Mart xoruzu. Отар Чиладзе
ki, Niko hər şeyi unutdu. Batumi gözünün qabağında canlandı. Ağlayan anası yağış altında islanan uzaq şəhərinə oxşayırdı – analı, atalı, əmili, bibili, Yelenitsalı, paroxodlu, elə bil tanrının öz əliylə salınmış hamar küçəli (Siqnaxi kimi əyri, qozbel şəhərdə yaşayanlar o cür səliqəli şəhərin olduğuna inanmazlar), gölməçədən su içməyə qonan quşlu – elə anası da bir anlıq uzaqlardan uçub gələn və onun tənhalığına qonan quş deyildimi – adsız, izaholunmaz, doğma şəhərinə… Anası hamıdan seçilirdi, nə nənəsinə oxşayırdı, nə xalasına, nə də Marqaritaya. Niko nəyə görə bu yad qadından üzr istəməliydi? Anası başqalarının dediyinə inanmışdı – bu başqaları onun öz anası və bacısı olsalar da, yenə də başqaları idi, – amma o öz ana hissiyyatı ilə, hələ Nikonun bilmədiyi, amma özünə məlum olan yollarla hər şeyin əslində necə olduğunu hiss etməliydi, bilməliydi. Bax elə buna görə Niko eşşək kimi tərslik edirdi. Amma tərslik etməyinə baxmayaraq bir dəqiqə də anasının yanından ayrılmadı, elə hey anasının ətrafında fırlanmaq, ondan gələn ətri içinə istəyirdi. Arada dərslərini oxudu, bir dəfə surub sobanı qaladı, qalan vaxtı da boş oturdu, amma bütün bu vaxt ərzində fikri anasındaydı. Bu yaxınlıq ona həm əzab, həm də izaholunmaz sevinc verirdi. Bu vəziyyət anası üçün də əlverişli deyildi, arada baxışları istəmədən də olsa toqquşanda anası aşiq qız kimi utanırdı və tez nəzərini yayındırırdı. Məsəlçün, anası oturub nənəsinə və xalasına nədənsə danışır, sakit danışır, həyəcanlı deyil, birdən-birə, qeybdən səs eşidirmiş kimi dayanır, gözlərini boşluğa dikib susur. Və ya sobanın yanında oturub saçlarını qarışdırır, əlini boynuna aparanda yenə donub qalır, elə bil yenə həmin səsi eşidir. Nikonun isə qısqanclıqdan, tərəddüddən və sevgidən ürəyi parçalanır… Və əgər kimsə ona desəydi ki, bu elə xoşbəxtliyin özüdür, onda o yaman təəccüblənərdi. Qısası, hələ yuxudan oyanmamış hiss eləmişdi ki, duranda anasını görməyəcək. Ürəyi sıxıldı, özünü itirdi və heç əl-üzünü yumamış müəlliminin yanına qaçdı ki, limon ağacının necə olduğunu soruşsun (ola bilsin bu limon ağacı ona Batumini xatırladırdı). “Nə üçün soruşursan?” Müəllim təəccübləndi, amma deyəsən nə isə hiss edib onu otağa çağırdı. Limon ağacı elə uşaq kimi küncdə gizlənmişdi, Nikonu görən kimi gülümsədi. “Yuxuda limon ağacını gördüm, ona görə gəldim görüm o necədir.” Niko yalan dedi, düzdür, bir dəfə yuxuda müəlliminin limon ağacını görmüşdü, amma bu çoxdan olmuşdu, anasının gəlməyindən çox qabaq. Daha doğrusu, bu o vaxt olmuşdu ki, onda Siqnaxidə kiminsə uşağı ölmüşdü. Axı müəllim Vanonun da qızı ölüb, əslində öldüsü qaldısı da bilinmir, çünki müəllim Vano müharibədə olanda arvadı qızıyla bir yerdə yoxa çıxmışdı, arvadı qızını xəstəxanadan çıxartıb aparmışdı, sonra ikisi də yox olmuşdular, Vano hələ də onların başına nə gəldiyini bilmir, onların nə meyidi var, nə qəbri, ola bilsin arvadı bunu bilə-bilə eləmişdi, bu hərəkətiylə Vanoya kiçicik də olsa təsəlli saxlamışdı, Vano hələ də onların sağ olduğuna inanırdı. O vaxtdan Siqnaxidə və ətraf kəndlərdə bircə yas məclisi də Vanosuz keçmirdi, fərqi yox idi ölən cavandır, ya qoca, qadındır, yoxsa kişi, müəllim Vano özünü tez ora çatdırırdı, bütün mərasim boyu mərhumun qohumlarıyla bir yerdə olurdu, uşaqlar öləndə isə heç də uşağın ata-anasından az kədərlənmirdi. Siqnaxinin qeybətçiləri bir neçə dəfə onu ələ salmağa, başqasının dərdinə nə üçün şərik olduğuna yalandan don geyindirməyə çalışmışdılar, şayiə yaymışdılar ki, guya Vano yasa yemək üçün gedir, amma hər şayiənin əsası olmalıdır, bu şayiə isə alınmamışdı, çünki heç vaxt müəllim Vanonun yasda nə yediyini görmüşdülər, nə də içdiyini.
