Tarixi yanlışlıqlar-ixtiralar.... Ариф Алиев
akvariumda irəli sıçramağa geriyə doğru üzməkdən çox qüvvə sərf etməyəcəklər… Həşəratlar da bütün istiqamətlərdə eyni sürətlə uçacaqlar, havada olanda gəmi ilə bərabər hərəkət etmək üçün güc göstərməkdən yorulub otağın arxa divarına qonmayacaqlar… Səbəbi isə budur ki, gəminin hərəkəti onun içərisindəki bütün canlı və əşyalar, hətta hava üçün ümumidir“. Qaliley sübut edirdi ki, bütün kütlələr bir-birinə nisbətən daimi hərəkətdədir və hər hansı kütlənin sükunət vəziyyəti yalnız şərti xarakter daşıyır, müəyyən sistem daxilində mövcuddur. Nisbilik nəzəriyyəsinin mahiyyəti, əvvəllər qəbul edilən “sükunət nəzəriyyəsindən” başlıca fərqi də elə budur.
Qalileyin “Dialoq…” traktatının ilk nəşrlərindən birinin üz qabığı (1641, Lion). Nisbilik nəzəriyyəsinin əsasını təşkil edən ideya tarixdə ilk dəfə bu əsərdə irəli sürülüb.
XVII-XIX əsrlərdə nisbilik nəzəriyyəsinin inkişafına işığın sürətini təxmini də olsa hesablamağa müvəffəq olmuş danimarkalı astronom Olaf Remer, işıq dalğası nəzəriyyəsinin banilərindən fransız Oqyusten Frenel, klassik elektrodinamikanın yaradıcılarından britaniyalı Ceyms Maksvell, nisbilik nəzəriyyəsinin ilk eksperimental təsdiqini tapmış amerikalı Albert Maykelson, xüsusilə də elektron nəzəriyyənin “atası“ hollandiyalı Hendrik Lorens və işıq sürətinin dəyişməz olduğu barədə fərziyyənin müəllifi fransız riyaziyyatçısı Anri Puankare böyük töhfələr verdilər.
Nəhayət, 1905-ci ildə Eynşteyn “Hərəkət edən cisimlərin elektrodinamikasına dair” əsərində xüsusi nisbilik nəzəriyyəsinin, 1915-1916-cı illərdə dərc olunmuş əsərlərində isə ümumi nisbilik nəzəriyyəsinin əsaslarının aydın və dolğun təsvirini verdi. Eynşteyn özü də bu sahədə “xələflərinin” əməyini yüksək qiymətləndirirdi. Nisbilik nəzəriyyəsinin 50 illiyinə həsr olunmuş konfransın (1955) təşkilat komitəsinə ünvanladığı məktubda o yazırdı: “Ümid edirəm ki, Lorensin və Puankarenin xidmətləri lazımınca dəyərləndiriləcək”.
Edison lampasını kim ixtira edib?
Bəşər tarixində ən mühüm kəşflərə iddiaçıların müsabiqəsi keçirilsə idi, elektrik lampasının ixtiraçısı adına namizədlərin uzun bir növbəsi düzülərdi: belçikalı Jobard, ingilislər De La Ryu və Soun, almanlar Hebel və Nernst, ruslar Lodıgin və Yabloçkov, amerikalı alimlər Soyer və Men… Tomas Edisonu bu titulun şəksiz sahibi hesab edənlərə qəribə gələcək, amma, məsələn, Soun 1860-cı ildə özünün kömür telli közərmə lampasını nümayiş etdirəndə balaca Tomas hələ məktəbə gedirdi.
1820-1870-ci illərdə onlarla ixtiraçı uzunmüddətli işıq mənbəyi ola biləcək közərmə lampası yaratmağa cəhd göstərib. Əsas problemlər lampanın telinin dözümlülüyünü təmin etməkdən, onun yerləşdirildiyi şüşə qabın içərisində vakuum yaratmaqdan və s. ibarət olub. Nəhayət, 1872-1873-cü illərdə rus mühəndisi Aleksandr Lodıgin bütün sınaqlara davam gətirən belə lampa yarada bilib. 1873-cü ildə Peterburqun küçələrində artıq bir neçə fənərdə qaz lampasını Lodıginin elektrik lampaları əvəz edirdi.
Lodıginin elektrik lampası. 1873
Beləliklə, elektrik közərmə lampalarının müxtəlif formaları XIX əsrin 70-ci illərinin ortalarınadək dəfələrlə ixtira olunub nümayiş etdirilmişdi. Lakin bu ixtiralar böyük praktik əhəmiyyət kəsb etmirdi. 1879-cu il dekabrın 21-də “New York Herald” qəzeti yazırdı: “1873-cü ilədək elektrik közərmə lampaları az inikşaf etmişdi, ixtiraçılar ona qövs lampalarından xeyli az diqqət yetirirdilər. Amma mister Lodıginin əvvəllər keçilməz hesab edilən bir çox maneələri aşan kəşfi nəticəsində həmin ildən közərmə lampalarına maraq xeyli artdı”.
