Türk hekayələri. Коллектив авторов
günəş batırdı. Kiçik Sali adaları tünd polad rəngli bir dənizin üzündə məşəllər kimi yanırdılar.
Qoca balıqçı dedi:
– İndi iyirmi ildir ki, mən balıqçılıq edirəm. Bu balıq möhtəkiri Qazdağlı Süleymana olan borcumu ödəyib qurtara bilmirəm. Balıqçılığa başlayandan bəri bəlkə on min dəfə dənizə çıxmışam, beş yüz min mil avar çəkmişəm. Ən azı üç min fırtınaya sinə gərmiş, dənizin müxtəlif şıltaqlıqlarına müqavimət göstərmişəm. Bu müddət ərzində heç olmasa beş-altı min okka2 balıq tutmuşam. Bütün bunların xeyrini Qazdağlı Süleyman görüb. Artıq qollarım gücdən düşüb, gözlərim bir şey seçmir. Ömrümüz sona çatır.
– Əlvida, hey gidi dəniz, hey!
O biri balıqçılar da «hı, hı» eləyib onun dediklərini təsdiqlədilər.
İndi də orta yaşlı balıqçı danışmağa başladı:
– O gördüyünüz Torba sahillərinə baxanda rəhmətlik Qara Yusufu xatırladım. Bir gün onunla qayığa minib Güllükdən Torbaya gəldik. Qayığı sahilə bağladıq. Bodruma gedirdik. Yoxuşbaşına doğru əncir ağacları yoxdurmu? Ora çatanda yazıq Qara Yusufun gözləri yaşla doldu. Dərdi açıldı:
– Dörd yaşında oğlumla burdan keçirdim, – dedi, – əncir ağacları qurumuş kimi idi. Uşaq yerdən bir əncir tapdı. Ağzına qoydu. O saat gözləri böyüdü. Boğulurdu. Barmaqlarımı ağzına saldım. Ənciri çıxarda bilmədim. Uşağı qucağıma alıb yüyürdüm. Amma hara çata bilərdim?! Körpə boğulub öldü. Ona kömək edə bilmədim.
Balıqçılardan ən cavanı soruşdu:
– Sonra, Yusuf əmi, bəs necə oldu?
– Güllükdə öz qayığında sərnişin aparır, yük daşıyırdı. Bir gün onu qızı ilə toya çağırdılar. Toy dəniz kənarındakı Qazıqlı kəndində imiş. Ata, gecə kimi qara, qız isə, əksinə, günəş kimi qızılı-sarı idi. Uşaq anasına çəkmişdi. Qızın küləkdən uçan saçları hələ də gözümün qabağındadır. Qız dənizi atasından pis bilmirdi. «Ya allah» deyib kürəklərdən yapışanda otuz-qırx mil üzə bilirdi. Qız:
– Ata, bu gün hava çox pisdir, getməyək, – deyir.
Yusuf:
– Yox, qızım, heç nə olmaz, – deyib inad edir.
Ata və qız qayığa minib dənizə çıxırlar. Lakin o gedən gedirlər. Bir daha onları görən olmur. Sirr olub dənizdə yoxa çıxırlar. Nə qayıq tapıldı, nə də Qara Yusufla qızının meyitləri.
Qoca balıqçı:
– Dəniz böyükdür, onun hələ çox sirləri var, – dedi.
Artıq gecə idi. Əngin bir Egey gecəsi… Ancaq göyün üzü yığın-yığın ulduzlar üçün dar kimi görünürdü.
Balıqçılar ocağa çırpı atırdılar. Hər atılan çırpıdan havaya alov sıçrayırdı. Balıqçıların üzü alaqaranlıq içində əsrarəngiz skelet kəlləsi kimi görünürdü. Onların qapqara köz yuvaları çırpı atdıqca ocaqdan sıçrayan alovun qığılcımı ilə işıqlanıb bərq vururdu.
Balıqçılar yeməklərini yedilər. Ocağın kənarında uzanıb yatdılar. Ocaq sönüb külə döndü. Balıqçılar yarıqaranlıq ləkə kimi görünürdülər. Dəniz ləpələndikcə yarı fısıltı, yarı köks ötürməyə bənzər xəfif səslər çıxarırdı.
