Dədə Qorqud dastanları. Народное творчество

Dədə Qorqud dastanları - Народное творчество


Скачать книгу
oğlana hücüm etdi. Oğlan yenə buğanın alnına möhkəm bir yumruq vurdu; bu dəfə buğanın alnına yumruğunu dayadı, itələyib meydanın başına çıxartdı.

      Oğlanla buğa xeyli çəkişdilər. Oğlan fikirləşib öz-özünə dedi: “Bir dama dirək vururlar, o dama dirək olur. Mən niyə bunun alnına dayaq olub dururam?” Yumruğunu buğanın alnından çəkib, yolundan atıldı. Buğa ayaq üstündə dura bilmədi, yıxıldı; təpəsi üstə düşdü. Oğlan bıçağına əl atdı. Buğanın başını kəsdi.

      Oğuz bəyləri gəlib, oğlanın başına toplaşdılar, əhsən dedilər. “Dədə Qorqud gəlsin, bu oğlana ad qoysun; özüylə götürüb, atasının yanına getsin. Atasından oğlana bəylik istəsin, taxt alıb versin”, – dedilər.

      Dədə Qorqud isə oğlanı belə alqışladı:

      Bu oğlan Bayandır xanın uca meydanında vuruşmuşdur. Sənin oğlun bir buğa öldürmüşdür, qoy adı “Buğac” olsun. Adını mən verdim, yaşını Allah versin, – dedi.

      ***

      Dirsə xan oğlana bəylik verdi, taxt verdi. Oğlan taxta çıxdı, atasının qırx igidini unutdu. O qırx igid həsəd apardı, kin saxladı. Bir-birinə söylədilər: ”Gəlin oğlanı atasının gözündən salaq. Bəlkə, atası onu öldürə, hörmətimiz onun atası yanında yenə xoş ola, artıq ola”, – dedilər.

      Bu qırx igidin iyirmisi bir yana, iyirmisi də o biri yana getdi. Əvvəlcə iyirmisi gedib, Dirsə xana bu xəbəri gətirdi: “Görürsənmi, Dirsə xan, nələr oldu? Yarımasın sənin oğlun, nankor və fərsiz çıxdı. Qırx igidi dəstəsinə qatıb, Qalın Oğuzun üstünə yürüş etdi. Harada gözəl vardısa, çəkib aldı. Ağ saqqalı qocanın ağzına, ağ birçəkli qadının südünə söydü.

      “Dirsə xanın oğlu belə yaramaz işlər görüb” desələr, yer üzündə gəzməyindən ölməyin yaxşı olar. Bayandır xan səni çağırar, sənə ağır cəza verər. Belə oğul sənin nəyinə gərəkdir? Belə oğlun olmasından olmaması yaxşıdır. Öldürsənə! – dedilər.

      Namərdlərin o biri iyirmisi də gəlib çıxdı və bir iftira da onlar gətirdilər. Dedilər: “Dirsə xan, sənin oğlun köksü gözəl böyük dağa ova çıxdı. Sən var ikən ov ovladı, quş vurdu. Anasının yanına götürüb gəldi. Anası ilə dilbir olub, atasına qəsd etmək istəyir. Sənin oğlun nankor çıxdı. Ala dağdan ötüb, xanlar xanı Bayındıra xəbər çatar. “Dirsə xanın oğlu belə yaramaz işlər görüb” deyərlər. Səni çağırdarlar, Bayındır xanın yanında sənə cəza verərlər. Belə oğul nəyinə gərəkdir? Öldürsənə!”– dedilər.

      Dirsə xan dedi: “Gedin gətirin, öldürüm! Belə oğul mənə gərək deyil!”

      Dirsə xanın nökərləri deyir: “Biz sənin oğlunu necə gətirək? Sənin oğlun bizim sözümüzü dinləməz, bizim sözümüzlə gəlməz. Qalxıb yerindən dur. İgidlərini oxşayıb başına yığ; oğlunla görüş, yanına alıb ova çıx. Quş uçurub ov ovlayanda oğlunu oxlayıb öldür! Əgər belə öldürməsən, bil ki, başqa cür öldürə bilməzsən!”

      Dirsə xan sübh tezdən oğlunu yanına salıb, öz qırx igidinin dəstəsinə qoşdu, ova çıxdı. Ov ovladılır, quş vurdular. O qırx namərdin bir neçəsi oğlanın yanına gəlib deyir: “Atan dedi, keyikləri qovub gətirsin, mənim qarşımda toplasın; oğlumun at səyirtməyini, qılınc çalmağını, ox atmağını görüm, öyünüm!”

      Oğlan cavandır, nə bilsin? Keyiki qovub gətirir, atasının qarşısında qıcıqlandırıb-acıqlandırırdı ki, “atam at çapmağıma baxsın – fərəhlənsin, qılınc çalmağıma baxsın – sevinsin!”

