Dekameron. Джованни Боккаччо
çələnglər hörə-hörə xeyli vaxt bağda o baş-bu başa gəzdilər. İndi də, dünənki kimi, hava sərinkən səhər çörəyini yedilər, rəqs etdikdən sonra dincəlməyə getdilər. Saat doq-quzda ayağa qalxıb, kraliçanın sərəncamına əsasən, sərin çəmənə yollandılar. Halay vurub oturdular. Başına dəfnə çələngi qoyulmuş gözəl və füsunkar Filomena bir az dalğın halda durdu, sonra hamını gözdən keçirib, Neifilaya əmr etdi ki, hekayə söyləməyə başlasın. Neifila da qeyd şərtsiz, gülərüzlə sözə başladı.
BİRİNCİ HEKAYƏ
Martellino özünü yalandan çolaqlığa qoyur, sonra da özünü elə göstərir ki, guya müqəddəs Arriqonun meyitinə toxunmaqla qıçı yaxşı olur. Yalanın üstü açılanda onu döyürlər, asmaq istəyirlər, axırda təhlükədən xilas olur.
Əziz xanımlar, çox vaxt elə olur ki, başqalarını, xüsusilə hörmətə layiq olan şeyləri ələ salmaq istəyən adamlar özləri pis vəziyyətə düşür, bəzən bundan zərər də çəkirlər. İndi mən, kraliçanın buy-ruğuna əməl edərək, qarşıya qoyulan məsələ üzrə öz hekayəmə başlayıram. Bununla da bizim bir vətəndaşın başına gələn əhvalatdan danışmaq fikrindəyəm: əvvəl o, bədbəxtliyə düçar olur, sonra da, heç gözlənilmədiyi halda, yaman xoşbəxt olur.
Bir az bundan əvvəl Trevizoda Arriqo adlı bir alman yaşayırdı. O, yoxsul olduğundan, kim istəsəydi, ona kirayəsi ilə yük daşıyardı. O həm də çox vicdanlı, mömin bir adamdı. Buna görə, öləndə, lap can ağzından çıxanda (doğrumu, yalanmı) trevizolular deyir ki, Trevizo baş kilsəsinin bütün zəngləri, heç kəsin əli dəymədən, çalınmağa başladı. Bu, bir möcüzə hesab edildi, hamı dedi ki, Arriqo müqəddəs adamdır. Bütün şəhər camaatı yüyürə-yüyürə onun meyiti olan evə gəldi, onu müqəddəs bir şəxs kimi baş kilsəyə apardılar; çolaqları, şikəstləri, korları və xəstəliyə tutulan bütün adamları ora gətirdilər, sanki hamı bu meyitə toxunmaqla sağalacaqdı.
Elə oldu ki, şəhər camaatının hərəkətə gəldiyi bu qatmaqarışıq-lıqda Trevizoya bizim üç vətəndaşımız gəldi. Onlardan birinin adı Stekki, o birisininki Martellino, üçüncüsününkü də Markeze idi. Onlar sinyorların sarayına gedər, ağız-burunlarını əyməklə, oyun çıxarmaqla, kimi olsa çox bacarıqla yamsılamaqla camaatı güldü-rərdilər. Hələ indiyə qədər onlar bu şəhərə gəlməmişdilər. Hamının əl-ayağa düşdüyünü görüb təəccübləndilər, bunun səbəbini eşidəndə, meyitə baxmaq istədilər. Şeylərini mehmanxanada qoyduqdan sonra Markeze dedi: «Gedək bu müqəddəs adama baxaq; ancaq bilmirəm ora necə gedə bilərik, eşitmişəm ki, meydan həm almanlarla, həm də şuluqluq olmamaq üçün, şəhər sinyorunun göndərdiyi silahlı adamla doludur. Bunu da deyirlər ki, kilsəyə o qədər adam təpilmişdir, içəri girmək mümkün deyil». Martellino bu mənzərəyə baxmaq istədiyin-dən dedi: «Bunun eybi yoxdur, o müqəddəs meyitin yanına getməyə mən yol taparam». Markeze soruşdu: «Necə yol taparsan?» Martel-lino belə cavab verdi: «Mən sənə deyim necə: özümü çolaqlığa qoyaram, siz qolumdan tutarsınız, guya özüm yeriyə bilmirəm; deyərsiniz ki, bunu ora aparmaq istəyirik, qoy o müqəddəs adam bunu sağaltsın; elə bir adam olmayacaq ki, bizi görüb yol verməsin». Markeze və Stekki bu təklifi bəyəndilər. Çox ləngimədilər, mehman-xanadan çıxıb, xəlvəti getdilər, orada Martellino biləklərini, barmaq-larını, qollarını, qıçlarını, ağzını, üzünü, gözünü əyərək, dəhşətli şəklə saldı; elə bir adam olmazdı ki, doğrudan da onun şil-küt olduğuna inanmasın.
