Hekayələr / Рассказы. Tağı Şahbazi Simurğ
yerdə bir araba atını yıxılmış, ya bir araba oxundan və ya da çarxından sınan görsəydi, dərhal kömək edərdi…
Bəli, neçə müddət idi ki, Qurbanqulu subay idi və heç evlənmək məsələsini xatırına gətirməyirdi.
Bir gün anasına deyir:
– Ana, gəl sən məni evləndir, nə qədər subay qalacağam? Şəriətimizə gərək əməl edək.
Anası xoşnud olur, zira nə qədər Qurbanquluya təklif etmişdisə də, rədd cavabı almışdı… Anası da bu əhvalatı Qurbanqulunun bibisi şah Zeynəbə xəbər verir. Bunlar fikirləşib, işi bu yerdə qoyurlar ki, qonşu kənddən Fərəc kişinin yetim qızını ona alsınlar. Fərəc kişigil yaxın kənddə sakin idilər; iki arvad almışdı ki, onlardan biri günülüyə davam etməyib, ikinci arvad alandan sonra o dünyaya köçmüşdü. O arvaddan iki oğlan, iki də qız qalmışdı. Qızların biri – ən böyüyü gözəl deyildi; qız həm çopur, həm də bir ayaqdan şikəst idi. O idi ki, nə qədər elçi Fərəcgilə gəlirdisə, hamısı kiçik qızı seçirdi, fəqət Fərəcin yeni arvadı bunu bilirdi ki, balaca qızın “müştərisi” çoxdur, ancaq böyüyü qabaqcadan başdan olmalıdır. Elçilər də böyüyü istəməyirdilər. Onda da Fərəcin arvadı deyirdi ki:
– Əgər balacasını istəyirsinizsə, dayanın, gözləyin, əvvəlcə böyüyü verək, sonra balacası sizindir.
Bir çoxları da vaqiən gözləyirdilər; bibi və ana məsləhət və məşvərətdən sonra Fərəcin balaca qızı olmasa, böyük qızını almağa qərar verdilər. Bu barədə söz yox idi ki, Qurbanqulunun rəyi sual olunmamışdı. Bir gün baldız, gəlin kitab açdırıb, xoş gün seçib qonşu kəndə yollandılar. Qızlar ikisi də evdə hazır idi. Böyük qız dərhal qonaqların hansı “qonaqdan” olduğunu duyur, qaçıb gizlənir. Yazıq qız bilirdi ki, onsuz da elçilər onu bəyənməyəcəklər… Xəmir gəldiyinə görə çörəyi yapmaq (bişirmək) lazım gəlir. Fərəcin arvadı əziz qonaqları təkid ilə saxlayır ki, çörək bişirilsin, təzə çörək yesinlər, sonra getsinlər… Qərəz, Qurbanqulunun bibisi nə üçün gəldiklərini Fərəcin arvadına təklikdə bildirir; Fərəcin arvadı böyüyünü verməyə, hər halda, razı olduqlarını məlum edir. Elçilər sözləşib evə qayıdırlar. Qurbanquluya xəbər verirlər ki, ona bir qız almışlar. Əvvəlcə Qurbanqulu kimi, necə qız olduğunu sual etmir.
Bir neçə gündən sonra üzük aparırlar; Fərəcin böyük qızı Qurbanqulu üçün alınır. Bir neçə vaxt keçəndən sonra, Qurbanqulu bibisindən, söhbət əsnasında adlısının necə qız olduğunu sual edir. Bibisi də tərifə başlayır: “Uzunboylu, qarasaçlı bir cavana qız, özü də 19 yaşında, səndən də bir 8-9 il balaca – saçlı-birçəkli qız. Daha sənə nə lazımdır? Özü də işbacaran, işli-güclü; səhər tezdən xəmir yoğurub çörək yapar, inəkləri sağar, atları yemlər, qoyunları görər… Belə bir qızı sən daha tapa bilməzsən”. Qurbanqulu razı olur, amma yenə bir görmək istəyir. Onda bibisi: “Xalqın qızını sənə necə göstərək?” – deyə məəttəl qalır. Qurbanqulu isə deyir ki, mən özüm gedib hasardan, qapıdan baxaram, bəlkə gördüm.
İttifaqən Qurbanqulunun bacısı azarlayır.
Məlum şeydir ki, kənddə həkim-doktor zad tapılmaz. Bir qədər “türkəçarə” edəndən sonra, belə məlum olur ki, guya Qurbanqulunun bacısı qorxmuş, ona görə bina qoyulur ki, qızı K. kəndinə aparıb çildaqlasınlar, qorxuluğunu götürsünlər. Bu kənd də Fərəc olan kənddir ki, orada bir köhnə pir var. Bu pirə qorxmuşları, naxoşları gətirib nəzir-niyaz edirlər.
