Sızanaq. Zuleyxa NaEl

Sızanaq - Zuleyxa NaEl


Скачать книгу
Laləni qucağına alıb Elmiranı və özünü onlara hücum çəkmiş məxluqlardan qoruyarayaq qaçırdı. Xalidin əlində qılınca bənzər bir dəmir var. Hücum çəkən məxluqlar da əli yalın deyildilər, onlar da nizə və qılınclarla silahlanmışdılar. Bu əcaib məxluqlar sarı və qırmızı rəngdə, yarım metr hündürlükdə olan balaca şeytanlar idi. Onlar Elmiragilin üstünə silah çəkdikcə qəşş edib gülüşürdülər. Xalid tamamilə əldən düşmüşdü, Lalə ağlayırdı. Elmiragil bir dalana sıxışdırılmışdılar, qaçmağa yer yox idi. Xalidin qolunu qaldırmağa gücü qalmamışdı. Elmira onun əlindən qılıncı alıb hücuma keçmək istəyirdi ki, birdən şeytanlardan biri onu sinəsindən, sağ tərəfdən yaraladı. Onlar gülüşürlər, Elmira qılıncı əlindən salır. Nəfəsi daralırdı. Birdən hardansa zəng gəlir. Çətin də olsa, Elmira yuxudan ayılır, gələn zəng qapının zəngi idi. Elmira tər-su içində idi, başı ağrıyırdı. O, yatağından qalxıb qapıya tərəf getdi. Gözlükdən baxıb Zakiri gördü. Özünə əl gəzdirib, tez qapını açdı.

      – Salam, nəsə olub?

      Zakir onu xalatda görüb gözlərini onun üzündən qaçırtdı:

      – Yox, narahat idim, bilmək istədim salamatçılıqdı, ya yox?

      – Hələ ki salamatçılıqdı.

      – Nəsə köməyim dəyərsə, çəkinməyin.

      Bu vaxt Elmiranın telefonu zəng çaldı. Elmira asılqandan asılmış çantasından telefonu götürdü. Zəng edən Xalid idi.

      – Alo.

      – Ema, mənim işlərim var, bu gün dövlət tədbirinin çəkilişindəyəm, uşağı özün götür, mən catdırmıram.

      – Hə, yaxşı.

      – Sağ ol, öpürəm.

      – Sağ ol, mən də.

      Zakir hələ də qapıda idi. Elmira ona baxıb:

      – Laləni bağçadan gətirə bilərsən? Mənim halım yaxşı deyil, Xalidin də işləri çıxıb. Zakir sevincək:

      – Mənim gözüm üstə.

      – İstiyirsən açarı verim, maşınla get.

      – Yox, lazım deyil, taksiynən gedəcəm.

      – Necə istiyirsən. Amma hələ tezdi, gəl bir stəkan çay iç, sonra gedərsən.

      Bu təklifdən Zakir çox məmnun idi, amma içində qəribə bir hiss var idi. Və bu hiss onu təklifdən imtina eləməyə məcbur etdi.

      – Yox, çox sağ olun, Ema xanım. Yolüstü bir işim var, onu da həll eləmiş olaram. Yaxşı, mən gedim. Hələlik.

      Qapını bağlayıb pilləkanlardan enmək istəyirdi ki, birdən dayandı, qayıdıb qapının zəngini basdı. Elmira qapını açdı, Zakir pörtmüş halda:

      – Heç soruşmadım, bağça hardadı?

      – Elə bizim işin yanında.

      – O yaşıl hasarlı olan?

      – Hə.

      – Oldu, getdim, hələlik.

      – Çox sağ ol, Zakir.

      – Dəyməz.

      Elmira qapının kəndarında durmuşdu, Zakir pilləkanları iki-iki enməyə başladı.

* * *

      Xalid tədbir keçiriləcək məkana gəlmişdi. Emil ilə bütün hazırlıqlarını görmüşdülər. O, Emilə yerdəki video kameranın çantasını göstərib:

      – Belə şeyləri ayaq altına qoyma, yığışdır bunları burdan. Apar ver Eltona, qoysun bir yerə. Qoy, gəl yanıma, gedək bir tikə yemək yeyək, sonra gecəyə kimi ayaq üstə olacağıq.

      – Yaxşı, indi gəlirəm. Amma anama zəng eliyim sonra.

      – Nolub anana, yoxsa yenə ağrıları başlayıb?