Gecə vaxtı dənizdən buğ qalxmağa başladı. Bu buğ dənizdən çıxan insan kölgələri kimi idi. Yoxsa əngin gecə öz sirlərini açıb göstərirdi? Kölgələrdən biri Qara Yusufa, o biri qızına bənzəyirdi. Onlar cavan balıqçıya yanaşdılar. Qız gülümsəyərək dedi:
– Mənim üçün fikir çəkməyin. Mən boğulan zaman qətiyyən əzab çəkmədim. Məndən qabaq ölən qardaşıma yardım edə bilmədiyini görən atam, qayıq çevrilib boğulacağımızı anlayar-anlamaz, uzun dənizçi bıçağını çıxarıb, ildırım kimi ürəyimə sapladı. Öldüyümü heç hiss etmədim.
Qız bunu deyib güldü, cavan balıqçının alnından öpdü.
Qara Yusuf da xoşhal görünürdü:
– Cənnətə getməkdənsə, dənizdə qaldıq, – dedi.
Bundan sonra ikisi də qeyb oldular. Balıqçılar oyanan kimi cavan balıqçı onlara:
– Qara Yusufla qızını yuxuda gördüm, – dedi.
Onlar da «allah xeyirə calasın» dedilər.
Balıqçılar şəfəqdən qabaq qayığa minib dənizə çıxdılar. Qaranlıqdan qurtarmaqda olan dənizlər, dağlar, böcəklər, çiçəklər, ağaclar kainatla səs-səsə verdilər. Üç balıqçının titrəyən dodaqlarından eyin vaxtda bir nəğmə yüksəldi. Onların da səsi oyanan işığa qarışdı.
Qoca balıqçı üzünü o birilərə tutub dedi:
– Hər halda dəniz hər şeydən yaxşıdır.
O, dərindən bir də nəfəs alaraq «Salam, dəniz!» deyə coşdu.
O biri balıqçılar da var səsləri ilə:
– Yaşasın dəniz! – dedilər.
Uçurumlardan qopan əks-səda qayalara yayıldı:
– Yaşasın dəniz!
Yaqub Qədri Qaraosmanoğlu
ON DÖRD YAŞLI KİŞİ
…Arabaçı bizdən iyirmi – otuz metr qabaqda bizimlə eyni səmtə gedən bir adamı hayladı. Yolçu dayandı. Üzdən ona səkkiz və ya on yaşdan artıq vermək olmazdı. Çox arıq idi. Özündən iki dəfə ağır çuval götürmüşdü. Ayaqqabılarını əlində tutmuşdu. Biz ona yaxınlaşanda arabaçı soruşdu:
– Oğlum, şəhərə gedən yol hansıdır?
Uşaq əlini qarşıdakı yamaca tərəf uzadıb dedi:
– Bax odur, o ağarıb batan yol… Mən də ora gedirəm.
O, çox göyçək uşaq idi. Olduqca təmiz geyinmişdi. Onun işlətdiyi «ağarıb batan yol» ifadəsi xoşuma gəldi.
– Şəhərə gedirsənsə, gəl arabaya min, bir yerdə gedək, – dedim.
Sözümə inanmadı. Çuvalını yerə qoyub üzümə baxdı. Təklifimi təkrar etdim:
– Gəl, çuvalını arabanın içinə qoy, özün də burda otur.
Qarşımda yer göstərdim. Əlindəki ayaqqabılarını səliqə ilə cütləyib çuvalın üstünə qoydu. Dalı arabaçıya, üzü mənə tərəf oturdu. Onun hərəkəti və danışığı get-gedə daha çox xoşuma gəlirdi. Ədəbli, tərbiyəli görünürdü. Ağıllı və parlaq gözləri vardı. Məni diqqətlə süzürdü. Onun baxışlarından mən utanan kimi oldum. Onda lap yaşlı adam baxışı vardı. Əslində bu cür baxış və kişi hərəkəti Anadolu uşaqları üçün nadir xüsusiyyət deyildir. Onlar da bəzi canlılar kimi sanki anadan olan dəqiqədən yeriməyə, işləməyə və həyatı dərk etməyə başlayırlar. Onların uşaqlığı heç olmur. Səkkiz-on yaşına çatar-çatmaz məişət qayğısı şiddətlə əsən qızmar səhra küləyi kimi onların vaxtsız
2
1 okka – 1 kq 150 qramdır