Edisonun ilk lampası. 1879
İndi gəlin, elektrik lampalarının kəşfi tarixinin ikinci hissəsini – onun praktik məqsədlərə uyğunlaşdırılması mərhələsini izləyək.
1870-ci illərin ikinci yarısında Amerika mühəndis və alimləri közərmə lampalarının böyük gələcəyini başa düşdülər və sınaqları intensivləşdirdilər. 1878-ci il iyun ayının 18-də Soyer və Men xeyli təkmilləşdirilmiş közərmə lampasına Amerikada ilk patent aldılar. Həmin ildən Tomas Edison da bu istiqamətdə axtarışlara başladı. Böyük istedadı və əməksevərliyi nəticəsində (təkcə kömür tellər üçün ən davamlı materialı seçmək məqsədilə Edison 6 min sınaq keçirdi) çox qısa zaman ərzində o, elektrik lampasını məişətdə istifadəyə tam yararlı vəziyyətə gətirdi, 1879-cu ilin sonunda “Kolumbiya” gəmisinə topladığı qonaqların gözü qarşısında 115 lampa ilə onu işığa qərq etdi və bir aydan sonra ixtirasını rəsmən qeydə aldırdı.
Amerika tarixi üzrə Smitson İnstitutunun Milli Muzeyinin saytında elektrik işıqlarının tarixinə həsr olunmuş maraqlı bir bölmə var. Bu bölmədə yazılıb: “Edison elektrik közərmə lampası ixtira etməyə çalışan nə birinci, nə də yeganə adam olmayıb. Bu məqsədə ABŞ-da Moisey Farmer, Uilyam Soyer, Albon Man, Hayrem Maksim, İngiltərədə Georq Leyn-Fok, Cozef Soun nail olublar”.
Britaniya ensiklopediyasına 1929-cu ildə daxil edilmiş məqalədə də göstərilir ki, Edison közərmə lampası icad etmiş ilk şəxs deyil. Bu ixtiraçıların sırasında A.Lodıginin (1872) və Cozef Sounun (1877) adları çəkilir. Edisonun isə misilsiz xidməti ondan ibarətdir ki, o, praktik tətbiqə malik, buna görə də geniş yayılmış elektrik işıqlandırma sisteminin əsasını qoyub, yüksək müqavimətli közərmə teli, mükəmməl və dayanıqlı vakuum yaratmağın, bir-biri ilə əlaqəsindən və aralarındakı məsafədən asılı olmayaraq, eyni zamanda çoxlu sayda işıq mənbəyinə cərəyan verməyin yolunu tapıb. Edison lampa üçün yivli oturacaq, patron, qoruyucular, elektrik düymələri icad edib, istehsal prosesini təkmilləşdirməklə üç il ərzində lampaların satış qiymətini 1 dollar 25 sentdən 22 sentə endirib və faktiki olaraq sadə adamların evinə işıq gətirib.
İnsanlar da onun bu yaxşılıqlarını unutmayıblar. Edisonun adını tarixə elektrik közərmə lampasının ilk ixtiraçısı kimi salıblar.
Azərbaycana ilk elektrik lampalarını 1880-ci ildə Volqa çayında və Xəzər dənizində gəmiçiliklə məşğul olan “Qafqaz və Merkuri” Gəmiçilik Cəmiyyəti gətirib. Cəmiyyətin Bakıda sərnişin limanında quraşdırdığı elektrik fənərləri axşamlar buranı şəhər sakinlərinin sevimli gəzinti yerinə çevirmişdi. Bundan sonra neft milyonçuları kiçik elektrik stansiyaları tikməyə başlayıblar.
1882-ci ildə isə “Nobel Qardaşları Cəmiyyəti“ neftayırma zavodunda sexlərin və ərazinin işıqlandırılması üçün 42 kv gücündə stansiya inşa etdi. Başqa bir stansiyanı tanınmış iş adamı Şəmsi Əsədullayev qurdurdu və ona xidmət üçün xaricdən mütəxəssislər dəvət etdi. Əsədullayevin stansiyası həm limanı, həm də sahibkarın Bakının mərkəzində yerləşən çoxmərtəbəli evini işıqlandırırdı.
Kinonu və kino aparatını kim ixtira edib?
Əgər 1890-cı il sentyabrın 16-da fransız əsilli ingilis fotoqrafı Lui Le Prins müəmmalı