Dədə Qorqud dastanları. Народное творчество
bilmədi, qarşıya gəlib söylədi:
Ağ saqqallı qocalar gedirsə, mənimkidir,
İçində sənin də ağ saqqallı atan varsa, de mənə,
Savaşmadan-vuruşmadan xilas edim, qayıt geri!
Mənim üçün gəldinsə, oğlancığımı öldürmüşəm.
İgid, sənin yazığın gəlməsin, qayıt geri!
Oğlan burada atasına belə cavab verdi:
Sənin ağsaqqalı qocaların gedirsə,
İçində mənim də bir ağlı çaşmış,
Başı itmiş qoca atam var qırx namərdə
qoymaram! – dedi.
Buğac çalmasını çıxarıb yellədi. Onun igidləri bunu gördü bədəvi atlarını oynadaraq oğlanın yanına yığıldı.
Oğlan qırx igidini götürüb, atını irəli sürdü, vuruşdu, döyüşdü. Kiminin boynunu vurdu, kimini dustaq etdi. Atasını xilas edib geri döndü. Atası oğlunu görüb çox sevindi.
Xanlar xanı Buğacın bu igidliyinə görə ona bəylik verdi, taxt verdi.
Dədəm Qorqud bu oğuznaməni onun üçün düzdü-qoşdu:
Çaparkən ağ-boz atın büdrəməsin!
Döyüşəndə böyük, iti polad qılıncın gödəlməsin!
Vuruşarkən uzun nizən əyilməsin!
Ağ birçəkli ananın yeri behişt olsun!
Ağ saqqallı atanın yeri cənnət olsun!
Haqq yandıran çırağın daim yansın!
Qadir Tanrı səni namərdə möhtac eyləməsin,
xanım, hey!
II Boy
2. SALUR QAZANIN EVİNIN YAĞMALANDIĞI BOY
Bir gün Amit soyunun aslanı, Qonur atın yiyəsi, Uruz xanın ağası, Bayandır xanın kürəkəni, Qalın Oğuzun dayağı, igidlərin arxası Ulaş oğlu Salur Qazan xan doxsan otaqlı sarayında böyük bir qonaqlıq verirdi. Ulaş oğlu yeyib-içib şənlənəndən sonra dedi: “Sözümü dinləyin, səsimə səs verin, bəylər! Yata-yata yanımız ağrıdı. Dura-dura belimiz qurudu. Duraq gedək, a bəylər! Ov ovlayaq, quş vuraq, sığın-keyik yığaq, qayıdıb evimizə gələk, yeyib-içək, günümüzü xoş keçirək!”
Bütün bəylər Qazanın bu fikrinə sevindilər. Atağızlı Aruz qoca iki dizi üstünə çöküb dedi: “Ağam Qazan, Gürcüstan sərhəddinə gedirsən, qərargahının üstündə kimi qoyursan?”
Qazan dedi: “Oğlum Uruz üç yüz igidi ilə evimin keşiyində dursun”.
Saymaqla tükənməyən Qalın Oğuz bəyləri atlarına minib Ala dağa ova yollandılar.
Bunu görən kafirin casusu tez Şöklü Məliyə xəbər verdi. Din düşməni kafir atını tez mindi, çapdı, gecə yarısı Qazan bəyin düşərgəsinə gəldi. Oğuz elini tar-mar etdilər, qız-gəlinlərini əsir götürdülər, dəvələri qızılla yükləyib götürdülər. Bununla gözü doymayan kafirlər Qazan xanın xanımını və qocalmış anasını da əsir götürdülər.
Qazan xanın oğlu Uruz bəy üç yüz igidlə əsir düşdü. İlək Qoca oğlu Sarı Qalmaş şəhid oldu.
Bütün bunlarla gözü doymayan kafirlərdən biri dedi, bəylər, Qazan xanda bir heyfimiz qaldı.
Şöklü Məlik dedi: “Ədə, nə heyfimiz qaldı?”
Kafir: “Qazanın Qapılı Dərbənddə on min qoyunu vardır. O qoyunları da götürsək, Qazana çox böyük ziyan vurardıq”, – dedi.
Şöklü Məlik: “Altı yüz kafir getsin, qoyunları gətirsin”, – dedi.
Altı yüz kafir atlandı, qoyunları almağa getdilər.
