Türk hekayələri. Коллектив авторов
bura bax! Nə dedinsə, hamısını qəbul etdim. Üç uşaqla arvadın öldü, bir söz demədim. Sonra atanla anan öldü. Bunu da təbii sandım. Ötən gün atan ikinci dəfə rəhmətə getdi. Bu gün də anan ölüb. Tutaq ki, çoxları kimi sənin də iki atan varmış. Bəs bir adam iki anadan necə doğula bilər?
Sədri Ertəm
ŞAMÇININ SİÇANI
Şamçı Sabih əfəndi siyirtməni çəkdi və təşvişlə bağladı; cəmi on quruşluq alver eləmişdi.
– Yaxşı ki, subay paltarı yuyan dul qadınlar varmış. Yoxsa siyirtməyə ömür billah bu on quruş da girməzdi.
Sabih əfəndi on quruşu jiletinin cibinə atdı.
– Allah bərəkət versin, yaya da yetər, qışa da. Oğul-uşağı da dolandırar. Hey dədəm, hey! – deyə dükanı bağlayıb deyinə-deyinə şər vaxtı evinə getdi. Sabih əfəndinin atası şamçı idi. Babası, hətta ulu babası da şamçı olub. Sözün qısası, Sabih əfəndi xalis şamçı oğlu şamçı idi.
Sabih əfəndinin bu gün on quruş qazandığını görüb onu kasıb adamlardan hesab eləməyin. Doğrudur, bu gün üçün Sabih əfəndini çox da varlı saymaq olmazdı. Sabih əfəndinin atası ondan daha varlı idi. Ulu babası İstanbulun şam kralı olmuşdu. Amma bu şam kralının nəticəsi indi gücsüz idi. Onun ulu babasının İstanbulda işıq kralı olduğu dövrlərdə dünyanın neft kralları lüt gəzirdilər. O zaman qaz kralları küçələrdə tumansız dolaşan bic məhəllə uşaqları kimi idilər. Elektrik kralları hələ analarının qarnında belə yox idilər.
Sabih əfəndinin ulu babası altı qollu şamdan dövründə atlı arabası, kəli-məli olan, adı hər yerdə dollar kimi yad edilən həşəmətli bir şəxsiyyət idi. İstanbulda ilk lampa mağazası açılan gün Sabih əfəndinin babasının ürəyi partladı. Sabih əfəndinin atası o böyük, o möhtəşəm şam dükanını kiçiltməyə məcbur oldu.
Sabih əfəndi bir tərəfdən neft, bir tərəfdən qaz, bir tərəfdən elektrik hücumuna məruz qaldı. Sabih əfəndi bu üç zırpının hücumu qarşısında satdığı şamlar kimi əridi, əridi. Müştərilər də getdikcə azaldı. İndi bayram gecələrində küçələri bəzəmək üçün şam yandıran yoxdur. Bütün türbələr bağlanıb. Şam alan yalnız və yalnız bu qabaqdakı binada yaşayan bir neçə dul qadındır. Bu qadınlar ona-buna paltar yuyub ütüləyirlər. Ütünün altı nəmdən, sudan paslanmasın deyə ona mum sürtürlər. Sabih əfəndinin bugünkü halı belədir.
Sabih əfəndi evə gedəndən sonra dükanda siçanların həngaməsi başlandı. Dükanın bu başından girib o başından çıxdılar, haray-həşir saldılar. Yuxarıdan aşağıya taq… taraq… taraq… taq… Gurultu aləmi bürüdü. Böyük bir siçan Sabih əfəndinin oturduğu yerdə əyləşdi. Qalın bir məscid şamı içində qucaq-qucağa yatan iki cavan siçan başını dəlikdən çıxardıb ətrafa boylandı. Dükanı sahibsiz görən siçanlar bir-birilərinə diş ağartdılar.
Sol küncdən yekə quyruqlu iri bir siçan çıxdı. Yavaş-yavaş qabağa gəldi. Yalnız böyük məscid şamını özünə layiq bildi. Mumu Gəmirməyə başladı. Xart, xart… Bir dişlək, daha bir dişlək. O boyda şam başı üstə dəydi yerə. Şamın oyuğu içində məzələnən cavan siçanlar bir-birlərini qıdıqlayarkən zəlzələyə düşmüş kimi təpəsi üstə getdilər. Siçanların Şerloq Xolmsu olan uzun bığlı, yekə bədənli bir pişik bu gurultunu eşidib pəncələrini heybətli-heybətli açıb hücuma keçdi. Lakin Arsen Lüpenlər qaçdılar. Sabih əfəndinin heybətli polis rəisi ağzı boş qayıtdı.
