Quran hekayətləri. Sədrəddin Bəlaği
– sizi və məni, bütün varlıqları yaradan, haqq yola çağıran bir Allahdır".
Hud işini davam etdirir, camaat da inadkarlığını artırırdı. Bir gün gördülər ki, göyün bir tərəfində qara bulud var. Camaat elə bildi ki, xeyirli yağış yağacaq, ona görə də öz əkinlərini suvarmaq fikrinə düşdü. Lakin Hud dedi: "Bu bulud bərəkət yağışı deyil, əksinə, əzab küləyi onu sizə tərəf qovur. Bu külək, gəlişi üçün tələsdiyiniz həmin o əzabdır. Bu adi külək deyil, özü ilə sizə dəhşətli əzab gətirən küləkdir".
Çox keçmədi ki, külək şiddətləndi və ev əşyalarını, əkin alətlərini, səhradakı heyvanları göyə qaldırıb uzaq-uzaq yerlərə apardı. Onlar bu dəhşətli mənzərəni görüb qorxuya düşdülər və vahimədən evlərinə qaçdılar. Qapını üzlərinə bərk-bərk bağlayıb güman etdilər ki, bu yolla küləyin əlindən, əzabın pəncəsindən qurtulacaqlar. Lakin bu qorxunc və dəhşətli bəla idi. Külək səhranın qumlarını şiddətlə göyə sovurmaqda idi. Səkkiz gün, səkkiz gecə davam edən qasırğa camaatın hamısını ağac kökləri kimi yerdən qoparıb həlak etdi. Tayfanın adından başqa bir əsər-əlamət qalmadı.
Hud ona inananları, məsləkdaşlarını öz ətrafına topladı. Onlar bu qorxunc tufandan salamat çıxdılar və qasırğa yatdıqdan sonra Həzrəmaut tərəfə yola düşüb orada ömür sürdülər.
SALEH8
Ad qəbiləsi öz günahları üzündən həlak oldu. Allah-Taala onların torpağını və evlərini Səmud qəbiləsinə bəxş etdi.
Səmud qəbiləsi o torpaqlara su çəkib, bağ-bağat əkib oranı abad etdi. Orada saraylar ucaltdılar, dağı yonub yerində ev tikdilər. Qəbilənin həyatı naz-nemət və var-dövlət içində keçirdi. Ancaq belə xoş həyat onlar üçün Tanrıya şükür etmək əvəzinə, gündən-günə cızıqlarından çıxır, lovğalanırdılar. Qəbilə, bütləri Allahın şəriki sayır və Tanrı əvəzinə onlara tapınırdı. Onlar İlahi qanunlarından üz döndərir, bu cür pozğun əxlaqla, törətdikləri fitnə-fəsadla əbədi olaraq naz-nemət içində yaşayacaqlarını güman edirdilər.
Tanrı, camaatı İlahi ibadətinə və Allahın birliyinə inandırmaq üçün adlı-sanlı nəsildən çıxmış Salehi o qəbiləyə göndərdi. Saleh onlara dedi: "Allah birdir. O, sizi torpaqdan yaratmışdır. Allah-Taala torpağı öz gücü ilə abad etmiş, sizi Ad qəbiləsinin yerində oturtmuşdur. Bu qədər neməti də sizə O bəxş etmişdir". Saleh camaata bütlərə tapınmağı qadağan edərək dedi: "Bu bütlər heç bir xeyir, zərər yetirməyə qadir deyillər və İlahi iradəsi qarşısında heç nə edə bilməzlər".
Saleh qəbilə ilə qohumluğunu bildirərək dedi: "Sizin hamınız mənim nəslimdənsiniz. Ona görə də mən sizin xeyrinizi istəyirəm və sizin barənizdə pis bir niyyətim yoxdur". Sonra o, qəbiləni Allahdan üzr diləməyə, günahlarına görə onun qarşısında tövbə etməyə çağırdı. Saleh dedi ki, Allah tövbə edənlərə yaxındır və onların dualarını, tövbələrini qəbul edir.
Saleh mehribanlıq və xoşluqla qəbiləsini Allaha inanmağa çağırırdı. Lakin Səmud qəbiləsi dikbaşlıq və yersiz məğrurluq edərək onun nəsihətini eşitmədi, Salehin peyğəmbərliyini də qəbul etmədi. Onlar Salehin çağırışını ələ salaraq dedilər: "Bu dəvət həqiqətdən uzaqdır və düzgün deyil". Sonra isə onu danlamağa başlayaraq çağırışının ağlasığmaz və boş şey olduğunu bildirib dedilər: "Bu günə kimi sənin sifətində xeyir-bərəkət əlaməti var idi. Biz sənə ümid gözü ilə baxaraq güman edirdik ki, qaranlıq gecələrimizdə bir çətinlik üz versə, ağlının nurundan işıq dilərik və neçə-neçə açılmamış düyünümüzü sənin köməyinlə açarıq. Lakin əfsus ki, arzularımız gül açmadı. Sən düzgün yol seçməyib sayıqlamağa başladın. Bu nə etiqaddır ki, bizi ona çağırırsan? Ata-babalarımızın allahlarına tapınmağı bizə qadağan edirsən. Axı biz onlara inamla böyümüşük! Biz sənin çağırışına, sözlərinin düzgünlüyünə inanmırıq və böyüklərimizin yolundan dönməyəcəyik".
