Dekameron. Джованни Боккаччо
qapını açdı, içəri girib yenə də qapını bağladı. Qız abbatı görüb yaman təşvişə düşdü, biabır olacağından qorxaraq, ağlamağa başladı. Abbat ata da onun cavan, gözəl bir qız olduğunu görüb, qocalığına baxmayaraq, cavan rahib kimi vəcdə gəldi, öz-özünə düşündü: «Niyə mən, əlimə fürsət düşdüyü halda, bu şeydən dadmayım? Adam istəsə, dilxorluq, qan-qaralığı həmişə onun üçün hazırdır. Bu, gözəl qızdır, dünyada heç kəs onun burada olduğunu bilmir; mənə kef vermək üçün onu yola gətirə bilsəm, başa düşmürəm, niyə axı bunu eləməyim? Bunu kim biləcək? heç kəs heç vaxt bunu bilməyəcək. Gizlin günahın da ki, yarısı bağışlanır. Belə fürsət bəlkə də bundan sonra heç əlimə düşməyəcək, allah ki bir adama nemət göndərdi, ondan istifadə etməkdə, mənim zənnimcə, böyük hikmət vardır». O öz-özünə belə deyib, bura nə niyyətlə gəldiyini tamam unudaraq, qıza yaxınlaşdı, yavaşca ona təsəlli verməyə başladı, xahiş etdi ki, ağlamasın. Danışa-danışa o yerə gəlib çatdı ki, öz arzusunu açıb qıza dedi; qız da dəmirdən, daşdan deyildi, çox asanlıqla abbatın təklifinə razı oldu. Abbat qızı qucaqlayıb çox-çox öpdükdən sonra rahibin yatağına qalxdı, öz mübarək vücudunun köklük məziyyətini, həm də qızın çox cavan olduğunu nəzərə alıb, ya bəlkə də çox ağır olduğundan qıza ziyan yetirə biləcəyindən qorxub, qızın üstündə uzanmadı, onu öz üstünə qoyub, xeyli vaxt onunla kefə baxdı.
Rahib meşəyə getməmişdi, dəhlizdə gizlənmişdi. Abbatın hüc-rəyə girdiyini görən kimi ürəyi sakit oldu, güman etdi ki, onun nəzərə aldığı məsələ baş tutacaqdır. Sonra abbatın içəridən qapını bağladığını görüb, qət etdi ki, iş onun düşündüyü kimi olacaqdır. Gizləndiyi yerdən çıxıb, yavaşca hücrəyə yaxınlaşdı, qapının deşiyindən baxaraq, abbatın bütün dediklərini eşitdi, nələr etdiyini gördü. Nəhayət, abbat qızla kifayət qədər əyləndiyini nəzərə alıb, hücrədən çıxdı, qızı içəridə qoyub, qapını bağladı, öz otağına getdi. Bir az keçəndən sonra rahibin ayaq səsini eşitdi, meşədən qayıt-dığını zənn edərək, qərara gəldi ki, onu bərk danlasın, dama saldırsın, ələ keçən ova ancaq özü sahib olsun. Rahibi çağırtdırıb, onu acıqlı-acıqlı bərk danladı, əmr etdi ki, onu aparıb dama salsınlar. Rahib elə o saat etiraz etdi, dedi ki: «Messere, mən müqəddəs Benedikt cəmiy-yətində hələ təzəyəm, onun bütün xüsusiyyətlərini öyrənə bilməmi-şəm, siz də hələ macal tapıb mənə anlada bilməmisiniz ki, rahib gərək arvada pəhriz kimi, gecə ibadəti kimi baxsın. İndi bunu mənə deyəndən sonra, sizə söz verirəm ki, bu dəfə məni bağışlasanız, daha belə günah iş tutmaram, həmişə sizin elədiyiniz kimi, necə ki görmü-şəm, elə də edərəm». Abbat arif adamdı, o saat başa düşdü ki, rahib məsələni duymuşdur, hətta onun etdiklərini də gözü ilə görmüşdür. Tutduğu işdən vicdan əzabı çəkərək, rahibə cəza verməyə utandı, çünki belə cəzaya rahib kimi, o özü də layiqdi. Onun günahından keçdi, özünə də bərk tapşırdı ki, gördüklərini heç kəsə deməsin. Rahiblə bərabər qızı ehtiyatla hücrədən çıxarıb, yola saldı. Sonra onların qızı dəfələrlə hücrəyə gətirdiyini də güman etmək olar.
