Ədəbiyyatsız dünya. Коллектив авторов

Ədəbiyyatsız dünya - Коллектив авторов


Скачать книгу
ilə bağlı olan xəyallarım və uydurmalarım var. Yeddi yaşım olanda atamın mühəndislik etdiyi Cenevreyə gedib orada bir yaz qalmışdım. Məşhur fəvvarənin damlar arasından göründüyü evimizdən zəng səslərini ilk dəfə eşidəndə, Avropa ilə yox xristianlıqla qarşılaşdığımı hiss etmişdim. Tütün ticarətindən qazandığı pulları xərcləyənlər, ya da siyasi, yaxud iqtisadi sürgünlüyün ağrılarını çəkən çoxları kimi, xeyli Avropa şəhərinin səkilərində bir az təəccüb, bir az heyrət, bir az da öyrəşmədiyim azadlıq hissi ilə, əlbəttə ki, mən də gəzmişəm, amma vitrinlərdə, kinoteatrlarda, insan sifətlərində və küçələrdə gördüklərim yaddaşımda ancaq mənim gələcəyim ola biləcək qədər xatirəyə çevriliblər. Mənimkimilər üçün Avropa bir gələcək arzusu və təhdidi olanda maraqlıdır.

      Mən bu gələcəyə, Avropanın sərhədlərində yaşayan xeyli ziyalı kimi, xəstəlik dərəcəsində meyilli olduğum üçün, Sorelin tarix cildlərinə İstanbul bukinistlərində rast gələ bilirəm. Dostoyevski bundan 130 il qabaq Avropa təəssüratlarını qəzetdə yazarkən, “qəzet-jurnal oxuyan ruslardan hansımız Avropanı Rusiyadan iki dəfə çox tanımırıq?” – deyə soruşur, sonra yarı-zarafat, yarıqəzəblə əlavə edirdi: “Əslində on dəfə artıq tanıyırıq Avropanı, amma ayıb olmasın deyə, iki dəfə deyirəm.” Avropapərəst bu marağın xəstəlik dərəcəsinə çatmağı Avropanın sərhədlərində yaşayan xeyli ziyalı üçün əsrlərdir ki, oturuşmuş bir ənənədir. Bu ənənənin bir tərəfi Avropaya olan aşırı həsrəti, Dostoyevskidə olduğu kimi “ayıb” bir şey kimi görürsə, o biri tərəfi onu qaçılmaz və “təbii” bir yanaşma kimi görür. Bu iki yanaşmanın arasındakı davanı ifadə edən bəzən qaraqabaq və qəzəbli, bəzən fəlsəfi və metafizik, bəzən də ironik bir ədəbiyyat var ki, özümü Avropa, Asiya, ya da hər hansı başqa ənənədən daha çox bu polemik ədəbiyyatın bir parçası kimi hiss edirəm.

      Bu ənənənin birinci qaydası Avropa qarşısında laqeyd qalmaqdır. Türkiyədə hələ də davam etməkdə olan və yaxın zamanda islamçı “Rifah partiyası”nın iqtidara ortaq olması ilə yenidən şiddətlənən “Avropa ilə neyləyək?” polemikasında, bir yuxu kimi görülən Qərb ilə, bir kabus olaraq təsəvvür edilən Qərbi bir-birindən ayırmaq, həmişə atılacaq birinci addım olur. Liberalından islamçısına, sosialistindən burjuyuna qədər hər ağızdan bir səs çıxan – humanist Avropa, demokrat Avropa, xristian Avropa, texnoloji Avropa, zəngin Avropa, insan haqlarına sayğılı Avropa – bu söhbətlərdə hansı Avropanın vurğulanması ilə bağlı o qədər çox öyüd-nəsihətə qulaq asmışam ki, süfrədəki din və Allah söhbətlərindən bezib dindən çıxan uşaq kimi, bəzən bu mövzu haqda eşitdiyim hər şeyi unutmaq istəyirəm. Amma yenə də Avropalı oxucularımla paylaşmaq istədiyim bir-iki əyləncəli xatirəm, Avropanın kənarında yaşayan bizim kimi millətlərin özəl həyatına məxsus olan bir-iki sirrim var. Qulaq verin mənim İstanbuldakı Avropa xatirələrimə:

      1. Uşaqlığımdan bəri eşitdiyim cümlə: “Avropada belə edirlər.” Balıqçılıq haqqında bir qanunmu hazırlanır, evinizə pərdəmi seçirsiz, düşmənləriniz üçün pislikmi planlaşdırırsınız… Bu sehrli söz – metod, rəng, üslub, məzmun və s. haqqındakı bütün söz-söhbəti bir anda bitirir.

      2. Avropa seks cənnətidir. İstanbulla müqayisə olunanda, nisbi də olsa, doğrudur. Əksər kitabdangəlmə türk ziyalısı kimi, həyatımdakı ilk çılpaq qadın vücudu rəsmini Avropadan gələn jurnallarda görmüşəm. Deyəsən ilk və ən yaddaqalan Avropa xatirəm budur.

