni qürurla belə deyərlər: burda, göz işlədikcə, ətrafdakı hər şey bizimdir, atamızın fikir və iradəsilə yaradılıb; əgər o olmasaydı, burda bu cür bolluq və gözəllik olmazdı!..

      Bəlkə də, onlardan heç biri meşənin satıldığının və tezliklə doğranacağının, çəmənlərdə biçinçilərin az olduğunun, dincə qoyulmuş sahələrdə mal-qara üçün yemin olmadığının, tarlaların isə pis becərildiyinin bir daha xatırlanmamasından ötrü bütün mülkün göründüyü təpəyə qalxmaz.

      Mülkədar çovdarlığında orda-burda kəndli heyvanları avaralanır. Heç kəsin qorumadığı meşəyə yad arabalar girir. Dərz anbarları boşdur, xidmət yerləri köhnəlib, anbardakı çürümüş döşəmədə bir neçə ovuc da taxıl tapmaq mümkün deyil. Boş axurların üzərindəki burdaqlarda qoşqu atları kişnəyir; muzdurlar həyətdə işsiz-gücsüz veyllənir, mətbəxdə söyüşmə var. Mehtərlərdən kimsə şam yeməyinə sıyıq yeməyəcəyini qışqırır, bu gün onu iki dəfə yediyi bəsidir. Digəri çörəyi gərəkəndən az verdiklərindən, onun da yarısının xamır olmasından şikayətlənir.

      Axı anbardar qadın hardadır, niyə mətbəxdəki qalmaqalı bitirmir? Deyəsən, qonşu şəhərciyə dişinin müalicəsinə gedib, bəlkə də özünə təzə yer axtarır. Bəs darğa, ya da müdir hardadır, niyə tarlada işə nəzarət etmir, ağanın nemətini qorumurlar? Idarəçi, bir ildir ki, haqq-hesabını alıb, amir öz işləri üçün şəhərə gedib.

      Bəs mülkün sahibinin özü hanı?

      Bu heç kəsə məlum deyil. Hətta qonşularının günlərlə tarlada olduğu, ilin bu vaxtında o öz evində nadir qonaqdır. Anelkanın atası sonuncu dəfə on gün bundan əvvəl işləri sahmanlamağa getmişdi. Bu yaxınlarda meşənin satılması barədə razılaşmış və üç min manat beh almışdı. Amma bu meşəyə servitutlar (kəndlilərə verilmiş və dəqiq göstərilmiş ölçülərdə mülkədar meşəsindən, örüşündən də digər mülklərdən faydalanmaq hüququ. Mülkədar öz mülklərini servitutlardan yalnız kəndlilərin razılığı ilə azad edə bilərdi – tərc.) müəyyən edilmişdi, mülkədar da hesabını müqəddəs Yan günündə ondan azad olmağa götürmüşdü. Əgər kəndlilər meşəyə olan haqlarından imtina etməsələr, onu sata bilməyəcək və onda – sözün düzü, qədərincə borcla yüklənmiş – mülkdən məhrum olacaq. Almanlar yarım il əvvəl onunla sazişi bağlamışdı və o hər şeyin necəsə yoluna düşəcəyinə əminliklə qayğısızcasına gülərək, onu öz imzası ilə möhkəmlətmişdi.

      “Bəlkə” yaxşı sözdür! Amma Anelka hələ sözləri də, işləri də az anlayır.

      Bax, indi də atası meşə barəsindəki işi kəndli səlahiyyətliləri ilə bitirməyə getmişdi. Hər şeyi də qaydasına qoydu: müqəddəs Yan günündə kəndlilərlə yekun razılaşmada iştirak etməkdən ötrü məmur gəlməlidir. Elə bil, kəndlilər meşəyə olan hüquqlarından imtinaya görə hər həyətə üç morq torpaq almağa razıdır, beləcə, hər şey qaydasında olacaq.