BEŞİNCİ HEKAYƏ
Monferrat markizası toyuqdan hazırlanmış naharla və bir neçə nəzakətli sözlə fransız kralının ona qarşı dəlicəsinə ehtirasını yatırır
Dioneonun danışdığı hekayə əvvəl xanımların qəlbində bir balaca utancaqlıq hissi doğurdu, – onların üzündəki qızartı da bunu göstə-rirdi. Sonra onlar bir-birinə baxa-baxa, özlərini gülməkdən güclə saxlayaraq, pıqqıldaya-pıqqıldaya hekayəyə axıra qədər qulaq asdılar. Hekayə qurtarandan sonra xanımlar bir neçə nəzakətli sözlə Dioneonu məzəmmət elədilər, hiss etdirdilər ki, belə hekayələri xanımlara danışmaq lazım deyil, sonra kraliça, otun üstündə, yanında oturan Fyammettaya sarı dönərək, növbəsi çatdığı üçün, danışmağı ona əmr etdi. Fyammetta zərif və şux bir əda ilə sözə başladı:
– Bizim, öz hekayələrimizdə hazırcavablığın, tez söz tapmağın böyük bir qüvvəyə malik olduğunu sübut etməyə başlamağımız mənim xoşuma gəldi. Kişinin özündən nəcabətli bir qadını sevməsi çox ağıllı hərəkət olduğu kimi, qadının da bacarıb, öz mövqeyi etibarı ilə daha yüksəkdə duran bir kişiyə məhəbbət yetirməkdən çəkinməsi çox böyük ehtiyatkarlıqdır. Mənim gözəl xanımlarım, ağlıma belə bir şey gəldi: indi mən danışacağım bu hekayədə nəcib bir xanımın öz hərəkətləri və sözü ilə yuxarıda dediyim birinci vəziyyətdən necə çəkindiyini, ikinci vəziyyətdən də necə uzaqlaş-dığını göstərəcəyəm.
Çox igid kilsə qonfalonyeri olan Monferrat markizi xristianların ümumi hərbi səfərində çox-çox uzaqlara getmişdi. Bir gün kral taygöz Filippin sarayında (o da Fransadan həmin səfərə getməyə hazırlaşırdı) ondan söz düşəndə bir cəngavər deyir ki, dünyada markizlə arvadı kimi bir-birinə tay olan ikinci ər-arvad tapılmaz, çünki markiz cəngavərlər arasında öz igidliyi ilə məşhur olduğu kimi, arvadı da yer üzündəki bütün qadınların ən gözəli və ləyaqətlisidir. Bu sözlər fransız kralına elə təsir etdi ki, heç görmədiyi halda, o qadına bərk vuruldu; bu qərara gəldi ki, ancaq Genuyada hərbi səfərə hazırlaşan gəmiyə minsin, elə olsun ki, quru yol ilə oraya gedərkən markizanı görmək üçün əlinə yaxşı bir bəhanə düşsün, çünki markiz evdə olmadığından, o öz arzusunu yerinə yetirə bilərdi. Kral düşündüyü kimi də elədi. Hamını qabaqcadan yola salıb özü bir neçə zadəgan məiyyəti ilə yola düşdü, markizin malikanəsinə yaxınlaşırkən, bir gün əvvəl onun arvadına xəbər göndərdi ki, sabah naharı onlarda edəcəkdir. Markiza ağıllı və arif bir qadındı, ona çox nəzakətli cavab göndərərək bildirdi ki, bu, mənim üçün böyük şərəfdir, kral mənim ən əziz qonağım olacaqdır. Sonra fikirləşdi ki, bu nə deməkdir, ərim evdə olmadığı halda belə bir kral mənim yanıma gəlmək istəyir. Markiza öz mülahizələrində yanılmamışdı: onun gözəlliyi haqqın-dakı söz-söhbət kralı çəkib bura gətirirdi. Bununla belə, markiza məharətli bir qadın olduğundan, kralı şərəflə qəbul etmək qərarına gəldi; evdə qalan kübar adamları yanına çağırtdırdı, onlarla məsləhətləşərək, görüləsi işlər barəsində sərəncam verdi; lakin nahar və ərzaq haqqında özü tədbir görəcəyini bildirdi. Elə o saat ətrafda olan bütün toyuqların yığılmasını əmr etdi, kral süfrəsi üçün ancaq toyuqlardan xörək hazırlamağı aşpazlarına tapşırdı. Bəli, kral müəyyən edilən gündə gəldi, xanım onu böyük hörmət və təntənə ilə qəbul etdi. Kral onu, cəngavərin sözünə əsasən təsəvvür etdiyindən daha gözəl, daha mərifətli və nəzakətli gördü. Ona baxdıqca valeh olurdu, onu tərifləyirdi, markiza onun xəyalında yaratdığı qadından yüksək idi, bunu yəqin etdikcə, ona olan ehtirası daha da artırdı. Kral kimi bir adamı qəbul etmək üçün krala layiq bir otaq hazırlanmışdı; bu otaqda o bir az dincəldi, yemək vaxtı çatanda kral ilə markiza bir süfrə başında, o birilər də, rütbələrinə görə, ayrıca oturdular. Bir-birinin ardınca gətirilən dadlı xörəklər, qiymətli şərablar krala çox ləzzət verirdi, o, arabir gözəl markizaya da məmnuniyyətlə baxırdı. Lakin xörəklər gətirildikcə, kral bir şeyə təəccüb edirdi, görürdü ki, xörəklər başqa-başqa olsa da, hamısı ancaq toyuqdan hazırlanmışdır. Kral yaxşı bilirdi ki, bu yerlərdə ov quşları çox olur, bir də ki, gəlişini qabaqcadan markizaya