Markeze və Stekki onu belə şil-küt halda götürüb, kilsəyə getdilər, yolda üzlərinə mömincəsinə bir ifadə verib, rast gəldikləri hər adamdan fağır-fağır, allah rizasına yol verməsini xahiş etdilər; hamı da dərhal yol verirdi. Hamı onlara baxaraq, çığıra-çığıra deyirdi: «Yol verin, yol verin!» Bu qayda ilə az vaxtda gəlib, müqəd-dəs Arriqonun meyiti qoyulan yerə çatdılar. Meyitin ətrafında duran bir neçə zadəgan Martellinonu tez götürüb meyitin üstünə qoydu ki, bu qayda ilə o, sağlamlıq nemətindən feyziyab olsun. Hamı Martel-linonun necə olacağına diqqətlə baxırdı, Martellino azca gözlədikdən sonra əvvəl bir barmağının, sonra bir biləyinin, sonra da bütün qolunun açıldığını göstərdi, – bunları o çox ustalıqla edirdi, – bu qayda ilə yavaş-yavaş bütün bədənini dikəltdi. Camaat bunu görüb müqəddəs Arriqonun şərəfinə elə fəryad qopardı ki, göy də gurulda-saydı, eşidilməzdi.
Təsadüfən orada bir florensiyalı durubmuş, Martellinonu da çox yaxşı tanıyırmış, ancaq onu belə şil-küt halda gətirəndə tanımamışdı. İndi Martellino dikəlib ayağa qalxanda tanıdı, birdən qəhqəhə ilə gülüb dedi: «Ay allah onu öldürsün! Onun nə halda gəldiyini görən adam heç inanardımı ki, o, çolaq deyil?» Trevizolulardan bir neçəsi bu sözü eşidib elə o saat soruşdu: «Necə yəni? Yoxsa o, çolaq deyildi?» Florensiyalı bu suala belə cavab verdi: «Əşi, vallah yox, o həmişə bizim hamımız, kimi şax gəzərdi. O istədiyi sifətə düşə bilir, bunu da hamıdan yaxşı bacarır». Onlar bunu eşidən kimi dayanıb gözləmədilər, basa-basa özlərini qabağa verib çığırdılar: «Tutun bu məlunu, o, allahı, müqəddəs adamları lağa qoyur, iflic vurmadığı halda özünü yalandan çolaqlığa qoyub bura gəlib ki, bizim müqəddəs adamımızı da, bizi də ələ salsın». Belə deyə-deyə Marteldinonu olduğu yerdən dartıb aşağı saldılar, paltarını darta-darta əynindən çıxartdılar, saçından tutub yumruqlamağa, təpikləməyə başladılar. Kim bu iş üçün tələsə-tələsə onun yanına gəlməsəydi, özünü kişi hesab eləməzdi. Martellino çığıra-çığıra deyirdi: «Allah xatirinə, mənə yazığınız gəlsin!» Onların əlindən qurtarmağa çalışırdı, lakin bundan bir şey çıxmadı, camaat onun ətrafında get-gedə çoxalırdı. Stekki ilə Markeze bunu görüb öz-özlərinə dedilər ki, iş pisdir, ancaq canlarının qorxusundan ona kömək eləməyə cürət etmədilər. Kömək bir yana dursun, o birilərlə səs-səsə verib çığırdılar ki, onu öldürmək lazımdır; eyni zamanda fikirləşirdilər ki, onu camaatın əlindən necə qurtarmaq olar. Birdən Markezenin ağlına bir şey gəldi, bu olma-saydı, Martellinonu yəqin öldürərdilər. Mümkün qədər tez özünü sinyorluğun keşikçilərinə yetirib, bələdiyyə rəisinin yerində duran adama dedi: «Allah xatirinə, kömək eləyin! Bir dələduz mənim pul kisəmi kəsib götürüb, içində yüz qızıl florin vardı, xahiş edirəm, əmr edin onu tutsunlar, pulumu mənə qaytarsınlar». On iki keşikçi bunu eşidən kimi o yerə yüyürdü ki, orada zavallı Martellinonu malasız malalayırdılar. Camaatı yara-yara özlərini ora yetirdilər, yer üzündə görünməmiş bir çətinliklə Martellinonu camaatın əlindən dartıb aldılar, bələdiyyə idarəsinə apardılar. Bir çoxları da onun ardınca bələdiyyə idarəsinə getdi: onlar özlərini təhqir olunmuş hesab edir-dilər, həm də onun bir oğru kimi tutulduğunu eşidəndə dedilər ki, bizim də pul kisəmizi kəsib götürüblər. Bu adamlar Martellinonun burnuna duzlu su qoymaq üçün bundan yaxşı bəhanə tapmırdılar. Bələdiyyə idarəsinin hakimi amansız bir adamdı, deyilən sözləri eşidən kimi Martellinonu kənara çəkib, sorğu-suala başladı; lakin Martellino ona zarafatla cavab verdi, sanki tutulmasını boş bir şey hesab edirdi. Hakim bundan açıqlandı, əmr etdi ki, onu qollarından assınlar, ona bir neçə yaxşı kötək vursunlar, deyilən şeyləri boynuna almağa onu məcbur etsinlər, sonra da boğazından assınlar. Martelli» nonu yerə endirəndə hakim yenə ondan soruşdu ki, sənin haqqında o adamların dediyi doğrudurmu? Martellino gördü ki, bu yolla işdən boyun qaçırmaq yaxşı nəticə verməyəcək, dedi ki: «Cənab, mən sözün düzünü sizə