Dekameron. Джованни Боккаччо

Dekameron - Джованни Боккаччо


Скачать книгу
səbirlə dözür, bununla da öz tədbiri ilə sübut edir ki, biz inandığımız şeyə daha möhkəm etiqad edək.

      Sevimli xanımlar, mənə danışıblar ki, Parisdə Ciannotto di Çivinyi adlı dövlətli bir tacir və yaxşı adam yaşayırmış, özü də böyük mahud alveri edirmiş. O, Avraam adlı çox varlı, çox vicdanlı, açıqürəkli bir yəhudi tacirlə yaxın dost imiş. Ciannotto onun vic-danlı, açıqürəkli olduğunu bildiyindən, belə ləyaqətli, ağıllı, yaxşı adamın nöqsanlı bir dinə qulluq etdiyi üçün ruhunun əzab çəkəcəyini bilir, bundan yaman kədərlənirmiş. Buna görə, Ciannotto ondan yəhudi dininin yanlış yolundan çıxıb, həqiqi xristian dinini qəbul etməsini dostcasına xahiş edirdi. Deyirdi ki, özün görürsən, xristian dini müqəddəs və kamil bir din olduğundan, həmişə müvəffəqiyyət qazanır, xristianlar da artır, amma yəhudi dini, bunun əksinə olaraq, get-gedə tənəzzülə uğrayır, dağılır, bunu özün təsdiq edə bilərsən. Yəhudi də ona cavab verirdi: məncə yəhudi dinindən kamil, müqəddəs din yoxdur, mən bu dində doğulmuşam, bu dində də ölmək niyyətindəyəm, heç bir şey məni bu niyyətdən döndərə bilməz. Lakin Cian-notto ondan əl çəkmirdi. Bir neçə gündən sonra yenə də həmin sözlə ona müraciət etdi, xristian dininin yəhudi dinindən yaxşı olduğunu bir tacir dili ilə, sadəcə sübut etməyə başladı. Avraam, yəhudi dini qanunlarını çox gözəl bilsə də, – Ciannottoya bəslədiyi böyük dostluq hissindənmi, ya müqəddəs ruhun adi bir adamın dilinə verdiyi sözlərin təsirindənmi, – Ciannot-tonun dəlilləri onun çox xoşuna gəldi, lakin öz dinindən əl çəkmədi, xristianlığı qəbul etmədi. Yəhudi öz sözündə inad etdikcə, Ciannotto da ondan əl çəkmədi. Axırda yəhudi onun inadı qarşısında məğlub olaraq, dedi: «Yaxşı, Ciainotto, sən istəyirsən ki, mən xristian olum, razıyam, ancaq əvvəl gərək Romaya gedəm. Gedib orada, allahın yer üzündə canişini dediyin adamı, onun xasiyyətimi, həyat tərzini, həm də kardinal qardaşlarını görüm. Əgər onların hərəkətindən, həm də sənin sözlərindən əmin olsam ki, sənin dinin, sübut etməyə çalışdığın kimi, mənim dinimdən üstündür, onda dediyim kimi də edərəm; belə olmasa, onda necə vardımsa, elə də yəhudi olub qalaram».

      Ciannotto bu sözləri eşidəndə çox qəmgin olub, öz-özünə dedi: «Zəhmətim boşa getdi, amma mən bu zəhmətimdən fayda götürmək istəyirdim, elə zənn edirdim ki, onu yolundan döndərib xristian eləmişəm. O, doğrudan da, Roma sarayına getsə, ruhanilərin yaramaz həyatına, dinə müğayir olan hərəkətlərinə diqqət yetirsə, daha yəhudilikdən dönüb xristian olmaz, xristianlığı qəbul etmiş olsa da, yəqin, təzədən yəhudiliyə qayıdar». Ciannotto Avraama dedi: «Dostum, niyə sən özünü belə əziyyətə salırsan, xərc çəkib Romaya getmək istəyirsən? Hələ burasını demirəm ki, sənin kimi dövlətli bir adamın dənizlə ya quru ilə səfərə çıxması təhlükəlidir. Yoxsa elə zənn edirsən ki, səni burada xaçlayan adam tapılmaz? Sənə izah etdiyim dinə şübhən varsa, bunu sənə istədiyin kimi başa salan, suallarına cavab verən buradakı kimi böyük alim və filosofu haradan tapa bilərsən? Buna görə də, mənim fik-rimcə, sənin bu səfərin artıqdır. Təsəvvür elə ki, oradakı yüksək rütbəli ruhanilər burada gördüyün yüksək rütbəli ruhanilər kimidir, hətta daha da yaxşıdır, çünki onlar ən yüksək ruhaniyə yaxındırlar. Mənim məsləhətim budur: bu zəhməti başqa bir vaxtda müqəddəs yerlərdən birinə get-mək üçün sərf etmək lazımdır; onda bəlkə mən özüm də sənə yol yoldaşı oldum». Yəhudi bunun qabağında dedi: «Ciannotto, bunların hamısı sən deyən kimidir, ancaq uzun sözün qısası, sənə deyim ki (əgər istəyirsənsə xahişini yerinə yetirim), ora getməyi qəti həll etmişəm. Getməsəm, heç bir şey eləməyəcəyəm», Ciannotto onun qəti qərara gəldiyini görüb dedi: «Yaxşı da, get». Eyni zamanda öz-özünə düşündü: «Roma sarayını görsə, xristian olmayacaq». Bununla da sakitləşdi, çünki o başqa bir şey edə bilməyəcəkdi.