      Bu səbəbdən mülkədar, pan Yan evə tələsmirdi. Iyunun qızğın çağı idi; onsuz da, təsərrüfatda artıq belə gec vaxtda heç nəyi yoluna qoya bilməzsən. O əvvəlcə meşə ilə üzülüşmək, artıq sonra qalanlarından yapışmaq qərarına gəldi. Hələlik isə, nəyin bahasına olursa olsun, xaricə gedən qohumla görüşmək və evlənməyə hazırlaşan tanışına bir neçə məsləhət vermək lazım idi.

      Mülkədar səhlənkar adam idi. Ən azından, yerli pedantlar belə iddia edirdilər.O, xoş bir cəmiyyət xatirinə istənilən vacib işi tullamağa hazır idi, özünü rahatsızlıqdan qorumaq üçün isə dünyadakı hər şeyini verərdi. Hansısa daxili səs hər şeyin onun iştirakı olmadan “düzələcəyini” pıçıldayırdı: onun dairəsinin adamlarının əməyə və gündəlik işlərə bulaşmalı olmadığı fikrinə uşaqlıqdan öyrəşmişdi.

      Əylənmək, cəmiyyət istedadları ilə parlamaq, hazırcavablıq etmək və zadəgan əlaqələrini saxlamaq – həyatın mənasını bunda görürdü. Başqa bir şey bilmirdi və ola bilsin, bu səbəbdən də on beşcə ildə öz mülkiyyətini göyə sovurmuş, indi isə arvadının cehizindən yapışmışdı.

      Zamanında (laxlamış ictimai dayaqlar möhkəmlənəndə) hər şeyi qaytarmağa ümid edirdi. Hansı şəkildə? Ondan bu barədə soruşanda, cavabında yalnız gülümsəyir və başqa söhbətə keçirdi.

      Göründüyü kimi, bu onun dairəsinin adamlarına anlaşılan, qalanlarına isə, onsuz da, əlçatmaz idi. Elə isə, onlarla boş danışığa girmək nəyə lazımdır?

      Tərbiyələri və cəmiyyətdəki mövqeləri səbəbindən ərlərin heç vaxt prozaik işlərə enmədiyi, lakin enerjili və ağıllı arvadlarının onları xilas etdiyi ailələr olur. Bədbəxtçilikdən, pan Yanın arvadı bu keyfiyyətə malik deyildi.

      Anelkanın anası, pani Matilda çiçəklənən gəncliyi zamanlarında qeyri-adi gözəlliyilə, mülayim xasiyyətilə və ali cəmiyyətdə qiymətləndirilən hər şeyilə fərqlənirdi. O geyinməyi, qonaq qəbul etməyi, fortepiano çalmağı, rəqs etməti bacarır və fransızca doğma dilindən daha yaxşı laqqırtı vururdu. Evliliyin birinci illərində o, cənnətdəki kimi yaşayır, əri onu ilahiləşdirirdi. Sonradan, pan Yanın arvadına olan “qanunla müqəddəsləşdirilmiş” məhəbbəti soyuyanda pani Matilda özünü nümunəvi arvad kimi apardı. Mövcudluğunu bütün əl çatan, ancaq, şübhəsiz, ləyaqətli vasitələrlə rənginləşdirməyə çalışaraq, günlərlə evdə əyləşir və darıxırdı. Sonunda xəstələnməyə başladı və budur, artıq üç ildir, özünü dərman şüşələrilə əhatə edərək, yaşayırdı.

      Bu arada dəmdəməki ər evdə oturmurdu. Bəzən evə baş çəkir və arvadından hansısa kağızı imzalamağı xahiş edirdi. Qadın öz tənhalığından, şəraitin olmamasından ona şikayət edir, əri isə hər dəfə müqəddəs Yandan sonra hər şeyin yaxşılığa doğru dəyişəcəyini vəd edirdi və qadın bundan rahatlanaraq, onun istədiyi hər şeyi imzalayırdı.

      Kəndlilər mülkədar qadını yalnız kostyolda (polyak katolik kilsəsi – tərc.) görürdülər. Mətbəxdə


Скачать книгу