Su üzərində bahar. Rəfail Alı oğlu Tağızadə

Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə


Скачать книгу
sönür gözümdə.

      Necə qıydın, İlahi,

      necə qıydın gözələ?

      Bilirsən necə qorxur?

      Dözə bilmir bu «dərdə».

      Qorxur gözəllik bitə,

      düşüb gözündən itə.

      Güzgü əlində sınar,

      hər kəs gözəli qınar.

      Mənim gözlərimdəki

      gözəllik itən deyil,

      qurtaran, bitən deyil.

      Bir onu bilirəm ki,

      itməz onda gözəllik.

      Yaş üstünə yaş gələr,

      bitməz onda gözəllik.

      İçindəki gözəllik,

      bir az da üzə çıxar.

      Üzü, gözü nurlanar,

      daha da gözəl olar.

      Gözlərim alovlanar,

      baxışım sığallanar…

      O, mənimtək düşünmür,

      düşünmür eyyy, İlahi!

      Qadınlar ayrı cürdü…

      Qadın incidi, dürdü…

      Görəsən mənim qədər

      dərdini çəkən varmı

      yerdəki mələklərin?

04.05.2016

      Günah

      Üzəcək tərəddüd, üzəcək səni,

      o kövrək ürəyin tab etməz buna.

      O hisslər, duyğular bir etirafdı,

      üzünü min kərə çəksən də yana.

      Sənin etdiklərin günahdı, günah.

      Sənin etdiklərin özünə qəsdi.

      Çırpınıb üstümə yüyürən ürək

      sinəndə car çəkir: «dözdüyüm bəsdi».

      Sən niyə qənimsən özün-özünə.

      Fikirlər hissini boğur hər gecə.

      Hey dolub-boşalan, dəyişən halın

      o kövrək qəlbini yaşatsın necə?

      Hər gülü anlayan, çiçəyi duyan

      özünü duymurmu? İnanmaq çətin.

      Əlimdə gizlənən titrək əllərin

      söyləyir: «yanmaq da, danmaq da çətin».

19.04.2014

      Yuxusuz gecələr

      Daha gecələrin yuxusu qaçıb.

      Daha yuxular da şipşirin gəlmir.

      Gecənin halını kim qaçırıb, kim?

      Bu halsız gecələr özünə gəlmir.

      Dəniz qaranlığı alıb qoynuna,

      sahilin dərdini ləpələr çəkir.

      Bulud arxasında gizlənib ay da,

      gündüzün dərdini gecələr çəkir.

      Bu gecə meh də yox, yatan ağacda

      yarpaqlar boynunu budağa dikib.

      Girmişəm gecənin dərə bətninə,

      görürəm bir qızın yuxusu itib.

28.01.2016

      Sevgİnİn səsİ

      Hamıdan sakitdim, saf bir oğlandım.

      Başımı aşağı salıb gəzərdim.

      Günəşin altında qaralanacan,

      günü saatlara düzüb bəzərdim.

      Məni aya bölüb böyüdən ilin,

      oxşar günlərində heç darıxmadım.

      Düşüncəm yerində, ağlım yerində,

      sözümdə bir kərə heç karıxmadım.

      Sevincli gündüzün, xoş axşamların

      günəşi nə gözəl, ayı nə gözəl.

      Qayğıdan çox uzaq uşaq çağların

      yağışı, payızı, yayı nə gözəl.

      Elə ki sən gəldin… hər şey dəyişdi.

      Dəyişdi zaman da, dəyişdi an da.

      Allanan yanaqla, gülən ürəklə

      mənə göz vururdu təzə güman da.

      Məhvəri dəyişdi sakit ömrümün,

      sükutlu həyatım içdən qaynadı.

      Baxdım üz-gözünə, matım qurudu:

      İlahi, bu necə gözəl aynadı.

      Könül aynasında mən sən olmuşam.

      Dəyişib əhvalım, dəyişib halım.

      Qayıdım özümə, ya səndə qalım?

      Qorxuram olanı əlimdən salım…

      Qalmışam bu iki yol arasında.

      İçimdən içimə səs pıçıldayır:

      «Dözməz bu halına…, dözməz ürəyin.

      Qaytar məni geri, qadanı alım».

05.08.2017

      Sevdİm

      Mən onda

      ayrı bir sevgi gördüm.

      Hislərin, duyğuların

      zirvəsini gördüm.

      Gördükcə, içimə

      pillə-pillə hördüm.

      Ayrı bir mərhəmət,

      şəfqət gördüm.

      İlahi bir gözəllik gördüm

      sözündə, düşüncəsində.

      Hər şeydə bir əzəmət gördüm.

      Mən onu görmədən sevdim.

      Darıxdım-darıxdım görüşünə,

      darıxdım addım-addım gəlişinə,

      gülüşünə.

      Mən o adamın

      əllərini görmədən əllərini sevdim,

      gözlərini görmədən gözlərini sevdim,

      baxışlarını sevdim,

      səsini eşitmədən səsini sevdim,

      üzünü görmədən üzünü sevdim,

      mən onun özünü sevdim.

      Azadlığını sevdim,

      varlığını sevdim.

      Mən onun insanlığını sevdim.

      İnsanı sevdim,

      insanı.

14.02.2018

      Mənİ yuxudan oyat

      Bir göyərçin


Скачать книгу