      Yəhudi ata minib, tez-tələsik yola düşdü. Romaya çatanda, oradakı yəhudilər onu hörmətlə qəbul etdilər. O nə üçün gəldiyini heç kəsə demədi, orada qalıb, papanın, kardinalların, başqa prelat-ların və bütün saray adamlarının həyat tərzini ehtiyatla müşahidə etməyə başladı. Onun yaxşı müşahidəçilik qabiliyyəti vardı; gördüklərindən, eşitdiklərindən belə bir nəticəyə gəldi: onlar, ümumiyyətlə şəhvət düşgünüdürlər, özü də vicdan əzabı çəkmədən, utanmadan bunun həm təbii, həm də qeyri-təbii şəklindən istifadə edirlər; buna görə onların mərhəmətini qazanmaq məsələsində yüngül əxlaqlı qadınların və uşaqların təsiri böyük qüvvədir. O eyni zamanda lap aydınca gördü ki, bu yüksək rütbəli ruhanilərin hamısı qarınquludur, özgənin hesabına içirlər, əyyaşdırlar, heyvan kimi ancaq şəhvətlərinə deyil, qarınlarına da qulluq edirlər. Yaxından diqqət edərək, bir şeyə əmin oldu: onlar elə tamahkardırlar, pula elə hərisdirlər ki, insanı, hətta xristian qanını, dinə aid olan müqəddəs şeyləri ya kilsə vəzifələrini də alıb-satırlar. Onlar bu şeylərlə daha çox alver edirdilər, bunların dəllalı Parisdəki mahud ya başqa şey-lərin dəllalından çox idi. Simoniyaya, yəni gəlir məqsədi ilə kilsə vəzifələrini açıqca alıb-satmağa onlar himayə etmək deyirdilər, qarınqululuğu qarnı bərkitmə adlandırırdılar, sanki allaha, sözün mənasını demirəm, pozğun adamların niyyəti məlum deyildi, guya allahı da, insanlar kimi, əşyaya verilən ad ilə aldatmaq olardı. Yəhudi mötədil və təvazökar adam olduğundan, bunlar və bir çox başqa şeylər (bu barədə susmaq lazımdır) onun heç xoşuna gəlmədi; gördüyü şeyləri də kifayət hesab edib, Parisə qayıtmaq qərarına gəldi; qayıtdı da.

      Ciannotto yəhudinin qayıtdığını eşidən kimi yanına getdi: onun xristian olacağına indi o daha az inanırdı. Onlar bir-birini sevinclə salamladılar. Yəhudi bir neçə gün dincəldikdən sonra Çiannotto ondan müqəddəs ata, kardinallar və başqa saray adamları haqqında nə fikirdə olduğunu soruşdu. Yəhudi dərhal ona belə cavab verdi: «Pis fikirdəyəm, allah onlara bəla versin! Əgər mənim müşahidələ-rim doğru isə, orada mən heç bir kilsə ruhanisindən nə müqəddəslik, nə möminlik, nə xeyirxahlıq, nə həyat ya da başqa bir iş üçün nümunə ola biləcək şey görmədim; lakin şəhvətpərəstlik, qarınqu-luluq, pulpərəstlik, yalan, paxıllıq, xudpəsəndlik və bu kimi, bundan da pis (əgər bundan da pis şey varsa) şeylər o adamların elə xoşuna gələn şeylərdir ki, Roma mənə allaha aid işlərin başlanğıc yeri deyil, iblisanə əməllərin məskəni kimi göründü. Mənim anladığıma görə, sizin papa, eyni zamanda o biri ruhanilər, hər cür əməlləri ilə, uydur-maları ilə, hiylələri ilə xristianlıq dinini puça çıxartmaq və dünyadan rədd etmək istəyirlər. Əslində onlar bu dinin əsası və istinadgahı olmalıdırlar. Lakin mən görürəm ki, onların can atdığı məsələdən bu şey çıxmır, sizin dininiz getdikcə yayılır, daha çox ehtişam və şöhrət qazanır, mənə aydın olur ki, müqəddəs ruh – bütün dinlərdən daha həqiqi, daha müqəddəs olan bu dinin əsasını və dayağını təşkil edir. Əvvəllər sənin nəsihətlərinə müqavimət göstərib, xristian olmaq istə-mirdim, indi açıq deyirəm: xristianlığı qəbul etmək məsələsində heç bir şey mənə mane ola bilməz. Buna görə də kilsəyə gedək, sizin dininizin qayda-qanununa əsasən məni xaçla». Ciannotto bu işin başqa cür nəticələnəcəyini gözləyirdi, lakin yəhudinin sözlərini eşidib çox razı qaldı; o heç ömründə belə razılıq hissi duymamışdı. Yəhudi isə Notrdam kilsəsinə gedib, orada kilsə xadimlərindən Avraamı xaçlamağı xahiş etdi. Onlar xahişi eşidib, dərhal onu yerinə yetirdilər. Ciannotto onun kirvəsi


Скачать книгу