Həmin gecə Qapılı Dərbənddə Qazanın qoyunlarını otaran Qaraca çoban qorxulu bir yuxu gördü. Yuxudan hövlnak oyanan Qaraca Çoban Qabangücü və Dəmirgücü adlı qardaşlarını yanına çağırdı. Ağılın qapısını bərkitdi. Üç böyük təpə boyda daş yığdı, ala qollu sapandını əlinə aldı. Elə bu zaman kafirin atlıları gəlib çıxdılar. Kafirlərin başçısı dedi: gecə gündüz qayğılı çoban, Qazan xanın evini yıxdıq, atlarını mindik, anasını, xanımını, oğlunu əsir götürdük. Sən də bizə tərəf keçib təzim etsən, baş endirsən səni öldürmərik. Şöklü Məliyin yanına apararıq, bəylik alıb verərik.
Bunu eşidən Qaraça Çoban qəzəbləndi: ey mənim itimə bərabər tutduğum, onunla bir qabda yal içən kafir, əgər atına güvənirsənsə, onu qara başlı keçimlə dəyişmərəm. Başındakı dəbilqəni öyürsənsə, başımdakı çoban papağıma dəyişmərəm, Nizəndən deyib qürrələnirsən, ay murdar, bu dəyənəyə tay tutmaram. Yaxına gəlsən, igid zərbəsi görüb sonra gedərsən.
Kafirlər irəli cumub ox atdılar. Qaraca çoban sapandının ağzına daş qoyub döyüşə girdi. Çoban hər sapandı atanda ikisini-üçünü yıxırdı. İkisini atanda üçünü-dördünü yıxırdı. Buna baxmayaraq, çobanın iki qardaşı oxlandı, şəhid oldular. Bunu görən çoban daha da qəzəblənmişdi, sapand daşları bitdiyindən qoyun demir, keçi demir, sapandın ağzına qoyub atırdı.
Kafirin gözü yaman qorxdu, dünya-aləm onlar üçün qaranlıq oldu. “Arzusu gözündə qalsın, bu çoban birdən bizim hamımızı qırar?!”– deyib qaçdılar.
Çoban həlak olan qardaşlarını dəfn etdi. Bu böyük dərdə dözə bilməyib ağladı, sızladı, Qazanı səslədi: “Salur Qazan, bəy Qazan! Ölüsənmi, dirisənmi? Bu işlərdən xəbərin yoxdurmu?”
***
Bu hadisə elə Qazana da agah olur. O da həmin gecə qarma-qarışıq bir yuxu görərək narahat olub, yuxusunu qardaşı Qaragünəyə danışır. Deyir ki, qardaş, yuxuda gördüm ki, yumruğumda bir şahin çırpınıb, quşumu əlimdən alır, hündür evimin üzərinə göydən ildırım çaxır. Qatı, qara dumanın düşərgəmin üstünü bürüdüyünü gördüm. Quduz qurdların evimi dəldiyini gördüm. Qara dəvənin ənsəmdən qapdığını gördüm. Gördüm ki, qara saçım qamış kimi uzanır, uzandıqca gözümü örtür. Əllərimdə on barmağımı qan içində gördüm. Bu yuxunu görəndən bəri ağlımı-huşumu yığa bilmirəm. Xan qardaşım, bu yuxumu yoz mənimçin!”
Qaragünə deyir: “Qara bulud sənin taleyindir. Qar ilə yağmur dediyin sənin qonşundur. Saç qayğıdır, dərddi-sərdi. Qan – qanqaralıqdır. Qalanın yoza bilmərəm, Allah yozsun”.
Belə dedikdə Qazan dedi: “Mənim ovumu pozma, qoşunumu dağıtma! Mən bu gün qonur atımı çapıb, üçgünlük yolu bir günə gedərəm; evə dəymədən yurduma baş çəkərəm. Əgər salamatlıqdırsa, axşam olmadan yenə sənin yanına gələrəm. Oradakılar sağ-salamat deyilsə, başınıza çarə edin. Mən daha getdim. Qazan bəy Qonur atını mahmızladı, yola düşdü. Gəlib yurduna çatdı. Gördü ki, yurdunda bir tazı qalıb. Qazan bəy üzünü yurduna tutaraq dedi: – səni bu günə kim salıb, ay mənim qohum-qəbiləli yurdum?
Bu halı gördükdə Qazanın qara qıyıq gözləri qan-yaşla doldu. Qanı damarlarında qaynadı. Qonur atını dizləri ilə vurub, kafirin keçdiyi yolla getdi. Onun qarşısına bir su çıxdı. Qazan dedi: “Su