Hekayələr. Исмаил Шихлы
getdikcə ağır bir kədər qonur. Fikrini dağıtmaq üçün tez-tez həyətdəki bağçaya endi, əsasına söykənə-söykənə dəniz kənarına yollandı, bir küncdə oturub saatlarla ləpələrə tamaşa etdi. Bu da çox sürmədi. Ayaqlarının sızıltısı artdı, yeriməyi çətinləşdi, nəhayət, evdən bayıra çıxmağa ehtiyat etdi…
Evdəki əşyalar: tavana qədər ucalan kitab rəfləri, küncdəki iri yazı stolu, döşəməni başdan-başa bürüyən naxışlı qədim çilçıraq qaranlığa qarışıb əriyirdi. Arabir maşınların işığı pəncərədə parıldayır, gah divarın bir hissəsində, gah tavanda, gah da kitab rəflərində sürünüb ötürdü. Bu işıq zolaqları bəzən qocanın sifətində sarımtıl iz buraxırdı. Onun oturuşundan, alnındakı qırışların sıxlaşmasından, gözlərinin uzaq məsafə və zaman arxasında nə isə axtarırmış kimi sakit və dalğın dayanmasından hiss olunurdu ki, yorulmuşdur, səksən ildən artıq ömür sürən bu ixtiyar alim qəlbən, ruhən sakitlik və dinclik arayır.
Qoca azacıq tərpəndi. Əlini uzadıb yanındakı yemək stolunun üstündən qatıq qabını götürdü. İndi yadına düşdü ki, nahar eləməyib. Əslinə baxsan, son zamanlar qatıqdan başqa, bir şey yemirdi. Həkimlərin məsləhəti belə idi: səhər qatıq, günorta qatıq, yatmazdan əvvəl yenə qatıq.
Kreslonu geri çəkdi. Titrək əllərini stolun üstündə gəzdirdi. Nə isə xışıltı ilə yerə səpələndi. Qoca kreslodan qalxdı. Əlini dizinə söykəyib azacıq əyildi. Gəbənin üstünə dağılmış kağızları yığışdırdı və birdən xatırladı ki, onun əlindəkilər puldur. Qat-qat, qalaq-qalaq pullar yerə səpələnmişdi. Qolları yanına düşdü. Taqətsiz halda kresloya çökdü. Xışmaladığı pulları stolun üstünə atdı. Onun dodaqlarında qürur qarışıq acı və istehzalı bir təbəssüm oynadı. Sifətini təəssüf xatırladan, lakin peşmançılıqdan çox dünyanın qəribə işlərinə meydan oxuyan bir ifadə bürüdü.
Düz bir saat əvvəl, qaranlıq qarışmazdan xeyli qabaq, ona pul gətirmişdilər. Külli miqdarda, gözləmədiyi halda. Ona demişdilər ki, sizin haradasa, haçansa kitabınız çap olunub. Böyük tirajla. Əsərin adını da dedilər, özünü də göstərdilər. Professor kitabı götürüb laqeydcəsinə baxdı. Pullara toxunmadı. O, bu əsəri çoxdan yazmışdı, lap çoxdan. Az qala müəllifliyini belə unutmuşdu.
Yağış yenə çisələyirdi. Təkərlər şırıldayırdı.
Qapı tərəfdəki iki kəfkirli böyük saat danqıldadı. Dalğa-dalğa otağa yayılan bu səs qocanı diksindirdi. O, nə isə xatırlayıb cəld kreslodan durdu. Pəncərəyə yaxınlaşıb ön taxtaya dirsəkləndi. Boynunu irəli uzadıb bağçaya boylandı. Düz bir həftə idi ki, bir cüt gənc, qaranlıq qarışan kimi, qocanın pəncərəsi önündəki bağçaya gələr, divara tərəf çəkilib, ağacların kölgəsindəki balaca skamyada oturar, baş-başa verib gecədən xeyli keçənə qədər astadan pıçıldaşardılar. Qocanın gecə vaxtı alaqaranlıq kölgəliklərə çəkilib qucaqlaşan gənclərdən xoşu gəlməzdi. Onların gah xısıltılı gülüşləri, gah da həyasız səslərini eşidəndə pəncərəni örtüb otağın dərinliklərinə çəkilərdi. Ancaq bu uşaqlardan xoşu gəlirdi. Onlar sakitcə gələr, sakitcə oturar, gecədən xeyli keçəndən sonra sakitcə də durub gedərdilər. Onların ayaqlarının altındakı yarpaqların xışıltısı eşidilməz olduqdan sonra qoca rahatca yerinə uzanardı. Ancaq bu gün narahat idi. Yağışdan, çisəkdən qorxurdu. Aradan 60 il keçməsinə baxmayaraq yağış, çiskin onu yaman qorxudurdu…