Qurbanqulunun bacısını bu kəndə gətirmək lazım idi. Bir gün cümə axşamı idi; Qurbanqulu arabasını qoşub, anasını, bacısını mindirib həmin pir olan kəndə yollandılar. Fərəc kişinin evi pirin yolu üstündə vaqe imiş. Qurbanqulu arabanı evin yanından sürəndə, arabanın üstündən boylanıb həyətə baxır və həyətdə bir qız görcək: “Ana, söylə görüm, bu qızdırmı Tükəzban xanım?” – deyə sual etdikdə, anası da boylanıb Fərəcin balaca qızını tanıyırsa da, ancaq oğluna deyir ki, “o qız sənin adlındır”. Bunu eşitcək Qurbanqulu şad olur ki, aldığı qız gözəl imiş. Yazıq nə bilsin ki, gördüyü qız onun adlısı deyilmiş… Pirdən qayıdandan sonra Qurbanqulunun da bacısı sağalmağa başlayır. Bir az müddət keçəndən sonra gəzməyə başlayır. Bu hində Qurbanqulu anasına xəbər verir ki, artıq gözləmək mümkün deyildir, indi bu saat evlənəcəkdir. Nə qədər buna təkid olurlar ki, toyu yayda etmək münasibdir, guya toyda qonaqları cəm edib pul yığmaq mümkün olar, Qurbanqulu razı olmur. Aşkar deyir ki, mən pullu toy etməyəcəyəm, ona görə də yaya saxlamağa ehtiyac yoxdur…
Bir ay bu əhvalatdan sonra toy edib Fərəcin böyük qızı Tükəzban xanımı Qurbanqulu üçün gətirirlər. Əhvalatın ləzzətli yeri bura imiş. Zifaf otağında təzə gəlini görcək Qurbanqulu təəccüb edib dalı çəkilir: “Bumudur mənim üçün aldıqları qız?!” Halbuki, bir-iki ay bundan əqdəm bacısını pirə aparanda gördüyü qız ilə bunun heç oxşayışı yoxdur, fikrilə: “Vay, mənim evimi yıxan, evin yıxılsın!” – deyib otaqdan bayıra çıxır və anası ilə, bibisi ilə davaya başlayır:
– Siz mənə bir gözəl qız almışdınız, bu qızın ki, bir gözəlliyi yoxdur, siz mənim evimi yıxdınız! – deyə şikayət edib ağlayır.
Bu halda Qurbanqulunun bacısı, otaqda tək qalmış təzə gəlinin yanına gedib, belə bir mənzərə görür: otağın bir küncündə gəlin dizlərini qucub ağlayır.
– Balam, nə üçün sən ağlayırsan, gəlinimiz?
Qız cavab vermir, bir də sual etdikdə, gəlin:
– Məni bu kişiyə veriblərmiş, mən heç buna getmək istəmirəm, heç xoşuma gəlmir! – deyə ağlamaqda davam edir.
Təzə gəlinin bəyi bəyənməyib ağlamasından bəyi xəbərdar edirlər. Qurbanqulu bir çox fikirdən sonra:
– Fələk yazanı biz pozmayacağıq ki: qismət belə imiş! – deyə otağa daxil olub, gəlinin əlindən tutub deyir: – Balam, nə sən ağla, nə mən ağlayım, bizim qismətimiz belə imiş. Sən də, mən də, ikimiz də bir dərdə, bir qəmə mübtəla olmuşuq, qoy bizi evləndirənlər şad olsunlar. İkimizin qəmi birdir.
Əhvalat bu yerə çatdıqda kişi dayandı. Bir azdan sonra ahəstə səslə:
– Hə, Qurbanqulu belə evləndi, – deyib qəlyanım kök etməyə başladı.
Uşaqlar yuxu ilə mübarizə edirdilər. Dayı dayanandan sonra xamuşluq oldu. Bir kəs bir söz deməyə sanki cürət etməyirdi.
– Görürəm uşaqların yuxusu gəlir. Uşaqlar, yatınız, sabah gecə sizdəyəm, yenə danışarıq, – deyə kişi qalxıb qəlyanı çəkməyə bayıra çıxdı. Və bayırdan: – Soyuq daha da şiddət edir, aləmi qar bürüyüb, bizim xəbərimiz yox, – dedi.
Uşaqlar yatacaqlarına girdilər, bir saatdan sonra tamam ev yuxuya qərq oldu.
ŞƏKƏRƏLİ ÇOBAN
Şəkərəli böyük bir qoyun sürüsünü ağacla kənddən çölə qovurdu.
Fəsillərin ən gözəli, ən səfalısı bahar vaxtı olduğundan o tərəf-bu tərəf yaşıl otlar, əlvan çiçəklər ilə bəzənmişdi. Güllərin ətri otların