      3. “Avropalılar görsələr, nə deyərlər?” Bir qorxu və bir arzu. Onlara oxşamayan tərəflərimizi görüb bizi ayıblayacaqlar deyə hamımız çox qorxuruq. Həbsxanalarda işgəncənin azaldılmasını, ya da iz buraxılmadan həyata keçirilməsini buna görə istəyirik. Bəzən də qəti onlar kimi olmadığımızı onlara nümayiş etdirməyin zövqünü yaşamaq istəyirik: islamçı bir terroristin tanınmaq istəyi, Papanı vuran ilk Türk olmaq istəyi də belə duyğulardır.

      4. “Avropalılar çox kübar, çox zərif, çox mədəni və nəcib insanlardırlar,” deyəndən sonra – “amma mənfəətlərinə dəymədikcə,” deyə əlavə edilir və milliyətçi qəzəbin şiddətinə bir örnək göstərilir: “Parisdə mindiyim taksinin sürücüsü bəxşişi az hesab edəndə…”, ya da, “bilirsənmi, xaç yürüşlərini də konslagerləri də onlar təşkil eləyib,..” – deyirlər.

      Avropa bu xatirələrin və şayiələrin, nəzəriyyələrin, xəyalların cəmi və əlbəttə, bunların heç biridir. Mənim kimi onun sərhəddində və onunla xəstə bir münasibət içində yaşayanlar üçün o, hər şeydən əvvəl kimliyi və sifəti daim dəyişən bir xəyaldır. Mənim və məndən əvvəlki nəsillərin əksəriyyəti bu xəyala Avropalılardan daha çox inandı. Bu gün Avropa Birliyinin həvəsli dəstəkçiləri və universitetlərin kimlik nəzəriyyəçiləri tərəfindən bu Avropa arzusunun həddən artıq ciddiyə alındığını, Hötedən Sartra, Dantedən Lokka qədər xeyli etibarlı adın havası ilə yeni növ bir milliyətçilik, bir Avropa milliyətçiliyi yaradıldığını görmək məni kədərləndirir. Yumordan və ironiyadan məhrum olan, sürəkli şəkildə özünü təbrik Avropa milliyətçiliyinin biz kənarda yaşayanlar üçün daha çox aşağılanma, daha uzun viza növbələri və daha uzaq bir Avropa mənasına gəldiyindən şübhəm yoxdur. Bu yeni Avropa ilə danışmağa çalışmaq, saatlarla gözlənilən viza növbəsindən sonra, konsulluq binasının səs və güllə keçirməyən şüşəsi arxasında oturan qaraqabaq gözəl qadına dərdimizi anlatmağa bənzəyəcək.

      Bütün həyatım boyu İstanbulun Avropa hissəsində, yəni Avropa qitəsində yaşamışam. Özümü ən azından coğrafi olaraq Avropalı hiss etmək mənim üçün heç də çətin deyil. Bu yazını yazarkən eşələndiyim İstanbulun köhnə kitabçılarında isə bundan 100 il əvvəl türk dilinə çevrilmiş Albert Sorelin başqa bir kitabının izi-tozu da yoxdur. “La Question D”Orient au dixhuitieme siecle” (XVIII əsrdə Şərq problemi) adlı kitab Cumhuriyyətdən sonra avropalaşmaq istəyilə latın əlifbasına keçərkən unutduğumuz ərəb əlifbası ilə çap olunduğu üçünmü axtarılmır, yoxsa həmin kitab bizi Avropanın bir dərdi, bir problemi kimi gördüyü üçünmü, bilmirəm.

      AZIZ NESIN: HƏMIŞƏ QƏZƏBLI, HƏMIŞƏ GÜLÜMSƏYƏN

      Xəbəri – Aziz Nesinin öldüyünü baqqalda dalğın-dalğın qəzetlərə baxarkən gördüm. Amma iki saat əvvəl evdə həmin qəzeti oxumuşdum, bu xəbər orda yox idi. Alış-verişimi etdim, əlimdəki plastik torbalarla ofisimə girdim: plastik torbaları divana yox, mətbəxə qoymalı, ciblərimi boşaltmalı, qol saatımı çıxarmalı, faks maşınına göz at-malıydım, amma yerimdə donub qalmışdım. Ağlamağa başladım.

      Tez-tez ağlayan deyiləm. Özümə təəccübləndim, əsəblərimin pozuq olduğunu, qəzəbli olduğumu və buna bənzər şeylər düşündüm, amma ağlımda tamam başqa şeylər vardı. Faks maşınındakı kağız bu yazını elə indi yaza biləcəyimi deyirdi. Masaya oturdum.

      Aziz Nesini ilk dəfə görəndə səkkiz yaşındaydım. Ankaradakı “Bilgi Kitabevi”ndə kitablarını imzalayırdı. Anam qardaşımla məni həmin kitab evinin olduğu Sakar-ya prospektinə alış-verişə aparmışdı. Orda bazarın səs-küyündən və erkən düşən payız axşamının qaranlığından uzaqda, arxada bir yerdə, cazibəli və güvənli kitab qoxusu içindəki insanların arasında bir adam kitablarını imzalayırdı. Gələcəkdə


Скачать книгу