Son mənzili Xəzər oldu . Qumral Sadıqzadə
nə də həvəsi var. Odur ki, dükanı satıb pulunu qızıla çevirdi, nəvələri üçün saxladı. Demək olar ki, onun heç yerdən gəliri yoxdu. Bəzən ona nəzir gətirirdilər:
Seyid Sadıq nəzir-niyaza etibar etmədi. Xeyli götür-qoydan sonra bu qərara gəldi ki, köhnə peşəsinin dalınca getsin: cavanlığında uzun müddət dənizdə üzmüş, əvvəllər adi matros, sonralar lap kapitan köməkçisi də olmuşdu. Yenə dənizçi oldu. Xəzər dənizinin hər yerinə bələd olduğundan ticarət gəmilərindən birində bosmanlığa başladı.
… Mehinbanu ərini küçə qapısından yola salıb dalınca yarım vedrə su atdı, dodaqaltı pıçıldadı:
– Allah köməyin olsun, sağ-salamat gedib qayıdasan! – boş vedrəni çarhovuzun kənarına qoyub mətbəxə getdi. Badam içini qaynar suya töküb qabığını çıxartmağa başladı.
Seyid Hüseynlə Mirpaşa kərpicin üstündə oturub qoz sındırıb süfrəyə tökür, Zübeydə ilə Zəhra onları arıdırdılar. Bir azdan Zübeydə qoz qabıqlarını xəlbirə yığıb Mirpaşaya verdi:
– Apar tök zibil yeşiyinə, – dedi.
Ertəsi gün səhər tezdən Mehinbanu xəmir yoğurub güllü çit yorğança ilə tabağın üstünü örtdü, mətbəxin bir küncünə, kətilin üstünə qoydu.
Həyətin sağ tərəfindəki bu böyük mətbəx hündür tağla iki hissəyə ayrılmışdı. Tağın içəri tərəfində təndir, yanında balaca kürə vardı. Kürənin yanında samovar üçün yer də düzəldilmişdi. Tağın üstünə palaz salınmış, divar dibində xırda döşəkçələr qoyulmuşdu. Adatən, burada süfrə açar, səhər-axşam yeyib-içərdilər. Orucluq ayında, hətta qış vaxtı belə isti yorğan-döşəkdən durub obaşdanlıq etməyə mətbəxə gələrdilər.
Mehinbanu taxtın üstündə qolları çirməkli əyləşib, par-par parıldayan birinci ləyəndə qoz içi qarışdırırdı. Bir az əvvəl xəmir yoğurduğundan yorulub əldən düşmüş, təndirdə çırtha-çırtla yanan odunların istisindən, mətbəxin damındakı qoşa bacadan düşən günəş şüalarından üzü qızarmışdı. O, yaylığı ilə üzünün tərini silib nəvəsini səslədi:
– Ay Rübabə, gəl bu pəncərəni aç, lap isti oldu mənə…
Məşədi Durnısa həyətdəki çarhovuzun yanında, kənarlarında Qurandan ayələr həkk olunmuş mis məcməyiləri küllə sürtüb təmizləyirdi. (Şəkərburanı, paxlavanı, şəkərçörəyini və sairə bayram şirnisini bu məcməyilərə düzüb, içinə bir qədər su tökülmüş mis qazanların ağzına qoyub təndirdə bişirirdilər). O, Mehinbanunun səsini eşitcək, yuyub pak elədiyi məcməyiləri götürüb mətbəxə getdi, qurumaq üçün onları kürənin üstünə dikinə qoydu, küçəyə baxan pəncərənin bir tayını açdı.
– Seyidxanımın nökəri gəlir bizə, – dedi:
Mehinbanu bir az qabaq istidən karıxanda başından açıb çiyninə atdığı örpəyini örtdüyü, əl saxlayıb qapıya tərəf çöndü, qızının nökəri Əlinin gəlməsini gözlədi.
Oğlan başını mətbəxin qapısından uzadıb soruşdu:
– Ağa evdədir? – sonra ortalıqdakı şeyləri görüb gülümsədi:
– Xanım, çox mübarəkdir, neçə belə bayramlara çatasınız, – dedi.
– Çox sağ ol! Xeyir ola, bala, ağanı neynirsən? Evdə deyil.
– Heç, ağam dedi ki, bizə gələsiz.
Mehinbanu təşvişlə soruşdu:
– Axı nə olub, uşaqlar xəstə-zad deyilki?
