Könlüm Qarabağdadır. Теймур Эльчин
Qorqud yaxşı deyib:
At ayağı, ozan dili
Çapıb gedər,
Dalda qoyar ayı, ili.
Dirsə oğlu
Tez böyüdü, tez boy atdı.
On yaşında
Xəncər taxdı, at oynatdı.
Gəzdirdiyi yaydı, oxdu.
Qoç olsa da, adı yoxdu.
Hər oğulun
Hünərini görsün gərək
El-camaat.
Qorqud baba özü gəlsin,
Tərif desin, o versin ad.
Keçdi aylar,
İllər ötdü.
Neçə bahar
Gəlib getdi.
On beş yaşa çatdı oğul.
Anasına şəkər, noğul,
Atasına igid, əsgər.
Ana üçün şirin yuxu,
Ata üçün yaraq, xəncər.
On beş yaşa çatdı oğul.
At belinə hər yatanda,
Yay çəkəndə, ox atanda,
Göydən yerə endirəndə
O, quşları,
Hünərinə mat qalırdı
Tay-tuşları.
Yıxılmırdı,
At üstündən
Səndələyib yıxılanda
Yaşıdları.
Qayalara qonurdu o,
Bala qartal olurdu o.
Ana görüb yalvarırdı:
– Qıyma bizə, canım oğul!
Yıxılarsan
Dərin-dərin dərələrə,
Neylərəm mən?!
Qarğalara, quzğunlara
Yem olarsan,
Neylərəm mən?!
Ata görüb öyünürdü:
– Qorxma, oğul!
Qıy vurmağı
Qartallardan
Öyrən, oğul!
Qayalarda
Qartal doğul!
Dağ döşündə meydan qurub
oğuzlar.
Qoç igidlər burda tez-tez
güləşər.
Gah nizələr, gah qılınclar,
toppuzlar
Cavanların al qanına
bulaşar.
Kim basılsa, bu yerləri
tərk edər,
Oğuzların arasında
görünməz.
Yazılmamış bu qanunu
dərk edər:
İgid ölər, torpaqlarda
sürünməz!
Qızlar burda özlərinə
yar seçər,
Ürəyində əhd-peyman
bağlayar.
Uğursuzlar bu meydandan
yan keçər,
Öz dərdinə için-için
ağlayar…
Meydan bu gün oğuzlarla
doludur,
Ağ çadırda var-gəl edir
Dirsə xan.
Meydan tutub ad istəyən
oğludur,
Necə dözər onu qurban
versə xan?!
Qırx igidi durubdur
sağ-solunda,
Arxasında dəstəbaşı
“Pəzəvəng”.
Xan əmr etsə, baş qoyarlar
yolunda,
Ondan ötrü hər birisi
şir-pələng.
Meydanbaşı car çəkir:
– Bu gün burda qanlı toy var,
Yığışıb bütün elat.
Döyüşəcək Dirsə oğlu,
Yaddan çıxıb zarafat.
İynə atsan, yerə düşməz:
Qayalara çıxan kim,
Bardaş qurub oturan kim,
Ayaq üstdə baxan kim…
– Başlayırıq, camaat!
Buğa indi gələcək…
Carçı qaçır.
Dirsə oğlu qalır tək!
Gətirirlər
Dəmir-zəncir vurulmuş,
Üç ay qabaq burulmuş
Qara, qızmış buğanı.
Meydan qalxır,
Uğuldayır bir anda.
Qıyya qopur
Qara buğa
Zəncirini qıranda.
Buğa cumur,
Elə bil ki, dəyəcəkdir
Dağ-dağa.
Dirsə oğlu
Qabağından sovuşur.
Dayanıb baxır buğa,
Gözləri – qan çanağı.
– Bax, indicə
Buynuzuna alacaq…
– Aman Allah!..
Uşaqdır, uşaq!..
Dözə bilmir Dirsə xan,
Çıxır çadırdan.
Buğanın buynuzları
Xəncər kimi itidir.
Ağıl xəncərdən iti,
Tale ona mütidir.
Vay o günə,
Buğaların
Qabağından qaçasan.
Can qıymayıb qorxasan,
Qollarını açasan!
Vay o günə!
Qorxudan