      – Hə, yağışlı havalarda belədi də.

      – Hər şeyə çarə var, ürəyini sıxma, bizdə başlayarıq müalicəyə, düzələr.

      – İnşallah!

      – Məndən salam de.

      – Baş üstə!

      – Yaxşı, işində ol, gözləyirəm səni.

      Xalid onlar üçün hazırlanmış masaya tərəf gedə-gedə dönüb Emilə baxdı. Emilin atası tez vəfat eləmişdi. Evin tək övladı idi. Anasını çox istəyirdi. Emilin anasının sağlığı üçün çabalarını gördükcə Xalid öz gəncliyini xatırlayırdı. Xalid də tək övlad idi, Emilin atasından fərqli olaraq onun atası vəfat etməmişdi. Arvadının xəstə olduğunu bildiyi gün evdən getmişdi. “İşləməyə gedirəm” deyib Rusiyaya getmiş və orda evlənmişdi. Xəstə anasına tələbə Xalid özü tək baxırdı. Bir il xəstə olan anası onun altı ayını yataq xəstəsi oldu. Xalid təhsilini də buraxmışdı. İlk aylar anasını evdə tək qoya bilirdi, amma gündən-günə anasının halı pisləşdiyindən artıq evdən də çıxa bilmirdi. Ana babasından qalma evi kirayə vermişdilər. Atası getdikdən sonra o evin kirayə pulu ilə iki ay anasına dərmanlar ala bildi; müalicə, müayinə xərclərini idarə elədi. Əməliyyat lazım olduqda atasına zəng elədi, atası ona “Mənim pulum yoxdu” cavabını verdikdə anasından xəbərsiz babadanqalma evi satdı, anasını əməliyyat elətdirdi. Həkimlərin dediyinə görə, hər şey yaxşıya doğru gedirdi. Anası düzəlirdi. Amma bir gün anasının ögümə səsinə oyanan Xalid hər şeyin heç də yaxşı olmadığını anladı. O, yatağından qalxıb anasının yanına qaçdı. Anası onu görüb əlindəki dəsmalla yerə tökülmüş yaşıl mayeni gizlətmək istədi. Xalid vanna otağından vedrədə su və əski gətirdi. Anasının etirazına baxmayaraq, döşəməni sildi. Su gətirib anasının əl-üzünü yudu. Artıq ən ağır günlər başlamışdı. Anasının yemək yeməyi zəifləmiş, çox arıqlamışdı. Artıq yataqdan qalxa da bilmirdi. Oğlunun onun altını dəyişməsi, onu yuması ona utanc gətirirdi. Xalid isə heç nəyə əhəmiyyət vermədən əlcəklərini geyinib anasını təmizləyirdi. Anası ağlaya- ağlaya ona nəsə deyəndə deyirdi:

      – Yadındadı, mən həkim olmaq istiyirdim? Hesab elə ki, həkiməm, xəstəmsən, mən də sənə qulluq eliyirəm, vəssalam.

      – Allah məni öldürsün, bu həkim işi deyil axı, ay bala.

      – Sən həkimdən çox biləcəksən?

      Ölümünə bir ay qalmış ərinin evdən getməyinə öz xəstəliyindən daha çox üzülən qadın, oğluna yük olmamaq üçün nə su içir, nə də yemək yeyirdi ki, tez ölsün. İki gün belə davam elədi. Xalid bunu anlayanda mətbəx bıçağı ilə gəlib anasının yanında dayandı, bıçağı udlağına dayayıb, əsəbindən ağlaya-ağlaya:

      – Əgər dərmanları içməsən, yemək yeməsən, Allaha and olsun ki, yortacam boğazımı. Bu qədər tələsirsən mənnən canını qurtarmağa?

      Anası Xalıdın sinidə gətirdiyi qaşığı götürdü və şorbaya əl uzatdı. Boşqabı qucağına qoyub şorbanı içməyə başladı. Anası yeməyini bitirib boşqabı siniyə qoydu. Sonra ögüməyə başladı, Xalid tez çarpayının yanındakı ləyəni anasının çənəsinin altına tutdu. Yenə yediyini qaytardı. Bu dəfə qan ilə birgə. Xalid ləyəni kənara qoyub anasının əl-üzünü nəm dəsmalla sildi, ona bir az su verdi və onu qucaqladı. Xalid göz yaşlarını


Скачать книгу