KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс

KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс


Скачать книгу
öz xüsusi işidir və o bunu qalan əmtəələrin yardımı olmadan edir. Qalan əmtəələr ona münasibətdə ancaq passiv bir ekvivalent rolu oynayır. Ümumi dəyər forması isə, əksinə, ancaq bütün əmtəə aləminin ümumi bir işi kimi meydana çıxır. Bir əmtəə ancaq ona görə ümumi dəyər ifadəsi alır ki, onunla bir zamanda bütün başqa əmtəələr öz dəyərini eyni bir ekvivalentdə ifadə edir və yeni meydana çıxan hər bir əmtəə də bunu təqlid etməlidir. Bununla bərabər məlum olur ki, əmtəələrin dəyər predmetliyi bu şeylərin sadəcə «ictimai varlığından» ibarət olduğuna görə, ancaq onların hərtərəfli ictimai münasibəti vasitəsi ilə ifadə oluna bilər, buna görə də onların dəyər forması ictimai əhəmiyyətə malik bir forma olmalıdır.

      Özlərinin kətana bərabərliyi formasında bütün əmtəələr indi nəinki keyfiyyətcə bərabər, yəni ümumiyyətlə dəyər olur, habelə miqdarca da müqayisə edilə bilən dəyər kəmiyyəti olur. Onlar öz dəyərlərinin kəmiyyətlərini eyni bir materialda – kətanda əks etdirdiklərinə görə, bu dəyər kəmiyyətləri qarşılıqlı surətdə biri digərində əks olunur. Məsələn, 10 f. çay = 20 arşın kətana, habelə 40 f. qəhvə = 20 arşın kətana. Deməli, 10 f. çay = 40 f. qəhvəyə. Yaxud: bir funt qəhvədə 1 funt çaydakı qədər dəyər substansiyasının, əməyin ancaq dörddə biri vardır.

      Əmtəə aləminin ümumi nisbi dəyər forması bu aləmdən kənar edilmiş ekvivalent əmtəəyə, kətana, ümumi ekvivalent xarakteri verir. Kətanın öz natural forması bütün əmtəə aləmi üçün ümumi olan dəyər surəti olur, kətan bütün başqa əmtəələrə bilavasitə mübadilə olunmaq qabiliyyəti əldə edir. Onun cismani forması hər cür insan əməyinin görünən təcəssümü, ümumi ictimai qılafı rolunu oynayır. Toxuculuq, kətanı istehsal edən xüsusi əmək, eyni zamanda ümumi və ictimai formada, bütün başqa əmək növləri ilə bərabərlik formasında olur. Ümumi dəyər formasını təşkil edən saysız-hesabsız tənliklər kətanda təcəssüm olunan əməyi hər bir başqa əmtəədə olan bütün əmək növlərinə növbə ilə bərabərləşdirir, bununla da toxuculuğu ümumiyyətlə insan əməyinin ümumi təzahür forması edir. Beləliklə, əmtəə dəyərində maddiləşmiş əmək gerçək əmək növlərinin bütün konkret formaları və faydalı xassələrinin təcrid edildiyi əmək olaraq nəinki mənfi ifadə alır, habelə onun öz müsbət təbiəti də aydın surətdə meydana çıxır. Bu əməyin müsbət təbiəti ondan ibarətdir ki, bütün gerçək əmək növləri onlar üçün ümumi olan insan əməyi xarakterinə, insan iş qüvvəsi məsrəfinə müncər edilmişdir.

      Əmək məhsullarını sadəcə, fərqlərdən məhrum insan əməyi birkintiləri şəklində təmsil edən ümumi dəyər forması lap öz quruluşu ilə göstərir ki, o, əmtəə aləminin ictimai ifadəsidir. Beləliklə, bu forma aşkara çıxarıb göstərir ki, həmin aləm daxilində əməyin ümumi bəşəri xarakteri onun spesifik ictimai xarakterini təşkil edir.

2) Nisbi dəyər forması ilə ekvivalent formanın inkişafı arasındakı münasibət

      Nisbi dəyər formasının inkişaf dərəcəsinə ekvivalent formanın inkişaf dərəcəsi uyğun gəlir. Lakin, – bunu qeyd etmək isə əhəmiyyətlidir – ekvivalent formanın inkişafı ancaq nisbi dəyər formasının inkişafının ifadəsi və nəticəsidir.

      Əmtəənin sadə və ya tək nisbi dəyər forması başqa əmtəəni tək ekvivalent edir. Geniş nisbi dəyər forması, – əmtəə dəyərinin bütün başqa əmtəələrdəki bu ifadəsi – həmin əmtəələrə müxtəlif əlahiddə ekvivalentlər forması verir. Nəhayət, bir əlahiddə əmtəə növü ümumi ekvivalent forması alır, çünki bütün başqa əmtəələr özlərinin vahid ümumi dəyər forması üçün onu material edir.

      Ümumiyyətlə dəyər forması nə dərəcədə inkişaf edirsə, onun iki qütbü – nisbi dəyər forması ilə ekvivalent forma arasındakı əkslik də eyni dərəcədə inkişaf edir.

      Artıq birinci forma – 20 arşın kətan = 1 sürtuka forması bu əksliyə malikdir, lakin onu təsbit etmir. Bu tənliyi necə, soldan sağa və ya sağdan sola oxuyacağımızdan asılı olaraq, iki əmtəə qütbünün hər biri, həm kətan, həm də sürtuk növbə ilə gah nisbi dəyər formasında, gah da ekvivalent formada olacaqdır. Burada qütbi əksliyi müəyyən etmək hələ çox çətindir.

