Gülüstan. Bustan. Sədi Şirazi
düşmənin qoşunu son dərəcə çox, hökmdarınkı isə az idi. Buna görə də onun qoşunundan bir hissə döyüşdən qorxub qaçmağa başladı. Bu vaxt haman oğlan nərə çəkib dedi:
–Ey, kişisinizsə, çalışın qadın paltarı geyməyin! Süvarilər onun bu sözündən qeyrətə gəlib cəsarətləndilər, qaçanlar da geri döndülər, hamısı birlikdə düşmənə qarşı hücuma keçdi. Padşahın qoşunu həmin gün düşmənə qələbə çaldı.
Şah igid oğlunu bağrına basıb öpdü. Sonra şahın ona qarşı məhəbbəti gündən-günə artmağa başladı, nəhayət onu özünə vəliəhd təyin etdi. Qardaşları paxıllıqdan onun xörəyinə zəhər qatdılar. Bacısı eyvandan bunu gördü, dərhal pəncərəni bərk çırpdı. Oğlan işin nə yerdə olduğunu duydu və əlini xörəkdən çəkərək dedi:
– Heyfdir, hünərlilər ölə, hünərsizlər onların yerini tuta!
Dünyadan yox olsa gər hüma quşu,
Bir kimsə sayəban etməz bayquşu. 19
Ataları bu xəyanətdən xəbərdar olub oğlanlarını yanma çağırtdırdı, onlara lazımi qulaqburması verdikdən sonra, hərəsinə ölkənin uzaq bir hissəsində yer ayırdı. Bununla da aralarındakı fitnə yatdı və ədavət aradan qalxdı, çünki məsəl var deyərlər: «On dərviş bir kilimə yığışar, iki padşah bir ölkəyə sığışmaz»
Bir çörək taparsa mömin, düz adam,
Yarısın paylayıb, yansın yeyər.
Padişah bir ölkə aldıqda, yenə
İkinci ölkəni almaq istəyər.
5. Hekayət
Ərəblərdən bir dəstə quldur dağ başında məskən salıb, karvan yolunu kəsmiş, dağın zirvəsində ən uca yerdə möhkəm bir mövqeyi tutmuşdular. Buna görə şah qoşunları quldurlara bata bilmir, camaat isə onların qorxusundan yata bilmirdi. Quldurların bu hərəkəti bir müddət də davam edərsə, onlara üstün gəlməyin mümkün olmayacağını görən o ətrafın başçıları tədbir üçün bir yerə toplaşdılar.
Yeni rişə atan cavan bir çinar,
Bir adam əl atsa yerindən çıxar.
Lakin kök atarsa o xeyli zaman,
Fələk də gələrsə, qoparmaz, inan.
Çeşmə tutulsa da kiçik bel ilə,
Dolarsa keçilməz böyük fil ilə.
Başçılar məsləhətləşib bir nəfəri quldurları pusmağa göndərdilər və hücum üçün fürsət gözləməyə başladılar. Pusquda oturmuş adam tezliklə xəbər gətirdi ki, quldurlar məskənlərini yiyəsiz qoyub, hansı bir tayfa üzərinə isə basqına getmişlər. Bunu eşidən kimi dərhal sınanmış və müharibə görmüş bir dəstə döyüşçü göndərdilər, onlar gedib quldurların məskən saldığı dağın keçidində pusquda dayandılar. Axşamüstü quldurlar çoxlu qənimətlə öz məskənlərinə qayıtdılar, qənimətləri yerbəyer edib, silahlarını açdılar, paltarlarını soyunaraq yatdılar. Onların başının üstünü alan birinci düşmən yuxu oldu. Gecədən xeyli keçdi.
Günəşi bürüdü zil bir qaranlıq,
Guya ki, Yunisi udmuşdur balıq.20
Pusqudakı igidlər dərhal hücum edib quldurların qollarını bir-bir dallarına bağladılar, səhər açılan kimi şahın hüzuruna gətirdilər. Şah quldurların hamısını öldürməyi əmr etdi. Onların içərisində gənc bir oğlan da var idi. Onun gül çöhrəsi bahar çəməni tək təzəcə çiçəklənir, gənc ömrünün həyat bağında ilk meyvələr yetişirdi. Vəzirlərdən birinin ona rəhmi gəldi, irəli çıxaraq şahın taxtı önündə təzim etdi və dedi:
– Bu gənc hələ həyat bağından meyvə dərməmiş, cavan ömrünün ləzzətini görməmişdir. Hökmdarın kəramət və səxavətinə arxalanaraq xahiş edirəm ki, şah onun qanından keçsin və bu qulunu minnətdar etsin.
Vəzirin bu sözündən xoşlanmayan şah hiddətləndi və dedi:
Yaxşıdan ibrət götürməz, zati bəd, nacins olan,
Necə ki günbəz başında qoz dayanmaz heç zaman.