Axırıncı yasda isə Vano müəllim axıracan oturmamışdı, çünki Qogiyanı içəridən çıxartmışdı. Hamının başı qarışıq idi, heç kim Qogiyaya fikir vermirdi, amma Vano buna dözə bilmədi, Qogiyanın qulağından tutub bayıra çıxartdı, çünki ora Qogiyanın yeri deyildi. Bəs nə üçün qeybətçilər fürsəti fövtə verməyib təzə söz-söhbət yaymışdılar ki, “Müəllim Vano ənənələrə hörmət etmir, yasdan yarımçıq çıxır, el adətinə tüpürür”? Nə isə, bunlar keçmiş şeylərdir, xatırlamağa dəyməz. Biz ancaq bir şeyi aydınlaşdırmaq istəyirik – nə üçün müəllimin limon ağacı Nikonun yuxusuna girmişdi? Çünki müəllim Vano Qogiyanı yasdan çıxartandan sonra, Qogiya ona təşəkkür etmək yerinə hirslənmişdi, əl-qol atmağa başlamışdı, müəllim güclü əlləriylə onu tutub saxlasa da Qogiyanın hirsi soyumamışdı, nəticədə özü döyülmüşdü. Bütün gecəni isə Qogiya həyətin ortasında dayanıb müəllimin dalınca danışmışdı. Əlbəttə, qonşular hamısı bunu eşidirdi, amma heç kim bayıra çıxmamışdı, çox maraqlansalar da, heç pərdəni də aralayıb baxmamışdılar. Təkcə Qogiyanın anası qapının kandarında dayanıb qışqırmışdı: “Rədd ol içəri, yaramaz! Doğulmasaydın bundan yaxşıydı.” Amma Qogiya dayanmamışdı. Qışqırmışdı ki, o əslində müəllim deyil, alman casusudur, Nyunberqdən qaçıb burda gizlənir (müəllim Vano doğrudan da Nyunberq hadisələrinin iştirakçısı olmuşdu, amma onu heç nədə günahlandırmamışdılar, əksinə, o özü şikayətçi idi; iki dəfə əsir düşərgəsindən qaçmışdı, bir dəfə isə güllələnmə vaxtı möcüzə nəticəsində güllədən yayınıb ümumi qəbirdən çıxa bilmişdi). Anası gülməyini güclə saxlayıb yenə qışqırmışdı. Qogiya isə daha da qızışmışdı: qoy elə günü sabah burdan rədd olub getsin! Həmin günlər heç kim müəllim Vanonun üzünə dik baxa bilmirdi, hamı özünü nədəsə günahkar sayırdı, amma heç kim əlini ürəyinin üstünə qoyub bu utanmağın səbəbini deyə bilməzdi.
Məhz elə bu günlərdə Niko limon ağacını yuxuda görmüşdü. Görmüşdü ki, Qogiya ağacın üstünə kerosin töküb yandırır. Sonra da tüfəngini götürüb yanan ağacın ətrafında fırlanır…
“Yaşayır, yaxşıdır limon ağacı, sənin əvəzin.” Niko dənizin dibində artıq mələk olan qıza yaxınlaşaraq həyəcanla dedi. Mələk ondan soruşdu ki: “Sən xaç çəkə bilirsən?” Niko bu yad yerdə ona verilən sualın asanlığına sevindi, təbəssümünü saxlayaraq üç barmağını – böyük, şəhadət və uzun barmaqlarını birləşdirdi və yavaş-yavaş alnına, sonra sinəsinə, daha sonra isə sağ və sol çiyinlərinə yaxınlaşdırdı… Birdən hər tərəf aydınlandı. Hardasa zənglər səsləndi və zəng səsi suyun altında yayıldı. Üzünə tökülən dərman onu yuxudan oyatdı və o gözlərini açan kimi Marqaritanı gördü. Sandro əmi də sobanın yanında dayanmışdı.
Nəhayət otaqdakılar bir-birinin dalınca qapıya tərəf getdilər, otaq boşaldıqca saatın çıqqıltısını və hardasa hürən itin səsini daha aydın eşidirdi. “Əllərini belə qoyma, ölüyə oxşayırsan.” Xalası da bunu deyib öz otağına çəkildi. Niko təəccübləndi ki, xalası onun əllərini necə gördü, axı Nikonun üstünə ədyal çəkilib, xalası isə artıq öz otağındaydı və çox güman ki, uzanıb Qalaktion Tabidzenin şeir kitabını vərəqləyirdi, özü də mövzusu bu günkü hadisələrə uyğun gələn şeirləri axtarırdı: “Küçəylə qara tabutu aparırdılar…” və ya “Payızın bu günü öldürüləni basdırırlar…” Nənəsi isə ikonayla danışırdı. Daha doğrusu, ikonaya baxırdı, amma dodaqları tərpənmirdi. Ürəyində danışırdı ki, heç kim nə dediyini eşitməsin. Əgər eşidən olsaydı da,