Gülüstan. Bustan. Sədi Şirazi
bir şeydir, düşünsən əgər.
6. Hekayət
Oğulmuşun 23 sarayında çox ağıllı, düşüncəli və dərrakəli bir sərhəng oğlu var idi. Hələ uşaqlıq vaxtlarından alnında böyüklük nişanəsi parlardı.
Kəmalı ulduz tək başı üstə bax.
Parlardı hər yana işıq saçaraq.
Xülasə, oğlan həm yaraşıqlı idi, həm də ağıllı. Ona görə hökmdarın rəğbətini qazanmış və mənsəbə çatmışdır. Atalar doğru demişlər: «Dövlət malda deyil, kamaldadır, ağıl yaşda deyil, başdadır». Bir gün tay-tuşları oğlanın vəzifəsinə həsəd aparıb, onu xəyanətkarlıqda təqsirləndirdilər, öldürülməsi üçün səy göstərdilər.
Düşmən nəçidir, dost, sənə qəmxar olsa.
Hökmdar oğlanı yanma çağırıb soruşdu: «Bunların sənə qarşı düşmənçiliyinin səbəbi nədir?». Oğlan dedi:
– Böyük hökmdarın mərhəmətilə, paxıllardan başqa hamını razı sala bilmişəm, paxıla gəldikdə o, mənim nemətdən, hökmdarın isə səadətdən məhrum olmasını istəyir.
Bacararam bir ürəyə toxunmayım heç zaman,
Nə edim ki, paxıl özü öz qəlbini edir qan.
Öl ey paxıl, bəlkə canın rahat ola büsbütün,
Çünki səni yalnız ölüm qurtarar bu əzabdan.
Alçaqlar arzu edər ki, daim,
Dünyada olmasın bəxtəvər insan,
Gündüz yarasalar görmürsə əgər,
Bununçün varımdır günəşdə nöqsan?
Kor olsun minlərlə qoy elə gözlər!
Günəşə çökməsin qaranlıq bir an.
7. Hekayət
Belə rəvayət edirlər ki, Əcəm 24 hökmdarlarından biri rəiyyətin var-yoxunu əlindən alıb, onlara əziyyət verməyə başladı. İş o yerə çatdı ki, xalq bu zülm və sitəmə davam gətirməyib başqa ölkələrə qaçmağa və qürbətdə yaşamağa məcbur oldu. Əhali əskildikcə ölkədə məhsul da azaldı, xəzinə boş qaldı. Bunu görən düşmənlər təzyiq göstərməyə başladılar.
Kim müsibət günü istər ona bir yar olsun,
De ki, xoş gündə özü xalqa havadar olsun.
Qulağı halqalı qul, hörməti görməzsə gedər,
Lütf qıl, lütf sənə yadları da bir qul edər.
Bir gün onun hüzurunda «Şahnamə» 25 kitabından Zöhhakın 26 devrilməsi və Fridunun qələbəsi haqqındakı hissəni oxuyurdular.
Vəzir soruşdu:
– Heç bilmək olmur ki, xəzinəsi, mülkü və qüvvəsi olmaya-olmaya Fridun hökmdarlığı necə ələ ala bildi?
Hökmdar dedi:
– Məgər eşitmədinmi ki, cəmaət ona tərəfdar çıxıb, ətrafında sıx birləşmiş, taxt-tacı ələ gətirməsinə kömək etmişdir.
Vəzir dedi:
–Ey hökmdar, əgər camaatı ətrafında sıx birləşdirmək şahlığın əsasıdırsa, bəs nə üçün sən xalqı başından dağıdırsan? Məgər sən şahlıq etmək istəmirsən?
Ordunu can kimi bəslə hər zaman,
Orduyla sayılar hər yerdə sultan.
Hökmdar dedi:
–Ordu və camaatı ətrafımızda birləşdirməyin şərti nədir? Vəzir dedi:
–Şah səxavətli olmalıdır ki, onun ətrafına toplansınlar; rəhmli olmalıdır ki, ondan qorxub qaçmasınlar; səndə isə bunların heç biri yoxdur.
Şahlara yaraşmaz zülm etmək bir an,
Qurddan ola bilməz sürüyə çoban.
Padişah zülm etsə xalqına əgər.
Özü öz mülkünü tar-mar edər.
Ağıllı vəzirin məsləhəti hökmdarın xoşuna gəlmədi, hiddətlənərək onu zindana göndərdi. Çox çəkmədi ki, hökmdarın əmoğlanları üsyan edib atalarının haqqını almaq üçün qoşun çəkdilər. Şahın zülm və sitəminə davam gətirməyən, vətənini tərk etmiş adamlar da qayıdıb onlara qoşuldular. Nəticədə hökmdar məğlub oldu və hökmdarlıq əmoğlanlarının əlinə keçdi.
Rəiyyətə zülm edərsə bir ağılsız hökmdar.
Düşmən bir gün edər onun ölkəsini tar-mar.
Rəiyyətlə sülh edən şah dəf edər hər afəti.
Adil şahın ləşkəridir çünki öz rəiyyəti.
8. Hekayət
Bir şah öz əcəm qulu ilə gəmiyə minmişdi. Demə qul ömründə gəmiyə minməmiş, dəniz səfərinin əziyyətini görməmiş imiş. O, qorxudan əsməyə və ucadan ağlamağa başladı. Gəmidəkilər nə qədər çalışdılarsa onu sakit edə bilmədilər. Qulun bu halı şahın kefini pozdu. Lakin bir çarə tapa bilmirdilər. Gəmidə müdrik bir adam var idi, vəziyyəti belə gördükdə dedi:
–İcazə versəniz, mən onu sakit edə bilərəm. Hökmdar dedi:
–Son dərəcə lütf göstərmiş olarsınız.
Əmr etdi qulu dənizə atdılar, Qul bir neçə dəfə suya batıb çıxdı; sonra saçlarından tutub onu gəmiyə tərəf dartdılar. O, iki əlli sükandan yapışıb sallandı və elə ki, gəmiyə çıxdı, susub dinməz, söyləməz bir küncdə oturdu. Şaha bu qəribə gəldi, haman müdrik adamdan soruşdu ki, bunda nə hikmət var?
Dedi:
–Bu qul dənizdə qərq olmaq qorxusunu keçirmədiyindən gəmidəki əmin-amanlığın qədrini bilmirdi. O da məlumdur ki, fəlakətə düşməyən sakitliyin qədrini bilməz!
Ey tox, sənə xoş gəlməyir əgər arpa çörəyi,
Bil ki, sənə xoş gəlməyən bu şey mənə nemətdir.
Cənnət əhli bir cəhənnəm sanar ikən erafı, 27 Cəhənnəmin əhli üçün eraf özü cənnətdir.
Fərqi vardır: birisinin ağuşunda gözəl yar,
Digərinin iki gözü yolda qalmış intizar.
Hörmüzə dedilər: – Atanın vəzirlərindən nə xəta baş verib ki, onları həbs etdiribsən?
Dedi:
– Elə bir xəta baş verməyib ki, həbsə səbəb olsun. Lakin gördüm, zəhmim onların ürəyinə elə çöküb ki, verdiyim vədlərə belə inanmırlar.
23
24
25
26
27
Dini xurafata görə guya cənnət ilə cəhənnəm arasında aralıq bir sahə var ki, «eraf» adlanır.