O, Kazan Universitetində oxuyurdu. Fəlsəfə ilə maraqlanırdı, hərdənbir şeir də yazırdı. Eşitmişdi ki, qədim yunan yazıçılarından biri öz əsərlərini yazanda ucqar bir mağaraya çəkilərmiş. Roma natiqləri çıxış etməzdən əvvəl dəniz kənarına gələr, bütün gecə səhərə qədər, üzünü sulara tutub öz-özünə danışar, sonsuz dənizi insan dəryası, hirsli ləpələri isə natiqin sehri ilə çalxalanan izdiham sanarmış. Onlara oxşamağa çalışırdı. Dərsdən sonra, ya da imtahanqabağı yoldaşlarından ayrılır, təkliyə, xəlvətə çəkilirdi. Volqanın sahilinə qaçıb, gözdən uzaq bir yer tapırdı. Oxuyurdu, danışırdı, uca bir yerə çıxıb sinəsini qabardır, üzünü axar sulara tutub şeir oxuyur, qədim natiqlərin nitqlərindən latınca parçalar söyləyirdi. O, hamını sehrləmək, boğuq-boğuq fit verən gəmilərin səsini batırmaq, çarxlarını dayandırmaq, göyərtədəki adamların diqqətini cəlb etmək, onlara öz nitqini söyləmək istəyirdi. O istəyirdi ki, hamı – sahildəki izdiham da, çay kənarına görüşə gələnlər də, uzaq səfərə hazırlaşanlar da, sahilə yan alan gəmiləri körpüdə qarşılayanlar da onu dinləsinlər, ona qulaq assınlar. Bəzən göyərtədən sahilə əl edirdilər, şlyapalar havada yellənirdi. Ona elə gəlirdi ki, səsi gəmidəkilərə çatıb, dinləyicilər onu alqışlayırlar. Daha da coşurdu, əl-qol atırdı. Ancaq bir dəfə…
Qız boynunu büküb altdan yuxarı ona baxırdı. Sarı saçını ortadan ayırıb iri hörük hörmüşdü. Əynində uzun boynunu və qollarını örtən, yaxası işləməli gimnaziya paltarı vardı. Müşəmbəli ağ önlüyünün qatı sınmamışdı. Uzunboğaz, dikdaban çəkmələrinin qaytanı çarpazlarda səliqə ilə çarpazlanmışdı. Qız kitablarını sinəsinə sıxmışdı. Oğlan özünü itirdi. Əli havada qaldı, gözü qızda. Bilmədi, sözünü bitirsin, yoxsa yarıda kəssin. Qız gülümsündü. Əlindəki çiçəyi qayanın üstündə heykəl kimi dayanan oğlana atdı. Qaça-qaça uzaqlaşdı. Haradasa, qayanın o tərəfində qızlar gülüşdü…
Bir həftə görünmədi. Utandığından o tərəflərə hərlənmədi. Ancaq yarı canı Volqanın sahilində qaldı. Gecələr gözünə yuxu getmədi. Yataqxana yoldaşları sakitləşəndən sonra yerində çöyrükdü, gözünü tavana zillədi, pəncərədən boylandı. Hara baxdısa, sarışın qız gözünün önündə dayandı, boynunu əyib altdan yuxarı ona baxdı, gülümsündü, əlindəki çiçəyi yuxarı, qayanın üstünə atdı. Görəsən, doğrudanmı qızın onun şeir oxumasından xoşu gəlmişdi? Yoxsa öz gözəl nitqi ilə dünyanı əsir etmək istəyən gənci elə ilk addımdan adi bir qız ələ salırdı? Bəlkə, bu bir həqiqət idi? Bəlkə, qız, doğrudan da, onun nitqinə aşiq olmuşdu? Bəlkə, bunların hamısı boş xəyal, qəlbində yeni hisslər yaranan bir gəncin təxəyyülündə baş qaldıran arzular, istəklər uydurması idi? Bəlkə, bəlkə…
O dözmədi. Cəsarətini topladı, hürkə-hürkə, ehtiyatla, ətrafına boylana-boylana sahilə getdi. Dikdirə çıxanda gözlərinə inanmadı. Qız dizlərini qucaqlayıb oturmuşdu. Baxışlarını axar sulara zilləmişdi.
Heç nə soruşmadılar. Qız onun qızarmış qulaqlarına baxdı, o da qızın bədənini kip tutan donunun titrəyən sinəsinə. Gülümsədilər. Köhnə tanışlar kimi əl verdilər. Adlarını dedilər:
– Ləbibə.
– Daniyal.
Əl-ələ tutub üzüaşağı, sahilə qədər qaçdılar. Oğlana elə gəldi ki, bu saat hər yeri ayaqyalın keçə bilər, qızı qolları üstünə alıb, geniş Volqanın ləpələri ilə addımlayar, istəsə, lap səmada qapaqlanmış ağ bulud laylarının qoynuna qalxıb sonsuzluqlara qədər baş alıb gedər. O istəyirdi ki, çayyuxarı üzən gəmilər dayansın, lap sahilə yan alıb onların önündə dursun, onları göyərtəyə, sonra da bərli-bəzəkli kayuta dəvət etsinlər. Birlikdə aylarla Volqaboyu yol getsinlər, gecələr göyərtənin arxa tərəfində məhəccərə söykənib qoşa dayansınlar, pərlərin köpükləndirdiyi