Saleh ona peyğəmbərlik verildiyini bildirərək camaata Tanrı nemətlərini xatırlayıb onları İlahi qəzəbi və intiqamı ilə qorxutdu.
O, camaatın bütün şübhələrini dağıtmaq üçün dedi: "Mən bu çağırışımdan bir xeyir güdmürəm və heç bir vəzifədə gözüm yoxdur. Peyğəmbərliyimi də heç bir muzd xatirinə yerinə yetirmirəm, muzdumu bütün yer üzünün Allahından alıram". Qəbilədən bir neçə ağıllı adam ona qoşulub dəvətini qəbul etdi. Lakin başqa qəbilə başçıları öz inadlarından dönməyib israrla dedilər: "Ey Saleh, sən fikrinin tarazlığını, ağlının nizamını itirmisən. Şübhəsiz ki, ya pis ruhlar sənə üstün gəlib, ya da bir sehrə düşmüsən ki, belə düşünülməmiş sözlər deyirsən. Sən özün də bizim kimi bir adamsan. Nə dədən-baban bizdən artıqdır, nə də ləyaqətin bizdən üstündür. Bizim aramızda elələri vardır ki, peyğəmbərliyə səndən daha layiqdir. Səni bu yola gətirən yalnız şöhrətpərəstliyin və vəzifəpərəstliyindir". Onlar bu məntiqsiz sözlərilə Salehi öz dinindən və dəvətindən döndərmək istəyirdilər. Axırda camaat Salehə qoşulanlara dedi: "Əgər Salehin ardınca getsəniz, düz yoldan çıxacaqsınız".
Saleh onların böhtanlarına, cəfəng sözlərinə əhəmiyyət verməyib dedi: "Ay camaat, axı mənim Allah tərəfindən verilmiş açıq-aşkar dəlillərim var. Əgər öz Tanrıma qarşı çıxaraq sizin etiqadınıza qoşulsam, onda məni kim əzabdan qurtarar?"
Zalımlar və dikbaşlar Salehin öz inam və etiqadına belə möhkəm və dönməz olduğunu görüb qorxdular ki, qəbilə üzvlərinin çoxu onlardan üz döndərib Salehə qoşular və onların xoşbəxt dövranları gedər, bəxt ulduzları sönər. Odur ki, fikirləşib Salehin zəifliyini sübut etmək istədilər. Bunun üçün Salehdən sözlərinin düzgünlüyünə sübut olaraq bir möcüzə göstərməsini tələb etdilər.
Salehin bir dəvəsi var idi O dedi: "Mənim mübahisəmin gerçəkliyinə sübut bu dəvədir. O bir gün su içir, ikinci günsə suvata getmir. İnanmırsınızsa, onu öz başına buraxın və dediklərimə şahid olun".
Saleh bu sözləri deyəndə onu da nəzərə alırdı ki, düşmənləri onun sübutunun aşkar olunmasından nəinki peşman olub qorxacaqlar, əksinə, bu dəlillərdən sonra kin və ədavətlərini daha da artıracaqlar. Ona görə də qorxdu ki, düşmənləri birdən onun dəvəsini öldürmək fikrinə düşərlər. Saleh onları bu niyyətdən çəkindirmək üçün dedi: "Olmaya-olmaya o dəvəyə əl vurasınız. Əgər belə bir iş tutsanız, tezliklə sizə böyük bir əzab yetər".
Salehin dəvəsi bir müddət otlaqda otlayır, bir gün suvata gedir, o biri gününü isə başqa dəvələrlə birgə keçirdirdi. Dəvənin bu qəribə adətini biləndən sonra qəbilə üzvlərinin çoxunun Salehə diqqəti artdı. Onlar Salehin peyğəmbərliyinin gerçəkliyinə və çağırışlarının həqiqiliyinə inandılar. Bu hadisə qəbilə başçılarını və dikbaşları dəhşətə saldı. Onlar öz vəzifələrinin və var-dövlətlərinin əllərindən çıxacaqlarından təşvişə düşdülər. Ona görə də ürəyinin dərinliyinə iman nuru hopmuş kasıblara – Salehə inanmış qəbilə üzvlərinə dedilər: "Siz Doğrudanmı Salehi Tanrı tərəfindən göndərilmiş peyğəmbər sanırsınız?" Dedilər: "Bəli, biz onun peyğəmbərliyinə
8
Qurani-Kərim, Hud surəsi, 62-69-cu ayələr.