Gurultudan qorxuya düşən siçanların hərəsi bir deşiyə girdi. Gənc və cəsarətli bir siçan divardan aşıb qonşu evə keçdi, oradan da başqa evə soxuldu. Çardaqda ala pişiklə əlbəyaxa oldu. Nəhayət, beton divarlı və yoluq qanadlı köhnə yel dəyirmanına oxşayan elektrik stansiyasına girdi.
Cəsarətli siçan təzəcə girdiyi bu yerdə üst-üstə qoyulmuş iri sarğılar gördü. İncə və iti dişlərini uzatdı. Xırdaca burnuyla ətrafı imsilədi. Bura şamçı dükanı kimi iylənmirdi. Bir dişlək vurdu. Bunun başqa dadı vardı, mum dadı deyildi. Yenə dişlədi:
A! Bu ipək nə dadlı, nə yumşaq şeydir… – Bir dişlək, daha bir dişlək aldı. Cavan siçan yedikcə yedi. Elektrik nəql edən tellərin ipək və kauçuklarını qarnı doyana qədər yedi. Mis tel dilini acışdıranda dərhal yerini dəyişdirdi. Telin başqa yerini gəmirməyə başladı.
Cavan siçan teli gəmirdikcə on min evin və iyirmi küçənin aydınlığını su içən kimi içdi. Axşamdan bir az keçmiş elektrik lampaları birdən-birə kömür kimi oldu. Bəyazitdən Fatihə qədər hər tərəf qaranlıqlaşdı. Avtomobillərin işığı qaranlıqda çaxılan çaxmaq kimi işıldayırdı. Şəhərin böyük bir hissəsinin – Bəyazit, Fatih məhəllələrinin ramazan gecəsində qatı qaranlıq içində qalması nə qədər qorxunc şeydir!
Hamı: «şam, şam» deyə küçələrə düşdü. Şam bir anda böyük səhrada bir stəkan su qədər qiymətə mindi.
– Bu necə işdir? – Camaat söylənir, qəhvə dükanlarında oturanlar hirslənirdilər.
Vaxt keçirdi, amma işıqdan xəbər verən yox idi.
– Şam… Şam…
Şam axtaran qəhvəçi, dükançı və ev sahibləri Sabih əfəndinin dükanı qarşısına yığışdılar. Sabih əfəndini evindən çağırdılar. Qoca şamçı dükanı açdı. On ildən bəri dükanda yatıb qalan şamlar yarım saatda satıldı. Sabih əfəndi gözləmədiyi bu hadisədən son dərəcə şad oldu. Axırıncı şamı axırıncı müştəriyə verəndən sonra:
– Yetimin payını allah yetirər, – dedi və axşamüstü evə gedəndə yadından çıxartdığı tələləri qurdu. Dükanı bağlayıb getdi.
Səhər dükana gələndə Sabih əfəndi gördü ki, tələyə cavan bir siçan düşüb. Siçanın ağzında ipək və kauçuk qırıntıları vardı. Sevindi:
– Bir düşməndən qurtardım, – dedi.
Nəticə:
Dünyada çox insanlar tanıyıram ki, onlar da şamçı Sabih əfəndinin siçanı kimidirlər.
Rəşad Ənis Aygen
ÖLMƏYƏN İNSANLIQ
Gecə yarısıdır.
Ay getdikcə saralır, yastı-yapalaq evlərin arxasına girib qeyb olurdu… Səma yavaş-yavaş qaralmaqda idi. Ulduzlar göylərə mıxlanmış qəndillər kimi bir yerdə durub səyrişirdilər.
Qüdrət heysiz ayaqlarını zorla sürüyürdü. Cırıq pencəyinə bərk-bərk bürünmüşdü. Üşüyürdü. Dişi dişinə dəyirdi.
Qüdrət ağlayırdı, amma gözlərindən yaş gəlmirdi. Ağlamaqdan göz yaşları qurumuşdu, çünki…
Qüdrət ac idi. Neçə gündən bəri onun dilinə yemək dəyməmişdi. Son dəfə nə vaxt yediyini xatırlamırdı. Bəlkə on gün bundan əvvəl? Xeyr! İyirmi gün… Xeyr… Bir ay… Bəlkə daha çox.
İnsan acından asanlıqla ölmür…
Qüdrət kimsəsiz məhəllələrdə, dalanlarda qapılara qoyulmuş zibil qablarını ehmal-ehmal eşələyərək tapdığı