Belə yaramazların nəslini kəsib, dudmanlarını dağıtmaq lazımdır. Odu söndürüb qorunu saxlamaq, əfini öldürüb balasına rəhm etmək ağıllı iş deyildir.
Göylərdən yağsa da dirilik suyu,
Söyüd ağacında görməzsən səmər.
Alçaq adamlarla oturub durma,
Həsir qamışından alınmaz şəkər.
Vəzir şahın sözünü istər-istəməz təsdiq etdi, onun fikrinə afərin deyib əlavə etdi:
– Cahan hökmdarının buyurduqları həqiqətdir, yaramazlar içərisində tərbiyə alan, onların xasiyyətini də mənimsəyər. Lakin bu oğlan hələ uşaqdır və quldurların yaramaz sifətləri onda möhkəm təsir buraxa bilməz. Qulunuz ümid edir ki, əgər o, bundan sonra xeyirxah adamlar arasında tərbiyələnsə, gözəl xasiyyətlər qəbul edib, islah oluna bilər. Bir hədisdə deyilir ki, insan fitrətən pak doğulur, lakin sonra, ata-anasının tərbiyəsi ilə, ya yəhudi, ya xristian, ya da atəşpərəst olur.
Pislərə yar oldu Lutun arvadı
Ayrıldı peyğəmbər xanədanından.
İtisə bir zaman Əshabi-kəhfin,
Yaxşılarla getdi oldu bir insan.21
Şahın yaxın adamlarından bir neçəsi də vəzirə qoşulub vasitəçilik etdilər. Nəhayət şah oğlanın günahından keçdi və dedi:
– Məsləhət bilmirəm, lakin bağışlayıram.
Zal bir gün söylədi oğlu Rüstəmə: 22
«Biçarə və zəif sanma düşməni,
Çox gördük balaca çeşmənin suyu,
Güclənib apardı yüklü dəvəni».
Xülasə, oğlanı nazü-nemətə çatdırıb, tərbiyəsini təcrübəli bir müəllimə tapşırdılar. Nəhayət oğlan natiqlik, hazırcavablılıq və saray qaydalarını dərindən öyrənib, hamısının rəğbətini qazandı.
Bir dəfə vəzir şahın hüzurunda oğlanın fəzilətlərindən danışaraq dedi ki, ağıllı mürəbbilərin tərbiyəsi yaxşı nəticə vermiş, köhnə, yaramaz xasiyyətlərdən oğlanda əsər qalmamışdır.
Hökmdar vəzirin sözünə gülümsəyib dedi:
İnsanla qalmağa etsə də adət,
Qurd oğlu qurd olar, yenə, nəhayət.
Bu hadisədən bir-iki il keçdi. Oğlan bir dəstə yerli dələ-duzlarla dostlaşıb, onlarla yoldaşlıq etməyə başladı. Əvvəlki quldurluq xasiyyətləri onda yenidən baş qaldırdı. Nəhayət
19
Hüma quşu qədim nağıl və əfsanələrdə dövlət quşu kimi təsvir olunur. Guya bu quş kimin başı üzərində uçub kölgə salsa, o padşah olar. Əslində isə belə bir quş həyatda mövcud deyil. Klassik ədəbiyyatda mifik hüma quşu nə qədər dövlət və səadət simvoludursa, bayquş da o qədər fəlakət və bədbəxtlik simvolu kimi qələmə alınıb.
20
Dini əfsanələrə görə qədim İsrail xalqı peyğəmbər Yunisi guya dəryaya atmış, dəryada isə bir naqqa balıq onu udub qarnında salamat saxlamış və sonra işıqlı dünyaya buraxmışdır.
21
Dini rəvayətə görə qədim Fələstində peyğəmbər olan Lutun arvadı onun dinini qəbul etməyənlərə qoşulub ərindən üz döndərmişdir. «Əshabi-kəhf» isə dini əfsanələrdə adı çəkilən «Mağara sahibləridir» (əshab sahiblər, kəhf – mağara). Hədislərdə nağıl olunur ki, qədim Misirdə Dəqyanus adlı zalım bir hökmdarın 6 nəfər saray xadimi onun zülmündən qaçır, yolda bir çoban da öz iti ilə onlara qoşulur. Gecələdikləri bir mağarada guya Allah onlara qiyamətə qədər əbədi yuxu vermişdir, onların hamısı, o cümlədən çobanın iti də guya behiştə gedəcəkdir və o dünyada Əshabi-kəhfin iti ilə Lutun arvadının dərisini bir-birilə dəyişəcəklər.
22
Zal farsların qədim əfsanəvi qəhrəmanı, misilsiz pəhləvan Rüstəmin atasıdır. Onun atası Sam, anadan ağ tüklü doğulmuş, buna görə də ona qoca mənası verən Zal adını vermişdir.