– Xeyir xanım, uşaqlar salamatdır. Neçə gündür xanımım xəstədir. Bu gün səhər deyirdi ki, sizi görmək istəyir…
Mehinbanunun dizləri əsdi. Bir müddət donub qaldı. Sonra əllərini silib qızlara dedi:
– Xəmirin üstünü açın, qıcqırar, gec gəlsəm, molla ilə başlayın bişirməyə. Gedim görüm, başıma nə daş salıram – o əllərini yaxalayıb tələsik paltarını dəyişdi, nökərlə qızıgilə getdi.
… Seyidxanım əvvəl də bərk xəstələnmişdi. Əri Ələkbər vaxtında xəbər tutub tez müalicəyə başlamış, ona yaxşı qulluq etmiş, yemək-içməyinə xüsusi diqqət yetirmiş, həkimin məsləhətlərinə dəqiq əməl etmişdi. Bütün bunların nəticəsində arvadını tez bir zamanda ayağa qaldıra bilmişdi. Ancaq yeganə qardaşının – Mirkazımın qəflətən həlak olması onu sarsıtdı. Matəm günlərində özünü döyüb ağlamaqla bir az da zəiflədi, vaxtında yeyib-içmədi. Xəstəliyi təzədən baş qaldırdı. Əri yenə həkim gətirdi, dava-dərman tapdı, uzun müalicədən sonra onu sağalda bildi. Seyid Sadıqla Mehinbanu da gecə-gündüz qızlarının şəfa tapması üçün allaha yalvarıb dua edirdilər ki, dərd-bəla tamamilə ondan uzaqlaşıb. Ona görə də Mehinbanu qızının xəstələnməsini eşidəndə qorxudan dizləri əsdi.
… Seyidxanım xalça döşənmiş təmiz, səliqəli otağın yuxarı başında, taxta çarpayıda uzanmışdı. Ana diqqətlə qızına baxdı: qız iki-üç həftə bundan qabaq gördüyündən bəri xeyli arıqlamış, zəifləmişdi. Mehinbanu özünü ələ alıb xəstəyə yaxınlaşdı, üzündən öpdü, çarpayısının ayaq tərəfində, ipək yorğanı qaldırıb oturdu:
– Bəs mənə niyə xəbər eləməmisiz? – dedi, – Allah bilir, neçə gündür yatırsan, hə?
– Səni narahat eləmək istəmədim, memə. Dedim yəqin soyuqdəymədir, keçib gedər.
– Əlbəttə! Keçib-getməyib neynəyəcək? Həkim gəlmişdi, nə deyir? – ana ürəyində ümid edirdi ki, bəlkə bu başqa xəstəlikdir, o zəhrimardan deyil, ona görə də qorxa-qorxa həkimin nə dediyini bilmək istəyirdi.
Seyidxanım bir qədər dinmədi. Anasını bu acı xəbərdən qorxuya salmaq istəmədi. Ancaq sonra başa düşdü ki, gizlətməyin mənası yoxdur, əvvəl-axır biləcək.
– Köhnə dərddir elə yenə də, ay memə. Həkim dedi ki, gərək üçüncü uşağı doğmayaydın.
– Necə yəni doğmayaydın?! Bəyəm bu səndən asılıdır? Allah-təala verən övladdır də…
– Nə bilim, deyir də…
Gülnisə balaca boşqabda toyuq suyu və bir tikə çörək gətirdi. Xəstə tamamilə iştahdan kəsilmişdi. Demək olar ki, heç nə yemirdi. İndi də üz-gözünü turşudub məcməyini əli ilə yana itələdi. Bu vaxt Ələkbər içəri girib dinməz-söyləməz qaynanası ilə görüşdü. Arvadının yemək istəmədiyini görəndə qanı qaraldı:
– Ana, sən Allah, bir onu başa sal ki, bu xəstəliyin dərmanı ancaq qüvvətli yeməkdir. Səhərdən dilinə heç nə vurmayıb. Belə olmaz axı?!
Seyidxanım üzünü divara çevirib səssizcə ağlamağa başladı. Onun ürəyinə dammışdı ki, bu dəfə xəstəlikdən xilas ola bilməyəcək. Mehinbanunun ürəyi kövrəlsə də, özünü saxladı, qızına ürək-dirək verdi.
– Ey bu olmadı ki! Ağlamaq niyə gərək? Birinci dəfədir? Fikir eləmə, Allah qoysa, yenə tezliklə sağalıb ayağa duracaqsan. Hər şey özündən aslıdır. Uşaq deyilsən ki… özün bilirsən, gərək yaxşı yeyesən ki, tez də sağalasan. Ala, toyuq suyunu