      O qırx namərd isə deyir: “Dirsə xan, görürsənmi, oğlanı? Çöldən-düzdən keyiki qovur, sənin qabağına gətirir ki, keyikə atarkən oxla səni vurub öldürsün!”

      Oğlan keyiki qovarkən atasının önündən gəlib-gedirdi. Dirsə xan Qorqud sinirli bərk yayını əlinə aldı. Üzəngiyə qalxıb möhkəm çəkdi, sərrast atdı: oğlanı iki kürəyinin arasından vurub yıxdı. Ox yarasından oğlanın qanı şoruldadı, qoynuna doldu. O, bədəvi atının boynunu qucaqlayıb yerə yıxıldı.

      Dirsə kövrəlib oğlunun üstünə atılmaq istədi. O qırx namərd qoymadı. Atının cilovunu döndərib qərargahına gəldi.

      Dirsə xanın arvadı “oğlancığımın ilk ovudur” – deyib atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırmışdı. “Ovu qanlı Oğuz bəylərini yedirim-içirim, sevindirim” dedi. Qırx incəbelli qızı özü ilə götürdü. Dirsə xana tərəf getdi. Dirsə xanın üzünə baxdı. Sağına-soluna göz gəzdirdi, oğlunu görmədi. Ürəyi yerindən oynadı. Qara qıyma gözləri qan-yaşla doldu. Çağırıb Dirsə xana söyləyir:

      – Xan atamın kürəkəni, başımın tacı, oğlum hanı?

      Arvadı belə danışanda Dirsə xan cavab vermədi. Qırx namərd qabağa gələrək dedi: “Oğlun sağ-salamatdır, ovdadır. Bu gün-sabah harda isə, gələr. Qorxma, qayğılanma, bəy sərxoşdur, cavab verə bilmir”.

      Dirsə xanın arvadı geri döndü. Dözmədi, qırx incəbelli qızı özü ilə götürüb, bədəvi ata mindi, oğlunu axtarmağa getdi. Qışda-yazda qarı-buzu əriməyən Qazlıq dağına gəldi. Alçaq yerləri gəzdi, çapıb uca yerlərə çıxdı. Gördü ki, bir dərənin içində qarğa-quzğun enir, qonur, qalxmır. Bədəvi atını o tərəfə sürdü.

      Sən demə, oğlan o arada yıxılıbmış. Qarğa-quzğun qan görüb, oğlanın üstünə qonmaq istəyirdi. Oğlanın iki ov iti vardı, qarğa-quzğunu qovurdu, qonmağa qoymurdu. Oğlan orada yıxılanda Boz atlı Xızır oğlanın yanında hazır oldu. Üç dəfə yarasını əliylə sığallayıb: “Oğlan, qorxma, sənə bu yaradan ölüm yoxdur. Dağ çiçəyi ilə ananın südü sənin yarana məlhəmdir” – deyib yox oldu.

      Oğlanın anası çapıb oğlanın olduğu yerə çatdı. Baxdı, gördü, oğlu al qanına bulaşıb yatır. Bu zaman anası çığıraraq oğlancığına ağladı, sızladı, oxşadı.

      Elə bu vaxt Buğac anasının səsini eşitdi. O, başını qaldırdı, azacıq gözünü açdı. Anasının üzünə baxdı. Oğlan dedi: “Ana, ağlama: qorxma, bu yaradan mənə ölüm yoxdur. Boz atlı Xızır yanıma gəldi, üç dəfə yaramı sığalladı. “Bu yaradan sənə ölüm yoxdur. Dağ çiçəyi ilə anan südü sənə dərmandır”, – dedi”.

      Oğlan belə dedikdə qırx incəbelli qız yayılıb, dağ çiçəyi topladı. Oğlanın anası əmcəyini bir sıxdı, südü gəlmədi, iki sıxdı, südü gəlmədi. Üçüncüdə özünə bir zərbə vurdu, sıxdı, südlə qan qarışıq gəldi. Dağ çiçəyi ilə südü oğlanın yarasına çəkdilər. Oğlanı ata mindirdilər, götürüb evə gətirdilər. Oğlanı həkimlərə tapşırıb Dirsə xandan gizlətdilər.

      At ayağı iti, ozan dili çevik olur, deyirlər. Oğlanın yarası qırx gündə sağaldı, sap-sağlam oldu. Oğlan ata minir, qılınc qurşanırdı. Ov ovlayır, quş vururdu. Dirsə xanın isə xəbəri yox idi. Oğlunu ölmüş bilirdi.

      O qırx namərd bunu duydu. “Nə eyləyək?” deyə düşündülər. “Dirsə xan oğlunu görərsə, oturmaz, hamımızı qırar”, – dedilər. “Gəlin Dirsə xanı tutaq, ağ əllərini ardına bağlayaq, ağ boynuna qıl sicim taxaq, götürüb kafir ellərinə gedək”. Belə də etdilər. Dirsə


Скачать книгу