      II formada müəyyən bir əmtəə növü hər dəfə öz nisbi dəyərini tamamilə genişləndirə bilir, yaxud o özü geniş nisbi dəyər formasına malik olur, bu da ancaq ona görə və o dərəcədə olur ki, bütün başqa əmtəələr ona ekvivalent formada qarşı durur. Burada dəyər tənliyinin, məsələn 20 arşın kətan = 1 sürtuka, yaxud = 10 f. çaya, yaxud = 1 kvarter buğdaya və i. a. tənliyinin hər iki hissəsinin yerini daha elə dəyişdirmək olmaz ki, onun ümumi xarakteri dəyişdirilməsin, o, dolğun dəyər formasından ümumi dəyər formasına çevrilməsin.

      Nəhayət. sonuncu forma. III forma əmtəə aləminə ümumi ictimai nisbi dəyər forması verir, bu da ona görə və o dərəcədə olur ki, burada əmtəə aləminə mənsub olan bütün növlər – bircəsindən savayı – ümumi ekvivalent formadan kənar edilmişdir. Bir əmtəə, kətan, ona bütün başqa əmtəələrə bilavasitə mübadilə olunmaq qabiliyyəti verən formadadır, və ya bilavasitə ictimai formadadır, bu da ona görə və o dərəcədə olur ki, bütün başqa əmtəələr bu formada deyildir28

      Ümumi ekvivalent vəzifəsi daşıyan əmtəə isə, əksinə, əmtəə aləminin vahid və, deməli, ümumi nisbi dəyər formasından məhrumdur. Ümumi ekvivalent formasında olan kətan və ya ümumiyyətlə hər hansı bir əmtəə eyni zamanda ümumi nisbi dəyər formasında da iştirak etsəydi, o özü gərək özü üçün ekvivalent olaydı. Onda biz: 20 arşın kətan = 20 arşın kətana tənliyini almış olardıq ki, bu da nə dəyəri, nə də dəyər kəmiyyətini ifadə etməyən tavtologiyadır. Ümumi ekvivalentin nisbi dəyərini ifadə etmək üçün biz, əksinə, III formanı tərsinə çevirməliyik. Ümumi ekvivalent bütün qalan əmtəələr üçün ümumi olan nisbi dəyər formasına malik deyildir, onun dəyəri isə bütün başqa əmtəə cisimlərinin sonsuz sırasında nisbi surətdə ifadə olunur. Beləliklə, geniş nisbi dəyər forması, yaxud II forma, ekvivalent əmtəənin spesifik nisbi dəyər forması olur.

3) Ümumi dəyər formasından pul formasına keçilməsi

      Ümumi ekvivalent forma ümumiyyətlə dəyər formasıdır. Deməli, bu forma hər bir əmtəəyə məxsus ola bilər. Digər tərəfdən, hər hansı bir əmtəə ancaq o zaman və o dərəcədə ümumi ekvivalent formasında (I–III formada) olur ki, ekvivalent olmaq etibarı ilə onu bütün başqa əmtəələr öz aralarından kənar edir. Belə kənar olunmaq bir spesifik əmtəə növünün qəti nəsibi olduğu zamandan, yalnız bu zamandan etibarən əmtəə aləminin vahid nisbi dəyər forması obyektiv sabitlik və ümumi ictimai əhəmiyyət kəsb edir.

      Natural forma ilə ekvivalent formanın ictimai cəhətdən qovuşduğu spesifik əmtəə növü dönüb pul əmtəə olur, yaxud pul vəzifəsi daşıyır. Əmtəə aləmində ümumi ekvivalent rolu oynamaq onun spesifik ictimai vəzifəsi olur, deməli, onun ictimai inhisarı olur. II formada kətanın xüsusi ekvivalentləri olan, III formada isə öz nisbi dəyərlərini kətanda ifadə edən əmtəələr arasında bu üstün yeri tarixən müəyyən bir əmtəə, məhz qızıl əldə etmişdir. Buna görə də III formada kətan əmtəənin yerinə qızıl əmtəəni qoyaq. Onda belə alınar:

D. PUL FORMASI

      I


Скачать книгу

<p>28</p>

Bütün başqa əmtəələrə bilavasitə mübadilə oluna bilmək forması ilk baxışda belə bir cəhəti aşkara çıxarmır ki, maqnitin müsbət qütbü onun mənfi qütbü ilə qırılmaz surətdə bağlı olduğu kimi, ümumi bilavasitə mübadilə oluna bilmək forması da bilavasitə mübadilə olunmamaq forması ilə qırılmaz surətdə bağlı olan ziddiyyətli əmtəə formasıdır. Buna görə də bütün katolikləri papa etmək mümkün olduğunu fərz etməyə yol verilə bilərsə, eyni zamanda bütün əmtəələr üzərinə bilavasitə mübadilə oluna bilmək damğası vurula biləməyini də fərz etməyə yol verilə bilər. Əmtəə istehsalında insan azadlığının və şəxsi müstəqilliyinin nes plüş ultra-sını [zirvəsini] görən xırda burjua, əlbəttə, son dərəcə arzu edərdi ki. bu forma ilə bağlı olan nöqsanları, xüsusilə də əmtəələrin bilavasitə mübadilə oluna bilməmək kimi nöqsanını aradan qaldırsın. Prudonun sosializmi də məhz bu filister xülyasına bəzək-düzək verməkdən ibarətdir və başqa bir yerdə göstərdiyim kimi, bu sosializm hətta orijinal bir şey də deyildir, Qrey, Brey və başqalarının hələ xeyli əvvəl və xeyli yaxşı dediklərini ancaq təkrar edir. Buna baxmayaraq indi belə bir əllaməlik müəyyən dairələrdə „elm” adı ilə yayılır. İndiyədək heç bir məktəb „elm” sözündən Prudon məktəbi qədər bərk yapışmamışdır.